Akademik Ziyad Səmədzadə

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri,

akademik, millət vəkili



VƏTƏNPƏRVƏR VƏ MƏĞRUR ALİM



Hər bir dövlətin, xalqın inkişafı üçün vacib şərtlərdən biri onun dilidir və bu sahədə çalışan insanlar xalq tərəfindən həmişə sevilir, bundan sonra da seviləcəklər. Azərbaycan dilçilik elmi bazasının formalaşmasında, dilimizin saflığının qorunmasında respublikanın bir çox görkəmli dilçi alimləri fəallıq göstərmişlər. Mən böyük məmnuniyyətlə onların adlarını çəkmək istəyirəm: Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Əlövsət Abdullayev, Əliheydər Orucov, Zərifə Budaqova, Afad Qurbanov və başqaları. Bu alimlər dilçilik elminin layiqli nümayəndələri idi.


Afad müəllim gənclik illərindən Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparan, çox böyük və geniş elmi tədqiqatları olan görkəmli alimlərimizdəndir. Tale elə gətirib ki, mən 70-ci illərin əvvəllərindən Afad müəllimlə tanış olmuşam. Afad müəllim 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə edəndə mən Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda çalışırdım. O vaxt mən Moskvada namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıtmışdım. Bir neçə ildən sonra, 1971-ci ildə doktorluq dissertasiyamı müdafiə etdim və biz tez-tez elmi məclislərdə, ictimai-humanitar elmlərin inkişafı ilə əlaqədar keçirilən iclaslarda görüşür və çoxsaylı söhbətlər aparırdıq.


Bizim ən böyük əməkdaşlığımız, əlaqələrimiz 80-ci illərin ortalarından sonra inkişaf etməyə başladı. O vaxtlar mən Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışırdım, Afad müəllim isə Azərbaycanın qocaman təhsil ocaqlarından olan Azərbaycan Pedaqoji İnstitutunun rektoru idi. Biz tez-tez Mərkəzi Komitənin plenumlarında görüşürdük. Mən bir neçə dəfə institutda kollektiv qarşısında Azərbaycanın sosial-iqtisadi inkişafı barədə, Qarabağ problemləri ilə əlaqədar görüşlər keçirmiş və bu görüşlərə də Afad müəllim rəhbərlik etmişdi.


Afad müəllim, sözün əsl mənasında, elmi tədqiqatlarına görə ölkə hüdudlarından kənarda çox böyük nüfuza malik nadir dilçi alimlərimizdən idi, onun əsərləri MDB məkanında, habelə keçmiş Sovetlər İttifaqında da böyük rəğbətlə qarşılanırdı. Onun tərcümeyi-halı və elmi fəaliyyəti ilə yaxından tanış olanda görürsən ki, Afad müəllim nə qədər böyük elmi-pedaqoji yol keçib, mötəbər elmi məclislərin, beynəlxalq və Ümumittifaq elmi konfranslarının iştirakçısı olub, həm də bu konfranslarda və məclislərdə Azərbaycan dilinin saflığının qorunmasında, Azərbaycanda dil mədəniyyətinin inkişafı ilə əlaqədar olaraq çox maraqlı məruzələrlə çıxış edib.


Afad müəllim, həmçinin, respublikanın görkəmli ictimai xadimlərindən biridir. Mən Ali Sovetin sədrinin birinci müavini olan zaman Afad müəllim də deputat seçilmişdi. O illər, həqiqətən, Azərbaycanın ictimai-siyasi həyatında ən ağır, mən deyərdim ki, böhranlı illərdən sayılırdı, çünki ölkə daxilində hərcmərclik baş alıb gedirdi, erməni millətçilərinin ölkəmizə qarşı mübarizəsi şəraitində ölkənin, respublikanın idarə edilməsində çoxlu səhvlər buraxılırdı və Afad müəlim bir azərbaycanlı, bir ziyalı, alim kimi bu nöqsanlara qarşı mübariz mövqe tuturdu.


