Professor Timurçin Əfəndiyev

Timuçin ƏFƏNDİYEV,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi,

filologiya elmləri doktoru, professor

 


ELM VƏ TƏHSİL FƏDAİSİ

 

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov milli dilçilik elmimizin tədqiqi və təbliği sahəsində böyük xidmətləri olan alimlərimizdəndir. Çoxcəhətli yaradıcılıq imkanlarına malik A.Qurbanovun dilçiliyimizin tarixinə aid apardığı fundamental elmi tədqiqatlar onun istedadının, zəhmətkeşliyinin və elmə məhəbbətinin bəhrəsi kimi yaranmışdır. Məşhur alman şairi İ.Beher yazırdı kı, nə vaxt qəmli-qüssəli oldun, işlə, bu, qəmi qovmaq üçün yeganə vasitədir. Kədərə-qəmə batmamaq üçün işlə, çünki zəhmət qədər heç bir şey səni düşündüyün məyusluq boşluğundan xilas edə bilməz. Azərbaycan dilçilik elmi kamil bir alimin fundamental tədqiqatları hesabına zənginləşdi. Onun bütün əsərləri üçün əsas səciyyəvi cəhət elmi ümumiləşdirmə keyfiyyəti və tədqiq etdiyi mövzuya konseptual münasibətdir. Bir dilçi alim kimi Afad müəllimin öz fərdi dili, üslubu və öz dəst-xətti var. Alimin yaradıcılığını səciyyələndirən ən mühüm cəhətlərdən biri bu idi ki, o, dil tariximizin aktual problemlərini dünya elmi fikrinin kontekstində araşdırırdı. Onun yaradıcılığı üçün əsas xüsusiyyətlərdən biri də tədqiqat əsərlərində təhlillərin dərinliyi və nəzəri fikirlərinin orijinallığıdır.


İstedadı və zəhməti sayəsində o, Azərbaycan dilçiliyinin müxtəlif aktual problemlərini elmi-nəzəri qay-naqlarla tədqiq etmişdir. Miqyaslı yaradıcılıq arsenalına malik A.Qurbanov 1962-ci ildə «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik, 1968-ci ildə «Müasir Azərbaycan ədəbi dili» mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.


Professor Afad Qurbanov Azərbaycan dilçiliyində ümumdilçilik problemlərini araşdıran ilk alimlərimizdəndir. Onun «Müasir Azərbaycan dilinin frazeologiyası», «Azərbaycan dilinin leksikologiyası», «Müasir Azərbaycan dilinin lüğət tərkibi», «Azərbaycan dilinin semasiologiyası», «Müasir Azərbaycan dilində leksik kateqoriyalar» və «Azərbaycan lüğətçiliyinə dair» kitabları müasir ədəbi dilimizin lüğət tərkibinin aktual problemlərini əhatələyir.


İkicildlik «Ümumi dilçilik» əsəri isə yalnız Afad Qurbanovun yaradıcılığında deyil, ümumiyyətlə, dilçilik elmimizdə əlamətdar bir hadisə idi. Bu əsər türkdilli ölkələrin mütəxəssisləri tərəfindən monumental tədqiqat kimi dəyərləndirildi. Monoqrafiyanın elmi-nəzəri siqlətini artıran mühüm xüsusiyyətlərdən biri o idi ki, burada dilçiliyin problemlərindən, dillə ilgili problem məsələlərin əsaslarından və dilçiliyin metodlarından əhatəli bəhs edilir. Əsərin böyük bir hissəsi isə yazı məsələsinə həsr edilib. Nəzəri xarakter daşıyan bu bölümdə yazının əmələ gəlməsi, onun tipləri, stenoqrafik yazı və onun əsas xüsusiyyətləri aşkarlanır.


