Akademik Bəkir Nəbiyev

Bəkir NƏBİYEV,

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutunun direktoru, akademik

 


MƏN ONU BELƏ TANIYIRDIM


 

Afad Qurbanov dilçilik elminin ən görkəmli və çox məhsuldar nümayəndələrindən biri kimi Azərbaycanda və region ölkələrində böyük nüfuz sahibi olmuşdur. Bunun əsas səbəbi, hər şeydən əvvəl, alimin çoxsahəli yaradıcılığı və bu sahələrin hər birində əldə etdiyi sanballı elmi nəticələrlə bağlı idi.


Dilçilik də ədəbiyyatşünaslıq, tarixçilik və sənətşünaslıq kimi universal elmdir. Bu sahədə lazımi elmi təcrübə qazanan araşdırıcılar müəyyən vaxt keçdikdən, öz ixtisaslarının, demək olar ki, bütün aparıcı sahələrini, incəliklərini dərindən öyrəndikdən sonra onun istiqamətlərindən birinin ətrafında daha intensv çalışır və bütünlükdə ölkəmizin linqvistika elminə başucalığı gətirən fundamental uğurlar qazanırlar. Məsələn, akademik M.Şirəliyev, müxbir üzv Ə.Dəmirçizadə, müxbir üzv Ə.Orucov, bəzi digər görkəmli dilçilər müasir Azərbaycan dili, dil tarixi, ümumi dilçilik, dialektologiya, dil əlaqələri, türk dili və s. sahəsində görkəmli uğurlara imza atmış, universitet və orta məktəblər üçün stabil dərslik yazmış, istisnasız olaraq hamısı – biri bir qədər az, digəri bir qədər çox, ali məktəb kafedralarında professor olmuş, qiymətli mühazirələr oxumuşlar. Dilçiliyin bu və ya digər konkret sahəsi ilə məşğul olmağı heç kəs heç kəsə qadağan etmədiyi kimi, bu istiqamətlərin hansısa birinin aparıcı mütəxəssisi olmaq məsələsində də hər kəs sərbəst və müstəqildir.


Adları çəkilən alimlərin ümumiyyətlə dilçilik elmi sahəsində xidmətləri böyükdür. Əsərlərini bir daha nəzərdən keçirib fərqinə varanda görmək olur ki, məsələn, M.Şirəliyev dialektologiya, Ə.Dəmirçizadə Azərbaycan dilinin fonetikası və tarixi, M.Hüseynzadə müasir Azərbaycan dili, Ə.Orucov lüğətçilik sahələri üzrə elmi tədqiqatlar aparmışlar. Bu alimlərin elmi nailiyyətləri keçmiş SSRİ-nin bir çox respublikasında, xarici ölkələrdə bəyənilmiş və təqdir olunmuşdur.


Azərbaycan dilçiliyində elmi məktəb yaratmış az sayda dilçi alimimiz vardır. Köklü elmi məktəb yaratmış dilçilərimizdən biri milli və beynəlxalq akademiyaların akademiki, AMEA-nın üzvü, f.e.d., prof. Afad Qurbanovdur.


Afad müəllim bu gün Azərbaycan onomastika elmi məktəbinin yaradıcısı kimi yalnız ölkəmizdə yox, dünyada tanınır və çox yüksək qiymətləndirilir.


Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin, Qafqazdakı Azərbaycan və türk coğrafi adlarına qarşı total inkarçılıq siyasətinin çox şiddətləndiyi XX əsrin sonlarında, XXI əsrin əvvəllərində bu məktəbin xalqımızın qarşısındakı xidmətləri xüsusi tarixi əhəmiyyətə malikdir.


XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında ayrıca mərhələ hesab oluna bilər. Məhz bu mərhələdə bizdə onomalogiyanın müstəqil nəzəri dilçilik sahəsi kimi formalaşması bilavasitə professor A.Qurbanovun şərəfli adı və cəfakeş fəaliyyəti ilə bağlıdır. Bundan əvvəl də onomastik vahidlərin tədqiqi dilçilərin diqqətini cəlb etmişdi. Lakin o zaman xüsusi adların linqvistik cəhətdən kompleks tədqiqinə meyil təsadüfi xarakter daşıyırdı. 80-ci iilərdə isə professor A.Qurbanovun yorulmaz tədqiqatçılıq fəaliyyəti nəticəsində bu sahədə ilk qiymətli elmi nəticələr əldə edildi.


