Professor Yusif Seyidov

Yusif SEYİDOV,

Bakı Dövlət Universitetinin

Azərbaycan dilçiliyi kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

 


ƏSL DİLÇİ ALİM

 

Mən 1970-ci illərin əvvəllərinə qədər Afad müəllimi qiyabi tanıyırdım. Yazılarını oxumuşdum. Haqqında eşitmişdim. Bilirdim ki, Azərbaycan Pedaqoji İnstitutunda belə bir müəllim, belə bir alim var. 1968-ci ildə Afad müəllimlə şəxsən tanış oldum. Bakı Dövlət Universitetindən tanıdığım, o vaxtlar isə APİ-də işləyən Sabir adlı bir müəllim mənə dedi ki, Afad müəllim filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün yazdığı dissertasiyanı bitirib, müdafiəyə hazırlaşır və istəyir ki, mən onun rəsmi opponenti olum. Razılaşdım. Müdafiə zamanı gəldi. Müdafiə Azərbaycan Elmlər Akademiyasının o zamankı Kommunist (indiki İstiqlaliyyət) küçəsindəki qədim binanın böyük zalında keçiri-lirdi. Yadımda qalan budur ki, rəsmi opponentlər filologiya elmləri doktorları professor M.Şirəliyev və professor Ə.Dəmirçizadə, bir də mən idim. Çıxış edənlər də oldu. Yadımdadır ki, professor Feyzulla Qasımzadə də çıxış edərək müsbət rəyini bildirdi. Bir iradımla əlaqədar yadımda qalan bir deyimi xatırlayıram. Dissertasiyada ərəb yazısına (əski Azərbaycan yazısına) mənfi münasibət bəslənirdi, o yazı tipi pislənirdi. Mən buna etiraz edirdim. Deyirdim ki, bu yazı növünün Azərbaycan dilinin fonetik sisteminə uyğun gəlməməsi onun mütləq mənada kəsirli əlifba olmasına dəlalət etmir. Bu yazının mütləq mənada müsbət cəhətlərini sadaladım. Müdafiə bitəndə Pedaqoji İnstitutun bir qocaman fəlsəfə müəllimi (adı Həmid Əfəndiyev idi) ucadan dedi: «Bu cavan oğlan qoymaz ki, elmimizdə yanlışlıq olsun».


Afad müəllim uğurla müdafiə etdi, elə o vaxtdan onunla dostluğumuz başlandı və son ana qədər davam etdi. Şəxsi tanışlıqdan dostluğa çevrilən və təxminən 30 il davam edən təmasda mən Afad müəllimi səmimi bir insan kimi gördüm. Biz bir-birimizə başqalarına deyə bilmədiyimiz ürək sözlərimizi deyə bilirdik. Mən hər hansı bir münasibətlə APİ-yə, sonra isə ADPU-ya gedəndə mütləq Afad müəllimin kafedrasına gedib onunla görüşərdim. Eyni qaydada, Afad müəllim ADU-ya, sonra isə BDU-ya gələndə yolunu bizim kafedraya salar, mənimlə hal-əhval tutardı.


Afad müəllim xeyirxah insan idi. İmkanı daxilində ətrafındakılara yaxşılıq etməyə çalışar və yaxşılıq edərdi. Yetir-diyi – rəhbəri olduğu, rəsmi opponentlik etdiyi alimlər nəsli onun bu xarakterini bir daha göstərir. Afad müəllim böyük zəhmətkeş idi. İstedadını yazıb-yaratmağa həsr edirdi. Onun çox sayda monoqrafiyası, dərslikləri və dərs vəsaitləri, saysız məqalələri bu zəhmətin bəhrələridir. Afad müəllim Azərbaycan dilçiliyinin müxtəlif sahələri ilə məşğul olurdu, hamısında da öz sözünü deyirdi. Afad müəllimin yaratdığı, bütün türk dünyasını cəlb edən onomastika elmi məktəbi bu və ya başqa formada indi də öz fəaliyyətini davam etdirir. Mən Afad müəllimi filologiya fakültəsinin dekanı kimi, APİ-nin rektoru kimi, kafedra müdiri kimi görmüşəm. Bütün bu vəzifələrdə o, görkəmli təşkilatçı, birinci növbədə təhsil və elm təşkilatçısı olmuşdur.


Afad müəllim son nəfəsinə qədər yazdı, yaratdı, dərs dedi, elmi əsərlərə, dissertasiyalara rəy verdi. Onlarla yetirməsi, minlərlə tələbəsi, dostları, yoldaşları onun əziz xatirəsini daim yaşadacaqlar. Afad müəllimin orta və ali məktəb dərslikləri oxunur, oxunacaq, gənc nəslin savadlanması işində rolunu oynayacaqdır. Hamıya məlum bir həqiqəti də demək istəyirəm: Afad Qurbanov filologiya elmləri doktoru, professor idi; əməkdar elm xadimi, Dövlət mükafatı laureatı idi, beynəlxalq və milli akademiyaların akademiki idi, AMEA-nın əsl dilçi alim üzvü idi. Bu adların hamısını o, haqlı olaraq qazanmışdı və onlar ona yaraşırdı.