Professor Nizami Xudiyev

Nizami XUDİYEV,

ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri,

əməkdar elm xadimi, millət vəkili,

filologiya elmləri doktoru, professor

 


ADINI TARİXİMİZƏ YAZMIŞ ZİYALI

 

Tarix şəxsiyyətlər üzərində qurulur. Bu, tarixin danılmaz həqiqətlərindən biridir. Min illər keçsə də, tarix yaşayır və özü ilə birgə onu yaratmış, adını onun səhifələrinə pozulmaz hərflərlə yazmış insanları yaşadır. Belə şəxsiyyətlər heç vaxt unudulmur, daim xatirələrdə yaşayır, xoş sözlərlə yad edilir, ruhuna rəhmətlər oxunur. Ona görə ki, onlar öz əməlləri ilə tarixdə qoyduqları izlərlə bərabər onları tanıyan insanların qəlbində, yaddaşında da silinməz xatirələr qoymuş olurlar.


Мənim üçün belə insanlardan biri də yetkin həyatının bütün mərhələlərində həmişə diqqət və qayğısını hiss etdiyim, şəxsiyyətinə hörmət bəslədiyim, unudulmaz müəllimim, AMEA-nın üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, görkəmli türkoloq-alim, professor Afad Məhəmməd oğlu Qurbanovdur. O, yasadığı dəyərli ömrün bütün çağlarında elmə, təhsilə, mədəniyyətə, mənəviyyata yüksək qiymət verən ziyalılarımızdan olmuşdur. Adi kənd müəllimliyindən universitet rektorluğuna qədər şərəfli pedaqoji yol keçmiş Afad Qurbanov həm də ictimai xadim kimi müstəqil Azərbaycan Parlamentinin formalaşmasında fəal iştirak etmiş, hər zaman bir ziyalı kimi öz nüfuzlu sözünü demis, Rusiya, Turkiyə, Yunanıstan və bir sıra digər xarici ölkələrdə çıxışları zamanı xalqımızın milli-mənəvi dəyərlərini ifadə etmiş, dövlətçiliyimizin mənafeyi keşiyində durmuşdur.


Afad Qurbanov bir filoloq kimi respublikamızın hüdudlarından çox-çox uzaqlarda tanınan alimlərimizdən idi. O, bir çox xarici dövlətlərin elmi qurumlarının üzvü, milli və beynəlxalq akademiyaların akademiki idi. Hələ otuz il əvvəl, onun əlli illiyi münasibətilə «İstedadla zəhmətin qüdrəti» adlı məqalə yazaraq оzamankı «Sovet Ermənistanı» qəzetində dərc etdirmisdim. Aradan otuz il keçəndən sonra böyük alimin bu müddətdə yazıb-yaratdıqlarına nəzər yetirdikdə, gördüyü böyük elmi-təşkilatçılıq işləri yada saldıqda, yetişdirdiyi alimlərlə təmasda olduqda ürəyim fərəh və qürur hissi ilə dolur. Xatırlatdığım həmin məqalədə yazmışdım ki, Afad Qurbanov Azərbaycan dilinin vurğunudur. Afad müəllimin vaxtı ilə işlətdiyi belə bir fikri yada salmaq yerinə düşər: «Azərbaycan dili öz mahiyyətinə görə indi SSRİ-nin ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir».


Afad Qurbanovun şərəfli müəllimlik yolu 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olmuşdur. Maraqlıdır ki, Afad Qurbanov müəllimlik peşəsinə hələ ali təhsil almamışdan əvvəl, cəmi 16 yaşı olarkən başlamışdı. 1944-cü ildə orta məktəbi bitirən Afad Qurbanov 1946-cı ildə bir il Qızıl Şəfəq kəndində Azərbaycan dili müəllimi və məktəb direktoru işləmiş, yalnız bundan sonra Tbilisi Müəllimlər İnstitutunda ixtisas təhsili almış, 1948-1952-ci illərdə isə təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirmisdi. 1956-1959-cu illərdə isə bu institutun Azərbaycan dilçiliyi kafedrasının aspirantı olmuşdur. O, hələ aspiranturada oxuduğu dövrdə Bakı Ali Partiya Məktəbində, Xarici Dillər İnstitutunda dərs demişdir.