O, bir-birinin ardınca «Azərbaycan onomastikası», «Azərbaycan onomalogiyası məsələləri», «Poetik onomastika», «Onomalogiyaya dair elmi-metodik göstərişlər» və s. kitablarını nəşr etdirdi. Alimin bu sahədəki ən böyük müvəffəqiyyəti 1988-ci ildə «Azərbaycan dilinin onomalogiyası» adlı çox qiymətli monoqrafiyasının nəşri oldu. Bu əsər Azərbaycan dilçiliyində və ümumiyyətlə türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli tədqiqinə həsr edilmişdi. Akademik Afad Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını şərh etmişdir. O, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirmişdir. Bundan əlavə, A.Qurbanov onomastik vahidlərin yaranması, inkişafı və dəyişməsi, poetik və üslubi xüsusiyyətləri, onların orfoqrafik və orfoepik problemlərinin nəzəri əsasları kimi məsələləri də işləmişdir. 1989-cu ildə bu fundamental əsər Dövlət mükafatına layiq görülmüşdür.


Akademik Afad Qurbanovun tədqiqatçılıq uğurları, əlbəttə, təkcə onomastika ilə bağlı deyil. Azərbaycanda ümumdilçilik tədqiqatlarını aparan ilk alim A.Qurbanov olmuşdur. Onun «Ümumi dilçilik» adlı dərsliyi pedaqoji ali məktəblər üçün milli zəmində yazılmış ilk dərslikdir. Alimin aşağıda müəyyən ixtisarla verilən kitablarının təkcə elə adları, güman edirəm ki, onun elmi uğurlarının miqyası və problematikası haqqında oxucuya hər şeyi deyir: «Ümumi dilçilik» (1972), «Ümumi dilçilik məsələləri» (1976), «Dilçiliyin tarixi» (1976), «Müasir Azərbaycan ədəbi dili» (1976), «İnsan və dil» (1973), «Bədii mətnin linqvistik təhlili» (1986), «Türkoloji dilçilik» (1993), «Dünyanın dil ailələri» (1994), «Azərbaycanın adlar lüğəti» (2002), «Azərbaycan dilçiliyinin problemləri» (2004), «Müasir Azərbaycan ədəbi dilinə dair praktikum» (2005) və i.a.


Bir qismi müxtəlif illərdə elmi praktik zərurət üzündən təkrar nəşr olunmuş bu əsərlərin bəziləri iki qalın cilddə, habelə xarici ölkələrdə işıq üzü görmüşdür.


Afad müəllim beynəlxalq elmi simpoziumlarda Azərbaycan dilçiliyini həmişə yüksək elmi səviyyədə, vətəndaş qeyrəti ilə təmsil edirdi. Moskvada, keçmiş SSRİ-nin türkdilli respublikalarının paytaxtlarında, eləcə də qardaş Türkiyənin Ankara, İstanbul, Qeysəriyyə şəhərlərində keçirilən yüksək səviyyəli elmi məclislərdə mən dəfələrlə bunun şahidi olmuşam.


Akademik Afad Qurbanov həmişə axtarışda olan zəhmətkeş bir tədqiqatçı kimi əldə etdiyi zəngin elmi uğurları yüksək peşəkarlıqla, həm Azərbaycan və türk dillərində, həm də rusca məruzələrində aramla, danılmaz faktlar əsasında dinləyicilərə çatdırar, bir qayda olaraq xitabət kürsüsünü alqış sədaları altında tərk edərdi.


Mən bu qənaətdəyəm ki, Azərbaycan və ümumi dilçilik elmində, türkologiyada, özəlliklə onomastikada, eləcə də ölkəmizdə ali təhsil problemlərinin müzakirə olunacağı tədbirlərdə həmişə Afad müəllimin yeri görünəcək, onun müdrik kəlamlarına ehtiyac duyulacaqdır.


Bu böyük alim həmkarlıqda, yoldaşlıqda, dostluqda da az adamla müqayisə edilə bilən nadir simalardan idi.


Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar müəllim, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Afad Qurbanovu mən belə tanıyırdım.