Professor Buludxan Xəlilov

Buludxan XƏLİLOV,

ADPU-nun Filologiya fakültəsinin dekanı,

filologiya elmləri doktoru, professor

 


ELM ADAMLARI ÖLMÜR

 

Mən Afad Qurbanovu ilk dəfə rektor kimi tanımışam. Yadımdadır ki, biz APİ-yə qəbul olunanda o, rektor vəzifəsində çalışırdı. O vaxtlar qəbul imtahanları çox qaynar bir şəraitdə gedirdi. Həyətdə qoyulmuş televizorlar ayrı-ayrı auditoriyalarda imtahanın gedişini göstərirdi. Valideynləri də, abituriyentləri də imtahanın bu cür gedişi təmin edirdi. İmtahanların bu cür gedişi prosesində ciddi səliqə-sahman, nizam-intizam vardı.


İllər ötdü, əlaçı olduğum üçün onun rektor kimi fəaliyyəti dövründə adlı təqaüdə layiq görüldüm. Sonralar onun sədrlik etdiyi Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə etdim. Tələbəlik dövründə də, namizədlik dissertasiyasını müdafiə edəndə də nə o məni, nə də mən onu tanımışam. Ancaq doktorluq dissertasiyamı müdafiə edəndə Afad Qurbanovla tanışlığım vardı. O məni artıq tanıyırdı, dəfələrlə elmi söhbətlər edir, həyati məsələlər barəsində fikirlərini söyləyir, məsləhətlər verirdi. Mən isə hər dəfə ona hörmət və ehtiramla yanaşırdım. Hətta doktorluq dissertasiyamı müdafiə edən zaman bəzi qərəzli mövqe tutan alimlərə öz sözünü cəsarətlə dedi, həqiqətin, elmin tərəfində dayandı. Bu xeyirxahlığı heç vaxt unutmayacağam. Və bunu unutmaq da olmaz.


İş elə gətirdi ki, rəhbərlik etdiyim «Dədə Qorqud elmi-tədqiqat laboratoriyası»nın bölmələrindən birinin (Onomastika, etimologiya, dialektologiya bölməsi) müdiri Afad Qurbanov oldu. Bizim münasibətlərimiz, əlaqələrimiz daha da dərinləşdi. Etik normalara riayət etməyim münasibətlərimizi daha da doğmalaşdırdı.


Mən hiss edirdim ki, Afad müəllimin daha çox səmimiyyətə, diqqətə ehtiyacı var. Başqa ehtiyaclarının hamısını Afad müəllim əldə etmiş, öz zəhməti ilə qazanmışdı. Və bunları qazanmaq o qədər də asan olmamış, rahat başa gəlməmişdi. Açığını deyim ki, Afad müəllim Azərbaycan dilçiliyi tarixində zirvə fəth etmiş dilçilərdən biri kimi hamı tərəfindən qəbul olunurdu.


O, onomastika sahəsində məktəb yaratmış görkəmli dilçimizdir. Bu sahənin bütün incəliklərinə qədər tədqiq olunmasında onun xidmətləri əvəzsizdir. Keçmiş SSRİ-nin müxtəlif ərazilərində bu sahənin tədqiqi daha tez başlamışdı, nəinki Azərbaycanda. Buna baxmayaraq, Afad müəllim bu sahəyə diqqəti o qədər artırdı ki, onomastika sahəsində nailiyyətlər, uğurlar başqa yerlərdəki tədqiqatları üstələdi. Afad müəllim aspirantlarını, dissertantlarını bu sahəni tədqiq etməyə yönəltdi. Demək olar ki, ayrı-ayrı rayonlarımızın, bölgələrimizin onomastikası ilə bağlı dissertasiyalar yazıldı və müdafiə olundu.


Onomastikaya həsr olunmuş onlarla konfrans keçirildi. Bu konfransların bir çoxu təkcə Azərbaycan alimləri ilə məhdudlaşmadı, keçmiş SSRİ-nin onomoloqlarını da əhatə etdi. Hal-hazırda Azərbaycanda onomastika ilə məşğul olan alimlər kifayət qədərdir. Bu sahəyə maraq o qədər artdı ki, dilçiliyin başqa sahələri ilə məşğul olan alimlərimiz də onomastik tədqiqatlara xüsusi diqqət yetirirdilər. Əlbəttə, Afad müəllimin şəxsi təşəbbüsü və səyi nəticəsində bütün bu işlər həyata keçdi.


Ən nəhayət, mən Afad müəllimi dekan kimi fəaliyyətimdə daha yaxşı tanıdım. Onun çoxlarının duymadığı və bilmədiyi keyfiyyətlərini hiss etdim. Gördüm ki, Afad müəllim təhsili, tədrisi əla bilir və təhsildə, tədrisdə milli maraqları hər şeydən üstün tutur.


Afad müəllim uzun müddət dekan və rektor işlədiyi üçün adamları çox yaxşı tanıyırdı. İnsanlar barədə söylədiyi fikirlər təcrübəyə əsaslanırdı.


Afad müəllimin elmi nüfuzu respublikadan kənarda da həmişə hiss olunmuşdur. Onu keçmiş SSRİ-nin dilçi türkoloqları çox yaxşı tanıyırdı. Bu mənada bir hadisəni xatırlamaq yerinə düşər. 2006-cı ildə Türkiyənin Ankara şəhərində Orxon-Yenisey yazılı abidələrinə həsr olunmuş konfrans keçirilirdi. Mən də bu konfransın iştirakçısı və məruzəçilərindən biri idim. Bu konfransda Sankt-Peterburq dilçilik məktəbinin görkəmli nümayəndəsi İqor Kormuşin də iştirak edirdi. O mənim Azərbaycandan olduğumu bildikdə üç dilçi alimi – Afad Qurbanovu, Tofiq Hacıyevi və Ağamusa Axundovu soruşdu, hər üçünə salam göndərdi. Söhbətlərindən hiss etdim ki, o, Afad müəllimə və onun elmi fəaliyyətinə xüsusi hörmətlə yanaşır.


Afad müəllim dünyasını dəyişməmişdən bir gün qabaq düz saat yarım mənimlə dekanlıqda söhbət etdi. Onun söhbətlərindəki məqamların hər biri indi mənim üçün maraqlıdır, ona görə ki, o, çox şeyi təhlil etdi və yaxşı təhlil etdi...


Afad müəllimin vəfatı Azərbaycan dilçiliyi üçün, kollektivimiz üçün, onun tələbələri və yetirmələri üçün, elmi-miz üçün böyük itkidir. Təsəlli yerimiz ondan ibarətdir ki, o, böyük bir elmi irs qoyub, çoxlu sayda yetirməsi var. Bizim hər birimizin borcu ondan ibarətdir ki, Afad Qurbanov kimi ləyaqətlə vətənimizə, xalqımıza xidmət göstərək, elmimizin inkişafı üçün əlimizdən gələni əsirgəməyək.