Müxbir üzv Kamal Abdulla

Kamal ABDULLA,

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü,

Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi,

filologiya elmləri doktoru, professor

 


RUHU ŞAD OLSUN!

 

Gözəl insan, görkəmli dilçi, bacarıqlı təşkilatçı, pedaqoq Afad Qurbanovun Azərbaycan elmi və təhsili qarşısında xidmətləri böyükdür.


Afad Qurbanov bütöv xarakterə, humanist təbiətə, yüksək həyatsevərliyə malik olmaqla, zahiri və mənəvi gözəlliyi özündə əks etdirən əsl zəhmətkeş azərbaycanlı alim idi. Onun qətiyyəti, həyata sağlam baxışı, huma-nizmi, parlaq şəxsiyyəti vətənini, xalqını sevən ziyalıya xas keyfiyyətlər idi.


Afad müəllim pedaqoji fəaliyyətə oxuduğu məktəbdə, Qərbi Azərbaycanın bir guşəsi olan Qızıl Şəfəq kəndində başlamış, təhsilini Tbilisi İkiillik Müəllimlər İnstitutunda və indiki ADPU-nun filologiya fakültəsində davam etdirmişdi. Onun elmi-pedaqoji fəaliyyəti A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olmuşdur.


Afad Qurbanovun bir-birinin ardınca çıxan çoxsaylı dəyərli əsərləri, monoqrafiyaları Azərbaycan dilçiliyinin inkişafı baxımından xüsusi elmi əhəmiyyətə malikdir. Dilçilik elminin ümumnəzəri məsələlərinə böyük maraq göstərən, tədqiqatçı həssaslığı ilə yanaşan Afad Qurbanov respublikamızda ilk «Ümumi dilçilik» (1977) dərsliyini hazırlamaqla tələbələrimizə və bu sahə ilə maraqlanan tədqiqatçılara çox qiymətli töhfə vermişdir.


Dilçi kimi Afad müəllimin ən böyük xidmətlərindən biri onun onomalogiya sahəsindəki tədqiqatlarıdır. Azərbaycan dilçiliyində onomaloji tədqiqatlar, demək olar ki, onun adı ilə bağlıdır. O, onomalogiya üzrə cid-di araşdırmalar aparmış, gənc tədqiqatçıları bu mühüm sahənin araşdırılmasına istiqamətləndirmiş və bu fəaliyyətin nəticəsi kimi «Azərbaycan dilinin onomalogiyası» (1988) kitabını meydana gətirmişdir. Filoloq və ta-rixçi alimlərin, arxeoloq və etnoqrafların bəhrələnə bildiyi bu tədqiqat təkcə Azərbaycan dilçiliyində deyil, həm də türkologiyada mühüm elmi-nəzəri əhəmiyyətə malikdir.


Professor A.Qurbanov çox enerjili və bacarıqlı təşkilatçı idi. O, dilçilik elmi üzrə fundamental elmi-tədqiqat işləri aparmaqla yanaşı, professor Ə.Dəmirçizadədən sonra indiki ADPU-nun Azərbaycan dilçiliyi kafedrasına ömrünün sonunadək rəhbərlik etmişdir.

 

Afad müəllim həm də təcrübəli və gözəl pedaqoq idi. Onun elmi əsərləri, dərslik və dərs vəsaitləri ilk növbədə tələbə ehtiyacını ödəmə zərurətindən meydana gəlmişdir. Məhz belə bir gərgin əməyin nəticəsi olaraq Afad müəllim 500-dən yuxarı elmi əsəri (o cümlədən 70 kitabı) yazıb çap etdirməklə tələbələrə və müəllimlərə, tədqiqatçılara çox qiymətli elmi xəzinə qoyub getmişdir.


Afad Qurbanov milli və xarici akademiyaların akademiki, bir çox linqvistik beynəlxalq təşkilatların həqiqi və ya fəxri üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun şərəfli üzvü olmuşdur.


Rusiya, Türkiyə və digər ölkələrdə türkoloq kadrların hazırlanmazında da Afad müəllimin böyük xidmətləri olmuşdur. Dəfələrlə müxtəlif beynəlxalq konfranslarda Afad müəllimin dərin və səbatlı elmi söhbətlərinin şahidi olmuşam. Həlim xasiyyəti, amma dönməz əqidəsi onu həmkarlarına, tələbələrinə sevdirmiş və xatirəsini əbədi etmişdir. Azərbaycan elmində özünəməxsus ləyaqətli yer tutan akademik Afad Qurbanovu biz həmişə «Ruhu şad olsun!» sözləri ilə xatırlayacağıq.