Mən böyük məmnuniyyətlə onun Ali Sovetin sessiyasındakı alovlu çıxışını xatırlayıram. Həmin çıxışda Afad müəllim açıq şəkildə respublika rəhbərliyindən tələb edirdi ki, Qarabağ müharibəsinə daha ciddi yanaşaq, ölkə daxilində siyasi sabitliyin təmin olunması, hərcmərcliyin aradan qaldırılması, qanunun aliliyinin təmin olunması üçün daha cəsarətli tədbirlər həyata keçirək, əhalinin vətənpərvər hisslərini gücləndirək, televideo və radio verilişlərinin istiqamətinin dəyişdirilməsi üçün daha təsirli tədbirlər görək. Hesab edirəm ki, Afad müəllimin o fikirləri Ali Sovetin sessiyasında iştirak edənlərin yaddaşında əbədi qalmış və qalacaqdır.


Afad müəllim təhsil təşkilatçısı kimi də Azərbaycanın ali təhsil işçiləri arasında böyük nüfuz qazanmışdı. O, təhsil sistemimizin təşkili və təkmilləşdirilməsi istiqamətində ciddi tədbirlər görmüşdür.


Bu gün Azərbaycan bir müstəqil dövlət kimi uğurla fəaliyyət göstərir və Azərbaycan dilinin qorunması istiqamətində mərhum Heydər Əliyevin müəyyən etdiyi strategiya bu gün səmərəli surətdə həyata keçirilir. Hamı çalışır ki, Azərbaycan dilinin saflığı təmin edilsin, Azərbaycan dili bir dövlət dili kimi daha yüksək səviyyədə qorunsun və tədqiqat işləri daha geniş istiqamətdə aparılsın. Heç şübhəsiz ki, bu məsələlərdə Afad müəllimin qoyduğu elmi irsdən də səmərəli şəkildə istifadə olunur və istifadə olunacaqdır.


Azərbaycanın dilçi alimləri Afad müəllimin elmi irsinin qorunub saxlanması üçün həmişə çalışaçaqlar. Onun yetişdirdiyi tələbələr, aspirantlar, alimlər də, Afad müəllim kimi, Azərbaycan dilinin saflığını qoruyacaq və vətəni sevəcəklər.


Afad Qurbanovun Azərbaycan dilinin inkişafı ilə əlaqədar gördüyü işlərin ən mühüm istiqamətlərindən biri 90-cı illərin əvvəllərində, ölkənin keçid dövründə, Azərbaycanda kiril əlifbasının dəyişdirilməsi ilə əlaqədar yaradılan Əlifba Komissiyasına başçılıq etməsi və yeni latın qrafikalı əlifbanı tərtib etməsidir. Mən deyərdim ki, bu, taleyüklü, hər bir alimə şərəf gətirən, daim hörmət qazandıran bir məsələ idi. Təbii ki, o dövrdə əlifbanın dəyişdirilməsi asan məsələ deyildi, Azərbaycan hələ SSRİ-nin tərkibində idi. İstər daxildə, istərsə də SSRİ məkanında, mərkəzi hökumətdə bu məsələyə laqeyd olanlar, bunu istəməyənlər də vardı. Buna baxmayaraq, Afad müəllimin rəhbərlik etdiyi komissiya əlifbanın dəyişdirilməsi ilə əlaqədar konkret işlər gördü. Əlifbanın dəyişdirilməsinin Azərbaycan xalqı üçün nə dərəcədə zəruri, necə lazımlı olduğu istiqamətində böyük təbliğat işləri aparılırdı. Ali Sovetin deputatı kimi Afad müəllimin platformasının tezislərindən biri də Azərbaycanda latın qrafikalı yeni əlifbanın tətbiqinin təmin olunması idi.


Mən Afad müəllimi vətən torpağını ürəkdən sevən, onun inkişafı, qorunması üçün əlindən gələni edən bir vətəndaş kimi də tanıyırdım. Bilirsiniz ki, Azərbaycanda uzun müddət ixtisaslı hərbi kadrlar hazırlanmayıb, buna çoxlu məhdudiyyətlər olub.


Ulu öndər Heydər Əliyev nə qədər əziyyət çəkdi ki, Azərbaycanda hərbi kadrların hazırlanması istiqamətində konkret işlər görülsün. Məhz Heydər Əliyevin dəstəyi ilə Afad müəllimin başçılıq etdiyi Pedaqoji Universitetdə ilk dəfə olaraq hərbi kadrların hazırlanması prosesi başlandı. Bu, çox böyük nailiyyət idi. Azərbaycanlı övladlar hərbi sirlərə yiyələnməyə başladı və Qarabağ döyüşlərində fədakarcasına vuruşan vətəndaşlar arasında bu universitetin məhz həmin hərbi fakültəsini bitirən məzunlar çox olmuşdur.