1962-ci ildə müdafiə etdiyi «Səməd Vurğunun «Vaqif» pyesinin dili və üslubu» adlı namizədlik dissertasiyası ilə Afad Qurbanovun məhsuldar və dəyərli elmi yaradıcılığı başlanır. 1968-ci ildə isə o, «Müasir Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1969-cu ildə ADPU-nun professoru seçilmişdir.


Afad müəllimin ömür yolunu göz önünə gətirdikdə daim heyranlıq hissi keçirirəm. O, həyatının hər mərhələsində addım-addım zirvələr fəth etmiş və sonda nail olduğu yüksək məqama yetişmişdir. O, institutu bitirəndə hamımızın ustadımız, böyük Azərbaycan dilçisi, professor Əbdüləzəl Dəmirçizadə kafedra müdiri idi. Əzəl müəllim Afad Qurbanovun aspiranturada saxlanması ücün institut rəhbərliyinə belə bir təqdimat yazmışdı: «A.Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir».


Doğrudan da, uzaqgörən alim, müdrik insan Ə.Dəmirçizadənin bəslədiyi ümidlər tezliklə özünü doğrultdu. Elmi ictimaiyyətimiz, xalqımız Afad müəllimi görkəmli alim, dəyərli ziyalı kimi tanıyıb qəbul etdi. O, sözün həqiqi mənasında, pillə-pillə ucaldı. Ucaldıqca da ildən-ilə fəaliyyət dairəsini genişləndirdi.


A.Qurbanovun dilçiliyin müxtəlif sahələrinə dair 70-dən çox kitabı, 500-dən artıq elmi-metodik məqaləsi nəşr edilmişdir.


Afad Qurbanov Azərbaycanda ümumi dilçilik problemlerinə dair fundamental araşdırmalar aparan ilk və yeganə alimlərdən biridir. Onun «Ümumi dilçilik» adlı ikicildlik dərsliyi bu sahənin mütəxəssisləri tərəfindən həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. Bu dərsliyin əsas məziyyəti odur ki, ümumbəşəri məzmun daşımasına baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində yazılmısdır. Dərslikdə verilən bölgü və təsnifatlar da yenidən işlənmiş, müəllif ümumi dilçilik problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər söyləmişdir. Xüsusən Altay dilləri ailəsi ilə bağlı fikirlər türkoloji dilçilikdə yeni və orijinaldır.


Bundan əlavə, dilçilik elminin tarixi və dövrləşdirilməsi də dərslikdə yeni forma və məzmunda verilmişdir. Afad Qurbanovun 1994-cü ildə nəşr etdirdiyi «Dünyanın dil ailələri» kitabında da alimin ümumi dilçilik məsələlərinə dair baxışları öz əksini tapmışdır.


Afad Qurbanovun elmimizə gətirdiyi yeniliklərdən bəhs edərkən bir faktı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan filologiyasında «türkoloji dilçilik» terminini ilk dəfə o işlətmişdir. Yeri gəlmişkən, bu sahə alimin elmi tədqiqatlarının geniş bir istiqamətini təşkil edir.


Alim 1990-cı ildən etibarən dəfələrlə Türkiyəyə səfər etmiş, orada türk dünyasının dil problemlərini, vahid türk əlifbasına keçid məsələlərini, ortaq türk ədəbi dili yaratmaq ideyasını müzakirə edən nüfuzlu elmi məclislərdə çıxışlar edərək öz mövqeyini bildirmiş, həmin problemlərə dair elmi fikir və qənaətlərin formalaşdırılmasında fəal iştirak etmişdir. Bundan başqa, Afad Qurbanov türk tayfa və qəbilələrinin mənşəyi, dili, təşəkkül tarixi, onların yayılma və məskunlaşma mərhələləri kimi elmi cəhətdən böyük maraq doğuran problemləri də daim öz araşdırmalarının diqqət mərkəzində saxlamışdır. Bu tipli tədqiqatların bəhrəsi olaraq alimin «Türkoloji dilçilik» kitabı meydana gəlmişdir. Bu kitabda dünya dilçilik elmində türkoloji dilçiliyin yeri və mövqeyi müəyyən edilmiş, dünya dilləri arasında türk dillərinin yeri məsələsinə xüsusi diqqət yetirilmiş, dilçilik tarixində türk dillərinə aid təsnifatların təhlili verilmiş, onlara tənqidi münasibət bildirilərək türk dillərinin qruplaşdırılmasına dair yeni versiya irəli sürülmüşdür.


