Afad Qurbanovun Həyat Yolu

Adı sonralar sənədlərdə Afad kimi yazılacaq Alıfuad Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Qərbi Azərbaycanın Kalinino rayonunun əvvəllər Cuci, sonralar isə Qızıl Şəfəq adlanan kəndində yüksək rütbəli hərbçi ailəsində anadan olmuşdur. Cucikənd kəndindən dünyaya boylanan uşaq, sonra Azərbaycan adlı böyük bir məmləkətin, daha sonra isə türk dünyasının görkəmli aliminə çevriləcəkdir.

 

Afad Qurbanova Alıfuad adını babası Alı kişi vermiş, bu adla yaxın dostu və silahdaşı Fuadla aralarında olan dostluğu rəmziləşdirmişdi. Sonralar Alıfuad adı tələffüzdə və çağırışda Afad şəklinə düşərək rəsmiləşmiş və gələcəyin böyük elm xadimi dünyaya Afad Qurbanov kimi tanınmışdır.

 

Atası Məhəmməd Qurbanov 1937-ci il repressiyasının qurbanı olmuş, anası Aişəbalı isə elə həmin il həyat yoldaşının müsibətinə və ayrılığına dözmədən dünyasını dəyişmişdir. Beləliklə, Afad Qurbanov lap kiçik yaşlarından böyük məhrumiyyət və faciələrlə qarşılaşmış, 8 yaşında ikən valideynlərini itirmiş və həyatın keşməkeşli yollarını təkbaşına aşmaq məcburiyyəti ilə üzləşmişdir.

Daha ətraflı...

Ön söz

Dünyada ən uzun insan ömrü özündən sonra silinməz izlər qoyan, xatirələrdə yaşayan dahi şəxsiyyətlərə məxsusdur. Belə insanlar dünyalarını dəyişəndən sonra da özlərini nəsillərin yaddaşında yaşadır, zaman-zaman nəcib əməlləri, yüksək məziyyətləri ilə çoxlarının idealına çevrilirlər.


Xatirələrdə silinməz izi qalan görkəmli dilçi-alim, məşhur türkoloq, altayşünas, ana dilimizin keşikçisi, həqiqi və layiqli vətəndaş, mübariz ictimai xadim Afad Məhəmməd oğlu Qurbanov da belə dahi şəxsiyyətlərdən idi.


Milli və beynəlxalq akademiyaların akademiki, dünyanın bir çox linqvistik və onomastik elmi təşkilatlarının həqiqi və ya fəxri üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov uzun illər boyu bütün qüvvə və bacarığını dilimizin hərtərəfli tədqiqinə və təbliğinə, yüksək ixtisaslı elmi-pedaqoji kadrların, alimlərin yetişdirilməsi işinə həsr etmişdir. Onun ömür mənzərəsinə diqqət yetirəndə gözlərimiz önündə istedadlı bir linqvist-alim, fədakar müəllim, sözün əsl mənasında çox müdrik bir insan canlanır. O, orta məktəb müəllimliyindən respublika Elmlər Akademiyasının üzvlüyünədək şərəfli bir həyat yolu keçmiş, gələcək nəsillərə nümunə ola biləcək dəyərli və mənalı bir ömür yaşamışdır.


Güclü intellekt sahibi, istedadlı elm fədaisi A.Qurbanovda elmi təfəkkürlə ən təbii insani duyğuların heyranedici sintezi vardır. Səmimiyyət, təbiilik, qayğıkeşlik, mərdlik, tələbkarlıq, prinsipiallıq onun təbiətinin ayrılmaz əlamətlərindəndir. A.Qurbanov öz alim fərdiyyətini təsdiq edə bilən, özünü yaxşı mənada başqalarından fərqləndirə bilən alim idi. Həmişə hərəkətdə, axtarışda, fəal təfəkkür və elmi düşüncələr aləmində olan A.Qurbanov ömrünün sonunadək alim həyatının və elmi fəaliyyətinin zirvələrində idi.


Dilçiliyin bir sıra sahələrinin əsasını qoyan, filoloji məktəb yaratmış Afad Qurbanov çox zəngin və məhsuldar bir yaradıcılığa malik idi. Onun elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəli olmuşdur. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, alim onu araşdırmasın və öz münasibətini bildirməsin. Onun çoxsaylı əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin, sərrast elmi təfəkküründən xəbər verir. Onun ümumi, türkoloji və Azərbaycan dilçiliyinin tədqiqatlarına dair 70-dən çox kitabı, dərsliyi, monoqrafiyası, 500-dən artıq elmi-metodik məqaləsi nəşr edilmişdir. Bu əsərlərin bir qismi müxtəlif mükafatlara layiq görülmüş, bir qismi isə xarici ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və başqa dövlətlərdə dərc edilmişdir. Alimin ikicildlik «Ümumi dilçilik», «Müasir Azərbaycan ədəbi dili», «Azərbaycan dilinin onomalogiyası» və s. kitabları dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Afad Qurbanov yazdığı əsərlərə görə dövlət tərəfindən təltif edilmiş az sayda dilçi alimlərimizdən biridir. O, «Azərbaycan dilinin onomalogiyası» monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdür.


Ölkəmizdə əlifba islahatının aparılmasında da A.Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və yeni latın qrafikalı əlifbamızın müəllifi kimi böyük xidmətləri olmuşdur.


A.Qurbanov istedadlı alim və peşəkar müəllim olmaqla yanaşı, həm də fəal təşkilatçı və ictimai xadim idi. O, müxtəlif vəzifələrdə işlədiyi dövrdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmiş, 1990-1995-ci illərdə isə Azərbaycan parlamentinin deputatı kimi fəaliyyəti xalq və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.


Tanıyanların xatirində Afad müəllim əsl ağsaqqal, təmkinli, mədəni və ziyalı bir şəxs kimi qalmaqdadır. O, hamımız üçün, gələcək nəsillər üçün bir şəxsiyyət mücəssəməsinə çevrilmişdir.


Afad Qurbanovun Azərbaycan dilçilik elminin inkişafı üçün çəkdiyi zəhmət, onun yazdığı sanballı əsərlər, əsasını qoyduğu «Azərbaycan onomalogiyası» elmi məktəbi, hazırladığı yeni latın qrafikalı əlifba, yetişdirdiyi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar xalqa təmənnasız xidmətin, yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir və o, Azərbaycan dilçilik elmi salnaməsində ən şərəfli yerlərdən birini tutur.