Akademik Rasim Əfəndi

Rasim ƏFƏNDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyası

Memarlıq və İncəsənət İnstitutunun direktoru,

akademik

 


AFAD QURBANOVUN AXTARIŞLARINDA

YAZI VƏ ƏLİFBA PROBLEMLƏRİ

 

Azərbaycan filologiyasının elmi əsaslarla araşdırılması XIX əsrdən başlasa da, bu elmin dinamik inkişafı XX əsrdə daha qabarıq nəzərə çarpır. Bu baxımdan türk dillərinin, o cümlədən Azərbaycan dilinin öyrənilməsinə hərtərəfli marağın səbəbi 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq türkoloji qurultayı oldu. Qurultayda əsas məsələlərdən biri milli kadrların hazırlanması idi. B.Çobanzadə, Ə.Dəmirçizadə, M.Şirəliyev və başqaları tərəfindən əsası qoyulan Azərbaycan dilçiliyi 50-ci illərdən sonra öz sıralarını bir çox dilçi alimlərlə zənginləşdirdi. Belə alimlərdən biri də akademik Afad Məhəmməd oğlu Qurbanov oldu. Keçən əsrin 60-cı illərindən ardıcıl linqvistik tədqiqatlar aparan görkəmli alim dilçiliyimizin, ümumdilçilik elminin müxtəlif sahələri ilə bağlı axtarışlarını genişləndirdi. Dünya dilçiliyində müxtəlif səpkili elmi araşdırmalarda paleoqrafiya üzrə tədqiqatlar Afad Qurbanovu da düşündürməyə başladı. Bu elm sahəsinin məqsədi yazının tiplərini müəyyənləşdirməkdir. Həmin məsələlərə aydınlıq gətirmək üçün Afad Qurbanov ümumi dilçilikdə irəli sürülmüş elmi fikirlərlə tanış olmuş, nəhayət, 1967-ci ildə «İnsanlar yazmağı necə öyrənmişlər?» adlı kitabını çap etdirmişdir. Sonrakı illərdə o, paleoqrafiya məsələləri ilə ciddi məşğul olmuş və 2 cildlik «Ümumi dilçilik» kitabında bu sahə ilə bağlı tədqiqatlarını genişləndirmişdir. Ona görə də Afad Qurbanov haqlı olaraq yazır: «Ümumi dilçilik yazının əmələ gəlməsi və inkişafı ilə də məşğul olur. Yazmağı insanların necə öyrənmələrinin tədqiq edilməsi olduqca çətin və mürəkkəb, mahiyyətinə görə çox maraqlı və zəruri problemlərdəndir. Bu, hər şeydən əvvəl, dünya mədəniyyəti tarixi üzrə çox faydalıdır. Elə buna görədir ki, yazının tarixini öyrənmək uzun illərdən bəri tədqiqatçıların diqqət mərkəzində olmuş, bu məsələ ilə həm dilçi alimlər, həm də arxeoloqlar, tarixçilər və başqa ixtisasçılar maraqlanmış, axtarışlar aparmışlar». Afad Qurbanov yazının əmələ gəlməsi məsələsini ümumdilçilik aspektində özünün orijinal fikirləri ilə elmi şəkildə əsaslandırmışdır.


A.Qurbanov paleoqrafiya məsələləri ilə müntəzəm məşğul olurdu. Onun bu sahədəki uğurlu addımlarından biri də Cucikənd yazılı abidələrini qədim türk yazı nümunəsi kimi tədqiq etməsidir. M.Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən elmi-nəzəri konfransda Afad Qurbanovun bu mövzu ilə bağlı tədqiqatları iştirakçılar tərəfindən maraqla qarşılandı. Afad Qurbanov bu qənaətə gəlir ki, bu daş kitabələrdə olan yazının ümumi mənzərəsi, ruhu və görkəmi qədim türk yazılı abidələrini xatırladır, bu yazıları o, elmə yeni məlum olan türkdilli yazılı abidə hesab edir.


Dünya yazı sistemi ilə bağlı ümumiləşdirici fikirləri, eləcə də Cucikənd daşüstü yazıları haqqında mülahizələri türkoloq-alimin paleoqrafik və linqvistik dünyagörüşünü bir daha təsdiqləyir.


A.Qurbanovun paleoqrafiya sahəsi ilə bağlı tədqiqatlarını şərti olaraq iki hissəyə ayırmaq olar. Müəllifin «İnsanlar yazmağı necə öyrənmişlər?» əsəri sırf ümumdilçilik sahəsi ilə bağlıdırsa, onun latın qrafikalı Azərbaycan əlifbasına keçidlə və ortaq türk əlifbasının yaradılması ilə bağlı fəaliyyəti, «Cucikənd daşüstü yazıları» əsəri həm ümumdilçilik, həm vətəndaşlıq yanğısından qaynaqlanmışdır. Ümumiyyətlə, paleoqrafiya A.Qurbanovun monumental və hərtərəfli linqvistik dünyagörüşünün az bir hissəsini təşkil edir.