1989-cu ildən etibarən Qərbi Azərbaycandan – öz ata-baba torpaqlarından qovulmuş soydaşlarımızın yaşadıqları ərazilərlə bağlı problemlər Afad müəllimi həm ictimai xadim, həm də tədqiqatçı-alim kimi daim düşündürmüşdür. Bu da təsadüfi deyil. Çünki onun gənclik illəri Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndi ilə bağlı olmuşdu. Gənclik dövründə topladığı materiallar əsasında Afad Qurbanov 2007-ci ildə «Qərbi Azərbaycanın Cucikənd yazılı abidələrinin kəşfi» və «Qərbi Azərbaycanın Cucikənd şivəsi» adlı kitablarını nəşr etdirmişdir.


Afad Qurbanovun elmi araşdırmalarının əsas istiqamətlərindən biri də müasir Azərbaycan ədəbi dilinin müxtəlif problemlərinin tədqiqi ilə bağlıdır. Bu sahə ilə bağlı tədqiqatlarını alim elmi yaradıcılığının ilk dövründən başlamışdır. Onun bu istiqamətdə uzunmüddətli elmi araşdırmalarının məhsulu olaraq «Müasir Azərbaycan dilinin qrafika və orfoqrafiyası» (1963), «Azərbaycan dilinin frazeologiyası» (1963), «Azərbaycan dilinin lüğət tərkibi» (1964), «Azərbaycan ədəbi və danışıq dili» (1965), «Azərbaycan lüğətçiliyinə dair» (1967), «Müasir Azərbaycan ədəbi dili» (1967) kitabları meydana gəlmişdir. Bu sırada xüsusilə önəmli yer tutan fundamental «Müasir Azərbaycan ədəbi dili» kitabı sonralar daha da təkmilləşdirilərək 1985, 2003 və 2010-cu illərdə təkrar nəşr edilmişdir.


Afad Qurbanovun elmi yaradıcılığının ən geniş bölmələrindən biri də onomastika problemlərinin araşdırılmasıdır. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ təşkil edir. Bu dövrdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik sahəsi kimi formalaşıb inkişaf etməsi bilavasitə professor Afad Qurbanovun elmi fəaliyyəti və təşkilatçılıq işinin nəticəsi ilə bağlıdır.


Onomastik vahidlərin tədqiqi ilə bağlı ardıcıl fundamental elmi tədqiqatlar məhz Afad Qurbanovun yorulmaz fəaliyyəti sayəsində meydana gəlmişdir. Professor Afad Qurbanovun özünün bu sahəyə aid onlarla məqaləsi, çoxlu kitabı işıq üzü görmüşdür. 1988-ci ildə alimin bu sahəyə dair araşdırmalarının ən böyük uğuru sayıla biləcək «Azərbaycan dilinin onomalogiyası» adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya türkoloji dilçiliyi üçün də çox qiymətlidir. Tam məsuliyyətlə deyə bilərik ki, akademik Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur. Müəllif bu əsəri daha da təkmilləşdirərək 2004-cü ildə iki cilddə təkrar nəşr etdirmişdir.


Azərbaycan Pedaqoji İnstitutunun rektoru işlədiyi illərdə professor Afad Qurbanov ölkəmizdə ali pedaqoji təhsilin inkişafına və yüksək ixtisaslı müəllim kadrların hazırlanmasına nail olmuşdur.


Afad Qurbanov dərin alim təfəkkürü ilə yanaşı zəngin yaradıcılıq potensialına və yüksək təşkilatçılıq qabiliyyətinə malik ziyalılarımızdan idi. O, həyatının bütün anlarını Azərbaycan dilçilik elminin inkişafına, ana dilimizin öyrənilməsinə və təbliğinə həsr etmişdi. 80 illik ömrünün 60 ildən çoxunu pedaqoji fəaliyyətə həsr etmiş Afad Qurbanov, sözün əsl mənasında, böyük müəllim idi.


Minlərlə müəllim, onlarla alim yetişdirmiş Afad müəllim öz yetirmələri ilə həmişə fəxr edirdi. Afad müəllim bu gün bizimlə olmasa da, biz daim onun adı ilə fəxr edirik. Biz – yetirmələri və davamçıları bu dünyada yaşadıqca Afad müəllimin parlaq xatirəsi də qəlbimizdə yaşayacaqdır.