Akademik Budaq Budaqov

Budaq BUDAQOV,

Azərbaycan Milli Elmlər Akademiyası

Coğrafiya İnstitutunun direktoru, akademik


Sizə xüsusi hörməti olan keçmiş

tələbə yoldaşınızdan



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ

FƏAL VƏ ƏSL ÜZVÜ AFAD QURBANOV



Azərbaycan dilçiliyinin stabil qurucusu və havadarı olmuş ulu öndərimiz Heydər Əliyev Azərbaycan dilinə ən ümidli arxa olub «Azərbaycan dili dövlət dilidir» kimi dəyərli sözləri Azərbaycanın (hələ Sovetlər vaxtında) müqəddəs kitabına – Konstitusiyanın mətninə yazdırdı.


Azərbaycanın görkəmli dilçi korifeyləri – akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmir-çizadə, professorlar Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Əlövsət Abdullayev, Zərifə Budaqova və bir çox başqaları ilə bir sırada adı çəkilən dilçi alim, türkoloq və altayşünas Afad Qurbanovun AMEA-nın əsl və şərəfli üzvü kimi Azərbaycan dilçiliyinin inkişafında misilsiz xidmətləri olmuşdur.


Afad müəllim! Mənə məlumdur ki, siz ulu öndər Heydər Əliyevin bir insan kimi, bir görkəmli alim kimi etimadını qazandığınız üçün onunla mütəmadi görüşmüsünüz. Şübhəsiz ki, həmin görüşlər zamanı dilçiliklə bağlı sizin aranızda fikir mübadiləsi də olmuşdur. Mən ulu öndər Heydər Əliyevin şəxsi hörmətini qazandığınıza, Azərbaycan Əlifba Komissiyasının sədri kimi xalqımızın yeni latın qrafikalı əlifbaya keçməsində tarixi xidmətləriniz olduğunuza görə sizə öz razılığımı bildirir və keçmiş tələbə yoldaşı kimi sizinlə qürur hissi duyuram.


Sizdə olan səmimiyyət, etibar, dosta sadiqlik, həqiqət tərəfdarı, alim sadəliyi məndə sizə xüsusi bir hörmət və etibar qazandırmışdır.


Sizin Azərbaycan dilçiliyinin inkişafına, onun bugünkü zirvəyə qalxmasında çəkdiyiniz yaradıcı alim əməyi tədqiqatçı alim kimi məni məmnun edir. Bunun üçün sizdə xüsusi istedad, alim səviyyəsi, işgüzarlıq və şəxsi mədəniyyət, elmə ardıcıl məhəbbət var idi. Sizin ümumi dilçiliyin, Azərbaycan dilçiliyinin və türkoloji dilçiliyin inkişafında misilsiz rolunuz vardır. Dilçilik elmində əvəzsiz uğurlarınıza görə sizə öz vətəndaşlıq minnətdarlığımı və xalq yolunda 80 il mənalı həyat sürdüyünüzə görə öz razılığımı bildirirəm.


Afad müəllim! Sizin həyatınızda sadəliyiniz, insani keyfiyyətiniz və ciddi prinsipiallığınız durur. Prinsipsiz alim və ya insan heç kimə lazım deyil. Bu həyatda sizə hörmət qazandıran sadəliyiniz, daxili mədəniyyətiniz, biliyiniz və bir alim kimi məhsuldar işgüzarlığınız olmuşdur.


Siz dünyanın ən xoşbəxt adamlarından birisiniz ki, el-oba, Azərbaycan xalqı sizə faydalı əməllərinizə, yaxşı təşkilati qabiliyyətinizə, alim uğurlarınıza görə öz minnətdarlığını daim bildirir.


Deməli, bu həyatda İlahinin sizə ayırdığı ömür kəsimində mənalı yaşayaraq həyat sürübsünüz. Buna görə də mən bir dost kimi çox sevinirəm.


Hər bir görüşdəki söhbətimizdən mən mənəvi zövq alır və orada ötən vaxtı ömrümün ən mənalı saatlarından hesab edirəm. Xoş əməllərinizə görə Allah sizdən razı qaldığı kimi, mən də bir dost kimi sizdən çox razıyam.


Afad müəllim! Siz məşğul olduğunuz ixtisasla xalqa düzgün yol göstərir, savadsızlara savad öyrədirsiniz. Dilçilik elmi qalan bütün elmlərə və onların kökünə dayaq olur. Elm bəşəriyyətin biokompasıdır. Elmsiz dünya günəşli dünyada da zülmət içində olar. Elm bəşəriyyətin təfəkkür yaddaşıdır. Dilçilik elmi savadsızlara savad verir, onları dilçilik məntiqi ilə həyata sıx bağlayır. Dilçilik elmi xalqın mənəvi dünyasına işıq saçan elmdir.


Dilçilik elmi insana ünsiyyət verir. Dilsiz insanlar dünyada lal olar. Dil xalqlar arasında ünsiyyət vasitəsidir.


Bu gecə – 28-dən 29-na keçən gecə mən kəndlilərimizin birindən eşitdim ki, Afad Qurbanov dünyasını dəyişib.


Heyif, Qurbanov Afad, Sizin kimi oğulu, dilçi alimi itirmək bu millət üçün böyük faciədir. Bu bəd xəbəri eşidəndə içimdən göynədim, qovruldum və özümü danladım ki, nə üçün bu qara xəbəri mən eşitdim.


Azərbaycan dilçilik elminin ən parlaq ulduzlarından biri də dünyasını dəyişdi. Ancaq Afad Qurbanov bu dünyada azərbaycanlılara yeni əlifba yazmaqla, ad və soyadlarının verilməsi qaydasını müəyyən etməklə, öz sanballı əsərlərini verməklə, böyük sayda yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlamaqla uca bir ad qoyub getdi. Bundan əlavə, o, milləti üçün layiqli beş alim övlad yetişdirdi.