Professor Vilayət Əliyev

Vilayət ƏLİYEV,

ADPU-nun elmi işlər üzrə prorektoru,

filologiya elmləri doktoru, professor

 


ELM ÜÇÜN YANAN ÜRƏK

 

Elmi axtarış və tədqiqatları ilə bütün dünyada tanınan, türkologiyanın və Azərbaycan dilçiliyinin inkişafı üçün çalışan Afad Qurbanovun Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür. Professor Afad Qurbanov müasir Azərbaycan ədəbi dilinin bitib-tükənməyən problemləri üzərində yorulmadan çalışmış, dünya və Azərbaycan dilçiliyinin nailiyyətlərinə əsaslanaraq müasir Azərbaycan ədəbi dili məsələlərinin ətraflı şərhini vermişdir.


Professor A.Qurbanov Azərbaycanda, beynəlxalq simpozium və konfranslarda görkəmli azərbaycanşünas və türkoloq-alim kimi iştirak etmiş, uca tribunalarda həm elmi, həm də ictimai sahədə xalqımızın mənafeyini müdafiə etmişdir. Yaradıcılığının ilk illərində əsas iki elmi istiqamətə – nəzəri-filoloji və pedaqoji-metodiki sahələrə meyil göstərmişdir. Dilin fonetik sisteminin tədris və təbliği prinsiplərinin bəzi müddəaları onun axtarışlarında öz elmi təhlilini tapmışdır.


A.Qurbanov Azərbaycan onomalogiyasının banisidir. 70-ci illərin sonlarından onun rəhbərliyi ilə keçirilən onomastik konfranslar böyük ruh yüksəkliyi ilə qarşılanan elmi məclislərə çevrilmişdir. Onomastik konfransların APİ-də keçirilməsi artıq bir ənənədir.


Bütün mənalı həyatını, tükənməz enerjisini, istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin, elminin, təhsilinin inkişafına sərf edən professor Afad Qurbanov artıq bu gün aramızda yoxdur. Onun yoxluğu şərtidir. Çünki yetişdirdiyi alimlər, müəllimlər, tələbələr onun işini davam etdirir, açdığı cığırla irəliləyirlər.


Professor Afad Qurbanovun özü və yetirmələri tərəfindən Azərbaycan onomalogiyasının möhkəm təməli yaradılıb, yüzlərlə kitab işıq üzü görüb. Onomastikanın, xüsusilə də onun bir qolu olan toponimikanın tədqiqi istiqamətində çox iş görülüb. Professorlar Əzizxan Tanrıverdiyevin, Buludxan Xəlilovun, İbrahim Bayramovun, filologiya elmləri doktoru Nəbi Əsgərovun və başqalarının tədqiqatları buna parlaq nümunədir.


1951-ci ildən elmi axtarışa başlayan alim 58 il ərzində çoxistiqamətli tədqiqatlar aparmışdır. Xüsusilə onun ümumdilçilik problemləri sahəsində, türkologiya və Azərbaycan dilçiliyi problemlərinə dair, Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində, bədii əsərlərin linqvistik təhlili və Azərbaycan dilinin tədrisi sahəsində yazdığı tarixi əsərlər Azərbaycan xalqının etnogenezinin öyrənilməsində, qədim türk tayfalarının yayıldığı ərazinin müəyyən edilməsində və digər məsələlərin həllində böyük rol oynamışdır.


1967-ci ildə onun «Müasir Azərbaycan ədəbi dili» adlı əsərini doktorluq işi kimi təqdim etmək üçün birlikdə Daşkəndə getdik. Həmin əsər Daşkənddə yüksək qiymətləndirildi və professor Afad Qurbanov filologiya elmləri doktoru alimlik dərəcəsi aldı. Yol boyu onun elmi söhbətlərinə maraqla qulaq asırdım. Onda olan natiqlik qabiliyyəti, dilçiliyimizin, türkologiyanın inkişafı üçün görmək istədiyi işlər, qarşısında qoyduğu planlar məni heyran etmişdi. Elmə marağı, xalqımızın dilinə, əlifbasına, tarixinə yanaşma tərzi, ürəkdən gələn söhbətləri bir vətəndaş kimi onun narahatlığını, həyəcanlarını əks etdirirdi. O, yalnız özü üçün yaşamırdı. Afad Qurbanov xalqı üçün yaşayır, xalqı üçün yanırdı. Xalq üçün yaşayıb, xalq üçün yananları isə xalq heç vaxt unutmur.


Ölüm sevinməsin ki, akademik Afad Qurbanovu sıralarımızdan ayırdı. O, əsərlərində, yetişdirdiyi alimlərin əsərlərində, tələbələrinin ürəklərində yaşayır və bundan sonra da yaşayacaq.