Azərbaycan dilçiliyində onomalogiyaya aid ilk fundamental tədqiqat əsəri də professor Afad Qurbanova məxsusdur. Əsərdə ilk dəfə olaraq onomastik təlimin nəzəri əsasları və xüsusi adların hərtərəfli linqvistik xüsusiyyətləri tədqiq edilir. Respublikada ilk onomastik mərkəzin yaradılması və ona elmi rəhbərlik də məhz onun adı ilə bağlıdır. 1986-cı ildə Azərbaycan onomastikası problemlərinə həsr olunmuş ilk respublika konfransı Afad müəllimin şəxsi təşəbbüsü və təşkilatçılığı sayəsində keçirilmişdir.


Afad müəllim 1981-1989-cu illərdə ADPU-nun rektoru olmuşdur. Bu dövrün son üç ilində mənə onunla bir rektor kimi həmkarlıq etmək nəsib olmuşdur. Afad müəllimin nazirliyin kollegiya iclaslarında, yüksək səviyyəli dövlət tədbirlərindəki prinsipial çıxışları yaxşı yadımdadır. Hər bir səviyyədə o, ədalətsizlik görəndə öz prinsipial mövqeyini bildirərdi. Ona görə də rektorlar arasında o, böyük hörmət və nüfuz qazanmışdı. Ali məktəbdə elmi mühitin formalaşmasında və Azərbaycan dili fənninin tədrisi keyfiyyətinin yüksəldilməsində onun öz xidmətləri var. Rəhbər vəzifədə çalışdığı dövrdə o özünü təcrübəli, bacarıqlı təhsil və elm təşkilatçısı, vicdanlı və humanist bir şəxsiyyət kimi göstərdi və hər zaman nəhayətsiz istedadına və qürurlu şəxsiyyətinə güvəndi. Ona görə də işlədiyi müddətdə hamı onun ehtiramını saxlardı.


Afad müəllim onlarla aspirant və dissertanta elmi rəhbərlik etmiş, bir çox namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Respublikada yüksək ixtisaslı dilçi elmi kadrların hazırlanmasında Afad Qurbanovun böyük xidmətləri var. O, gəncliyə həmişə böyük qayğı ilə yanaşır, onların gələcəyinə böyük ümidlər bəsləyirdi. Afad müəllim həm də orta məktəblər üçün yazılan xeyli dərslik və dərs vəsaitinin müəllifi, redaktoru olmuşdur.


Yüksək mənəvi zənginlik, dərin yaddaş, miqyaslı düşüncə tərzi, elmi-nəzəri hazırlıq, təfəkkür orijinallığı, cazibədar üslub, duyumlu təhlil mədəniyyəti, konseptual məzmun daşıyan mülahizələr onun elmi fəaliyyətində böyük rol oynamışdır.


Görkəmli türkoloq-dilçi A.Qurbanov bir sıra beynəlxalq və milli akademiyaların akademiki, Türkiyə Türk Dil Qurumunun şərəfli üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi və fəxri üzvü seçilmişdir. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü, akademik A.Qurbanov 1994-cü ildə elmi biliklərin təbliği sahəsindəki xidmətlərinə görə Y.Məmmədəliyev adına medalla təltif edilmişdir.


Düşünürəm ki, Afad müəllim yaşadığı mənalı ömrün müdriklik zirvəsinə ucaldı. O öz ömrünü xalqımızın maariflənməsinə, elmin inkişafına və tərəqqisinə həsr etdi. Afad müəllim şəxsiyyəti bütöv, dostluqda sədaqətli, yeri gələndə ümumi mənafeyi şəxsi mənafedən üstün tutan bir ziyalı, əsl vətəndaş idi. O, fədakar vətənpərvər, sözün əsl mənasında millətini, vətənini sevən təəssübkeş bir elm fədaisi idi. Elmi zirvələr fəth etmiş Afad Qurbanovun şöhrəti, alim nüfuzu təkcə ölkəmizdə deyil, həm də xarici ölkələrdə bəllidir.


İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, fəqət həqiqi istedadın işığında yazılan əsərləri, insanlığı, alimliyi, xeyirxahlığı və şərəfli ömür yolu ilə görkəmli alimimiz həmişə qədirbilən xalqımızın qəlbində işıqlı şəxsiyyət kimi yaşayacaqdır.