Akademik Abel Məhərrəmov

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, millət vəkili

 


GÖRKƏMLİ ALİM VƏ İCTİMAİ XADİM

 

Xalqımızın görkəmli alimlərindən olan akademik Afad Qurbanov XX əsrdə yetişmiş böyük alimlərimiz sırasında özünəməxsus yer tutur. Azərbaycan dilçiliyinin elmi səviyyədə təşəkkül tapdığı 50-60-cı illərdə Ə.Dəmirçizadə, A.Abdullayev, M.Şirəliyev kimi korifeylərlə birgə dilimizin incəliklərini tədqiq edən və ona elmi status verən alimlər sırasında Afad müəllimin xüsusi yeri vardır.


70-dən artıq kitab, 500-dən çox məqalə müəllifi olan Afad Qurba-novun dilçiliyin bütün sahələrinə aid yüksək səviyyəli tədqiqatları filoloji tariximizin bəzəyidir. Ümumi dilçilikdən ali məktəblərin pedaqogikasına qədər çoxşaxəli tədqiqatlar, orijinal fikir və mülahizələr onun yaradıcılığının xarakterik cəhətləridir. Maraqlıdır ki, Afad müəllim öz tədqiqatlarında yalnız Azərbaycan dilinin materiallarından yox, həm də digər türk dillərinin materiallarından istifadə etmişdir. Müqayisəli təhlil bir çox maraqlı cəhətləri üzə çıxarır.


Mən xüsusilə onun Azərbaycan onomalogiyası ilə bağlı çox dəyərli tədqiqatlarını və əldə etdiyi uğurları vurğulamaq istəyirəm. Çünki bu sahə üzrə Afad müəllimin əldə etdiyi nəticələr bütün türkoloji dilçilikdə ilk dəfə tədqiq olunmuşdur. Afad Qurbanov hər dilçiyə nəsib olmayan, dilçilik elmimizdə elmi məktəbin – onomastika elmi məktəbinin banisidir.


Afad Qurbanovun 1990-1992-ci illərdə fəaliyyəti xüsusi vurğulanmalıdır. Həmin ərəfədə onun Azərbaycan Əlifba Komissiyasının sədri və əlifba islahatçısı kimi latın qrafikası əsasında yeni əlifbanın hazırlanmasında və qəbul olunmasında, habelə Azərbaycan dilinin qorunub saxlanmasında və geniş istifadəsinin təmin edilməsində əvəzsiz xidmətləri olmuşdur.


Akademik Afad Qurbanovu xalqımıza sevdirən, onu yaddaşlara əbədi yazan amil yalnız cild-cild kitabları, dərin elmi tədqiqatları, elmi yenilikləri deyil. O, həm də xalqımızın ictimai fikir tarixində özünəməxsus mühüm yer tutmuş insanlardandır.


İstər Azərbaycan dilçiliyi kafedrasının müdiri kimi, istər Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı kimi, istərsə də həmin qocaman təhsil ocağının rektoru kimi onun fəaliyyəti yeni nəsil alimlər, ziyalılar ordusunun yetişməsi ilə nəticələndi. Məhz onun qayğısı və təşkilatçılığı ilə həmin Pedaqoji Universitet böyük uğurlara imza atan elm mərkəzinə çevrilə bildi.


1980-1989-cu illərdə Azərbaycan Pedaqoji İnstitutuna (APİ) rektor kimi rəhbərlik etdiyi dövrlər həmin ali məktəbin həyatında xüsusi mərhələ sayılır. Məhz həmin illərdə APİ özünün intibah dövrünü yaşamış, cəmiyyətdə baş verən müxtəlif siyasi hadisələrə baxmayaraq, pedaqoji kadrların hazırlığı yüksək səviyyədə təşkil olunmuşdu.


Respublikanın pedaqogika və filologiya elmləri üzrə müdafiə şuralarının sədri kimi böyük fəaliyyətlə yanaşı, rektorluq vəzifəsi, üstəlik Bakı Şəhər Sovetinin və Azərbaycan parlamentinin deputatı səlahiyyətləri bütün həyatını xalqına həsr etmiş Afad müəllimin 80-ci illərdəki gərgin ömür yolunu az-çox xarakterizə edir.


Cəmiyyətin qəbul etdiyi, böyük ehtiramla hər zaman xatırladığı görkəmli şəxsiyyətlər sırasında bir müqəddəs ad var – Afad Qurbanov. Böyük elmi irs, şirin xatirələr qoyub getmiş gözəl ziyalının adı hələ uzun illər yaşayacaqdır.