Müxbir üzv Yaqub Mahmudov

Yaqub MAHMUDOV,

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü,

Tarix İnstitutunun direktoru

 


DAİM ÖN CƏBHƏDƏ VURUŞAN

AZƏRBAYCAN TÜRKOLOQU

 

Görkəmli türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Afad Qurbanovun elmi irsi Azərbaycan dilçiliyinin və türkologiyanın çox qiymətli xəzinəsidir. Nadir istedad sahibi olan Afad Qurbanovdan bugünkü nəsillərə olduqca rəngarəng və çoxşaxəli mənəvi irs yadigar qalmışdır. Zaman keçdikcə, dilçi alimlər nəsli bir-birini əvəz etdikcə Afad Qurbanovun ümumi və Azərbaycan dilçiliyinin, o cümlədən türkologiyanın inkişafındakı böyük xidmətləri qədirbilən nəsillər tərəfindən daha yüksək qiymətləndiriləcək, onun çoxsaylı, həm də bir-birindən qiymətli tədqiqatları dünya türkologiya elminin ən nadir inciləri xəzinəsinə daxil olacaqdır.


Hələ tələbəlik illərindən böyük dilçi alimimiz Ə.Dəmirçizadənin diqqətini cəlb etmiş Afad Qurbanov, çoxlarından fərqli olaraq, ancaq yazıb-yaratmaqla, necə deyərlər, sakit həyat sürməklə məşğul olan dilçi-alim, türkoloq deyildi. O, tədqiqatlarında olduğu kimi, həyatda da mübariz dilçi-alim idi. Görünür, bu mübarizlik, bu döyüşkənlik ona ilk uşaqlıq illərinin, doğulduğu vətən torpağında – Qərbi Azərbaycanda ağalıq edən gəlmə ermənilərə bəslədiyi nifrətin yadigarı idi.


Görkəmli alim ömrünün son günlərinədək böyük ürək yanğısı və misilsiz enerji ilə indiki Ermənistan ərazisindəki qədim türk toponimlərinin araşdırılması ilə məşğul idi. O, tez-tez Tarix İnstitutuna gəlib əldə etdiyi hər bir yeni fakt barədə məlumat verər, tarixçilərimizin diqqətini Qərbi Azərbaycanın şanlı tarixinə yönəltməyə çalışardı...


...Afad Qurbanov qorxmaz adam idi. Çətin ayaqda meydandan qaçmazdı. Elmi-təşkilatçılıq fəaliyyətində haqqı nahaqa qurban verməzdi. Heç yadımdan çıxmır. İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin partiya təşkilat katibi idim. O zaman məndən min cür yaxşılıq görmüş bir tarixçi layiq olmadığı halda yuxarıların təzyiqi ilə dekan seçildi. Vəzifə başına keçən kimi iç üzü açıldı. Tarix fakültəsini öz mülkü kimi idarə etməyə başladı. Antipedaqoji hallar baş alıb getməyə başladı... Mən həyatıma sadiq qalaraq, həm də vəzifə borcumu yerinə yetirərək tələbələrin və haqqı tapdalananların müdafiəsinə qalxdım. Arxalı dekanı yuxarıda iki böyük qüvvə müdafiə edirdi. Buna baxmayaraq, məsələni fakültə partiya yığıncağına çıxardım. Bu zaman yenicə rektor təyin olunmuş Afad Qurbanov gözləmədiyimiz halda iclasa gəldi. Bütün çıxışları diqqətlə dinlədi. Və yuxarıların təzyiqinə baxmayaraq, bizi müdafiə etdi. Üçaylıq dekanın vəzifəsi əlindən alındı...


Afad Qurbanov instituta rektor təyin olunandan iki ay sonra mən doğma Bakı Dövlət Universitetinə qayıtmalı oldum. Bu xatirəm də onunla bağlıdır...


Mən universiteti inciyib tərk etmişdim. Söz vermişdim ki, bir də ora qayıtmayacağam. Ürəyim bəzi universitet müəllimlərindən sınmışdı. Tələbəlik dövründə mənə yüksək qiymət verən, aspiranturada saxlanılmağım üçün əlindən gələni edən, namizədlik işimə doktorluq elmi dərəcəsi verilərkən məndən çox sevinən, lakin bu qərar baş tutmayanda məndən çox sınan professor Məlik Orucov məni universitetə qaytarmaq üçün dəfələrlə (düz 13 dəfə) APİ-yə gəlib-getmişdi. Lakin sözümdən dönmürdüm ki, dönmürdüm. Bir gün məni mühazirə söylədiyim yerdə dərsdən çıxartdılar ki, rektor səni təcili çağırır. Qəbul otağında mənə dedilər ki, «bir yekə kişi» səhərdən Afad Qurbanovla sənin üstündə davalaşır. İçəri daxil oldum. Sevimli və söyüşcül müəllimim Məlik Orucovu görən kimi işin nə yerdə olduğunu başa düşdüm. Məlik müəllim salamsız-kəlamsız bir yağlı söyüşdən sonra mənə «çox mədəni» bir müraciət etdi: «Dur düş qabağıma». Mən sevimli müəllimimə inandırıcı bir xahişlə yenə «yox» dedim. Düzü, ümidim Afad Qurbanova idi. Düşünürdüm ki, o da məni müdafiə edəcək! Amma belə olmadı. Afad Qurbanov yerindən qalxıb ağsaqqal Məlik Orucovun yanına gəldi və üzünü mənə tutdu: «Qardaş, adam belə kişinin sözünü yerə salar?! Mən də səndən xahiş edirəm: elə bu saat bu kişi ilə birlikdə universitetə qayıt! Qalanını sonra danışarıq!»


İnsan ömrü boyu yüzlərlə, minlərlə insanla və insan cildinə girmiş nakəslərlə rastlaşır. Bu yaxşı insanlardan bəziləri, çox halda tək-təkləri yadda qalır. Xalqımızın görkəmli türkoloq oğlu akademik Afad Qurbanov da həyatım boyu rastlaşdığım insanlar içərisində yadımdan çıxmayan və heç zaman yadımdan çıxmayacaq tək-tək insanlardan biri idi.


Ruhu şad olsun!

 


Valideyn haqqını uca tutan və övladlıq

borcunu unutmayan Ramin Qurbanov kimi

oğulları isə Ulu Tanrı özü qorusun.