Akademik Fuad Qasımzadə

Fuad QASIMZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyasının

üzvü, akademik

 


YÜKSƏK ELMİ MƏHSULDARLIĞA MALİK NADİR ALİM

 

İnsanların bir-birini başa düşə biləcəyi, bir-birini duyacağı, anlayacağı sonuncu bir məkan var. Bu, dil məkanıdır. İnsanlar yalnız bu məkanda görüşə biləndə biri digərinə doğru körpü yarada bilir.


Afad Qurbanovun hərtərəfli və məqsədyönlü fəaliyyəti nəticəsində müasir dövrdə Azərbaycan dilçiliyi özünün inkişaf dövrünü yaşayır və böyük fəxrlə demək olar ki, bu sahədə aparılan tədqiqatların həcminə, çap olunan kitab və məqalələrin sayına görə Azərbaycan hazırda digər türk xalqlarından öndə gedir.


Hər bir alimi şöhrətləndirən onun əsərlərinin kəmiyyət və keyfiyyətidir. A.Qurbanovun elmi yaradıcılığı çoxcəhətli idi. Alimin şərəfli zəhmətini sübut edən hər bir sanballı əsəri Azərbaycan dilçiliyində mövcud problemin həllinə kömək etmişdir.


Professor Afad Qurbanovun müasir dilçiliyin problemlərinə həsr edilən, öz sanbalı, əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən əsərləri dilçiliyimizə qiymətli töhfədir. Elmi məxəz və faktların zənginliyi, mühakimələrin dürüstlüyü, inandırıcılığı ilə seçilən bu əsərlərin dünya, türk və Azərbaycan dilçiliyində öz həllini tapmayan problemlərin həllində elmi əhəmiyyəti olmuşdur.


A.Qurbanovun əsərləri Asiya və Avropanın bir çox ölkəsində yayılmışdır. Onun kitabları İranın Məşhəd şəhərindəki İmam Rzanın məşhur elmi kitabxanasında özünə yer almışdır. ABŞ, Türkiyə, Almaniya, Macarıstan, Yunanıstan, Finlandiya, Rusiya və başqa yerlərdə onun əsərləri kitabxanalarda mövcuddur. Həmin kitablar müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticəsidir. Belə əsərlər ancaq elmin bugününü və gələcəyini düşünən alim narahatlığının məhsulu kimi ərsəyə gəlir.


Məlumdur ki, insanlar öz nitqlərini fonetik cəhətdən təhlil etməyə alışdıqları zaman səsləri işarələrlə, yəni hərflərlə əks etdirməyə başlamışlar. Sözdəki səslər hərflərlə göstəriləndən sonra əlifba meydana çıxmışdır. Əlifbanın əmələ gəlməsi ilə bağlı dünya alimləri arasında müxtəlif fikirlər vardır. Bütün bu və ya başqa məsələlərə, yəni əlifbanın meydana gəlməsi, ən çox yayılmış əlifbalar, müasir dövrdə geniş yayılmış əlifbalar haqqında Afad Qurbanovun öz elmi axtarışları vardır.


Respublikamız müstəqillik qazandıqdan sonra latın qrafikalı Azərbaycan əlifbasına keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. Türkdilli xalqlar üçün hazırlanmış ortaq əlifba bütün dünyanı maraqlandıran universal əlifba probleminin həllində irəliyə atılan addım kimi də qiymətləndirilə bilər. Çünki bu addım ümumi yazıya doğru yolun təcrübə və ənənəsini genişləndirib onun mümkün ola biləcəyinin reallaşmasına xidmət edir.


Müharibə veteranı A.Qurbanov gərgin elmi-pedaqoji fəaliyyətinə baxmayaraq, müstəqil respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. O zaman Azərbaycan Parlamentinin ən mübariz və fəal üzvlərindən olmuşdur. Qarabağ problemi ilə bağlı Moskvaya göndərilmiş deputat (beş) nümayəndə heyətinin üzvü kimi Kremldə məsələlərlə əlaqədar öz mülahizələrini bildirmişdir. Onun ən unudulzaz işlərindən biri 90-cı illərdə latın qrafikalı yeni əlifbanı hazırlaması və keçidin təmin olunması işi idi. Bununla yanaşı, azərbaycanlı adlar və soyadlar sistemində vahidliyin və milliliyin təmin olunmasında xidmətləri də danılmazdır.