Professor Şamil Vəliyev

Şamil VƏLİYEV,

Bakı Dövlət Universiteti

Jurnalistika fakültəsinin kafedra müdiri,

filologiya elmləri doktoru, professor

 


YOLGÖSTƏRƏN

 

Afad müəllimin dünyasını dəyişməsi xəbəri Azərbaycan elmi ictimaiyyəti, pedaqoji aləmi üçün çox ağır və üzücü bir hal yaşatdı. Bizim üçün, yəni çoxsaylı tələbələri üçün bu xəbər ata qayğıkeşliyini əsirgəməyən müəllimin, görkəmli alimin, elm xadimi və təhsil təşkilatçısının itkisi oldu…


Afad müəllimlə tanışlığım 1977-ci ilin sentyabrında oldu. İlk dərs günlərindən birində Afad müəllim auditoriyamıza gələrək fakültənin digər rəhbərləri və tələbə təşkilatının üzvlərini bizə təqdim etdi. Sonra qruplar üzrə ictimai aktivləri seçməyə başladılar. İlk sualı belə oldu: «Kim orta məktəbdə komsomol təşkilatının katibi olub?» Yalnız mən əl qaldırdım. Üç qrupun birləşdiyi 75 nəfərlik tələbə heyətini təbəssümlə seyr etdikdən sonra yanındakına «Bu oğlanın adını qeyd edin» deyərək məni 131-ci qrupa nümayəndə seçdiyini bildirdi. Sonralar fakültə tələbə həmkarlar təşkilatının sədri olmağıma da qərar verdi. Bütün tələbəlik həyatım və elmi araşdırmalarımla maraqlandı. O bizlərə yalnız müəllim deyil, həm də valideyn, qohum, tanış, dost, sirdaş, böyük qardaş kimi yanaşır, qayğılarımızı özünün problemi kimi yaşayırdı. Dəfələrlə tələbə yataqxanalarında keçirdiyi görüşlərdə bunu müşahidə edir, onunla qürur duyduğumuzu gizlətmirdik…


Tələbəlik dövrünün xatirələri çoxdur, hər kəs üçün əziz və unudulmazdır. Afad müəllim də həmin illərin Ə.Dəmirçizadə, böyük satirik şairimiz M.Ə.Sabirin oğlu M.Tahirli, İ.Şıxlı, professorlar M.Məmmədov, X.Məmmədov kimi tanınmış pedaqoq-alimləri ilə birgə indi yaddaşımızı işıqlandıran xatirələr dünyasının adamıdır. Mən onların və adını çəkmədiyim onlarla digər müəllimimin əməyi sayəsində, qayğısının istiliyi ilə böyüdüm, fakültəni fərqlənmə diplomu ilə bitirdim, həyatımı ədəbiyyatşünas kimi yaşamağa qərar verdim…


Qoca tarix çoxlarını qarşılayıb və yola salıb. Lakin elə şəxsiyyətlər və müdriklər var ki, onlar bu dünyanın bir anında əbədi yaşamaq haqqını görüb, özünün adını milləti və vətənin yaddaşına həkk ediblər. Həmin şəxsiyyətlər saat əqrəbləri ilə ölçülən zamanın xronologiyası ilə deyil, hər gün Şərqdən çıxan və Qərbdə batan günəşin ölçüləri ilə yaşayıblar. Məncə, görkəmli Azərbaycan alimi A.Qurbanov da həmin şəxsiyyətlər silsiləsində əzəmətli yer tutur.


İlk tanışlıqdan onun heyranı oldum. Vüqarlı duruşu, sadə, aydın və sərrast nitqi ilə istənilən kəsdə böyük rəğbət yaradırdı. Həmin ildən başlayan xatirələr bolluğunda indi daha çox nəyisə yada salmaq, ondan keçmiş zamanda danışmaq çox ağır və kədərlidir. Çünki onunla bir də görüşməyəcəyimi düşünəndə kimsəsizlik hissi güc gəlir. Afad müəllim bizə yalnız elmin sirlərini deyil, həm də ictimai davranış normalarını öyrədir, səliqəli geyinməkdən tutmuş gündəlik yeməyimizlə belə maraqlanırdı. Tələbə həyatı üçün bundan zəruri nə ola bilərdi ki?! O bizə fərd olmaqdan şəxsiyyət səviyyəsinə yüksəlməyin yollarını göstərir, həmin nümunəni yaşayırdı. Bəlkə elə buna görədir ki, o indi onlarla yetirməsinin yaddaşında öz nurlu siması ilə şirin xatirələr oyadır. Afad müəllim bundan sonra da var olacaq. Əsərləri, əməlləri ilə, övladları, ideyaları, tələbələri ilə var olacaq. Onun adı təkcə Azərbaycanda deyil, türkdilli respublikalarda, dilçilik aləmində hörmətlə yad ediləcək, dönə-dönə əsərlərinə istinadlar olacaq. Lakin heç kəs onun yerini verməyəcək. Darıxanda, kimsəsizlik hiss edəndə, problemlə üzləşəndə, çətinliyə düşəndə mənəvi cəhətdən dayaq bildiyimiz və ərklə üz tutduğumuz Afad müəllimin Azərbaycan dilçiliyində yerini heç kəsin tuta bilməyəcəyini onu tanıyanlar yaxşı bilir. Yaxşı bilir ki, o, yalnız tələbələrinin deyil, həm də cəmiyyətimizin yolgöstərəni idi…