Akademik Toğrul Şaxtaxtinski

Toğrul ŞAXTAXTİNSKİ,

Azərbaycan Milli Elmlər Akademiyası

Kimya Problemləri İnstitutunun direktoru,

akademik



GENİŞ DİAPAZONLU TƏDQİQATÇI ALİM


Azərbaycan dilçiliyi üzrə tədqiqatlar sahəsində XX əsrin 50-ci illərindən böyük nailiyyətlərin qazanılmasında görkəmli dilçi alimlərimizin müstəsna rolu vardır. Millətin elmi və fikri inkişafında, mədəni yüksəlişin gücləndirilib artırılmasında xalqımızın ziyalıları böyük və şərəfli vəzifə daşıyırlar. Belə görkəmli dilçi alimlərimizdən biri də professor A.Qurbanovdur. Onun tədqiqləri elmimizin bir sahəsi çərçivəsində yığılıb qalmamış, ana dilinin əlaqədar olduğu və əhatə etdiyi bütün qütbləri işıqlandırmışdır. Odur ki, onun davamlı tədqiqləri və bunların uğurlu nəticələri hər biri ayrılıqda məktəbdir, özülü və divarları möhkəm olan məktəb!


A.Qurbanovun yazıb-yaratdığı elmi əsərlərdən bir çox dilçimiz və xüsusilə Azərbaycan dili müəllimlərimiz bəhrələnmiş və bəhrələnməkdədir. O, dilçiliyimizin çoxsahəli tədqiqatçısı kimi müxtəlif məsələlərə həmişə aydınlıq gətirmişdir. Onun həm dilçiliyin ümumi məsələlərinə, həm də xüsusi dilçilik məsələlərinə, o cümlədən Azərbaycan dilinin fonetikası, leksikologiya və frazeologiyası, üslubiyyatı, dil tarixi və digər sahələrə aid yazdığı əsərlərdə həmişə sistemlilik, məntiqilik və ardıcıllıq diqqəti xüsusi cəlb edir. Onun əsərləri təkcə sayı ilə deyil, həm də elmi sanballığı ilə diqqəti cəlb etmişdir. A.Qurbanovun əsərlərini oxuyanlar orada dilçilik terminlərinin dil məfhumlarını dəqiq ifadə etdiyini aydın görürlər. Onun yazdığı əsərlər fikir və dil aydınlığı ilə fərqlənir, buna görə də hər kəs dilçiliyin ən mürəkkəb məsələləri barədə onun fikirlərini dərk edir və yadda saxlayır. Bunun isə dili öyrənənlər üçün böyük əhəmiyyəti var. A.Qurbanovun yaratdığı Onomastik Mərkəzin fəaliyyəti, habelə onun rəhbərliyi və təşkilatçılığı ilə keçirilmiş onomastik konfranslar qismən unudulmuş bir sahəni dirçəltmiş və onomastik vahidlərimizin toplanmasında mühüm rol oynamışdır. Əvvəllər bizim fəaliyyətsizliyimizi görən erməni alimləri, az qala, Azərbaycan onomastik vahidlərini də özününküləşdirməyə can atırdılar. Bu kimi işlərin qarşısının alınmasında A.Qurbanovun onomastika üzrə tədqiqat işlərinə rəhbərliyinin böyük əhəmiyyəti olmuşdur. A.Qurbanov təkcə görkəmli dil tədqiqatçısı deyildi. O, eyni zamanda dili, onun bütün sahələrini məharətlə öyrədə bilən gözəl müəllimdir. Bəzi alimlər şöhrətləndikdən, vəzifə sahibi olduqdan sonra öz mühazirələrini başqalarına həvalə etdiyi halda, Afad Qurbanov kafedra müdiri, dekan və rektor olduqda da mühazirəsini başqasına etibar etməyib. Çünki o, təkcə tədqiqat həvəskarı deyil, həm də öyrətmək ustasıdır. Gözəl usta isə heç vaxt öz işini başqasına etibar edə bilməz.


Akademik A.Qurbanovun dilçi-alim kimi formalaşdığı bir zamanda artıq metodika elmi lazımi səviyyədə inkişaf etmiş olsa da, o, ali məktəbdə dil təliminin təkmilləşməsi məsələləri ilə daim məşğul olmuşdur.


Azərbaycan dilçiliyinin mühüm problemləri ilə bağlı A.Qurbanovun fəaliyyətinə bu dilin yazısı, əlifbası, orfoqrafiyası, nitq mədəniyyəti, lüğət tərkibi, onomastika ilə bağlı məsələlər, dərsliklərin yaradılması və s. çoxsaylı, eyni zamanda ciddi və aktual işlər daxildir. Bu xidmət və zəhmətin müqabilində Azərbaycan dilçiliyində əldə olunan uğurların nəticələri də fərqlidir. A.Qurbanov sadəcə görkəmli dilçi-alim, bacarıqlı müəllim deyil, eyni zamanda, məharətli təşkilatçı, bacarıqlı rəhbər işçi, səmimi və etibarlı qonşu da olmuşdur. O, universitetdə uzun illər bacarıqlı dekan və kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Lakin onun universitetə rəhbərliyi zamanındakı işləri hələ də öz parlaqlığını itirməmişdir. A.Qurbanov sanki universitetin hər iki baş korpusunu yenidən tikib yaratmışdır. Onun rəhbərliyi dövründə təlim-tərbiyənin keyfiyyəti də xüsusi fərqlənmişdir.


Belə mənalı həyat sahibini təkcə elm adamları, müəllimlər deyil, bütöv xalqımız unutmayacaqdır.