Akademik Arif Mehdiyev

Arif MEHDİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Ali Attestasiya Komissiyasının sədri, akademik

 


DÜNYAŞÖHRƏTLİ DİLÇİ-ALİM VƏ MAHİR PEDAQOQ

 

Dövlətin həyatında və cəmiyyətin inki-şafında yüksək ixtisaslı kadrlar mühüm rol oynayır. Təsadüfi deyil ki, hər hansı bir ölkənin tərəqqisi bir çox amillərlə yanaşı, ziyalılarının, vətəndaşlarının bilik səviyyəsi ilə də müəyyən olunur. Buna görə də hər bir elm xadiminin fəaliyyətinin vacib bir sahəsini çalışdığı ixtisas üzrə elmi kadrlar yetişdirmək işi təşkil edir.


Azərbaycanın görkəmli dilçi alimi, tanınmış türkoloq, beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türkiyə Türk Dil Qurumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin həqiqi üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi və ya fəxri üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov bütün ömrünü, elmi-pedaqoji fəaliyyətini ölkəmiz üçün yüksək ixtisaslı müəllim kadrların yetişdirilməsinə və filoloq-alimlərin hazırlanmasına həsr etmişdir. O, çox az alimə nəsib ola bilən güclü bir ziyalı dilçi mühiti yarada bilmişdir.


Akademik A.Qurbanov təkcə respublika üçün deyil, başqa ölkələr üçün də, xüsusilə 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin sədr müavini və Tədris-Metodiki Bölməsinin rəhbəri vəzifələrində çalışarkən bütün postsovet məkanı üçün yüksək ixtisaslı elmi kadrların – türkoloqların yetişdirilməsində öz bacarığını əsirgəməmişdir.


Bu onun güclü elmi potensialından, istedadından, təşkilatçılıq bacarığından irəli gəlirdi. Afad Qurbanov bütün həyatı boyu dilçilik elminin inkişafı istiqamətində işgüzarlığı və məhsuldarlığı ilə fərqlənmiş, böyük sayda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında yüksək əmək coşqunluğu ilə fəaliyyət göstərmişdir.


A.Qurbanov yüksək ixtisaslı minlərlə filoloq-müəllim, 60-a yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Azərbaycan dilçilik elminin potensialının gücləndirilməsində bu elmi kadrlar çox böyük rol oynamışdır. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Afad müəllimin orada tələbəsi olmasın, onun yazdığı elmi kitablardan və dərsliklərdən istifadə edilməsin.


Ölkənin ən qocaman ali pedaqoji məktəbi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə rəhbərlik etdiyi dövrdə akademik A.Qurbanovun respublikanın təhsil müəssisələrinin yüksək ixtisaslı müəllim kadrlarla təmin edilməsində böyük xidmətləri olmuşdur.


Afad Qurbanovun elmi-pedaqoji təşkilatçılıq qabiliyyəti, xüsusilə 1981-1989-cu illərdə Filologiya elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika elmləri üzrə Müdafiə Şurasının sədri vəzifələrində özünü daha çox göstərmişdir. Həmin dövrdə müdafiə şuralarının iclasları mütəşəkkil keçirilmiş, şuralara təqdim edilmiş dissertasiyalar müvəffəqiyyətlə müdafiə edilmiş və hamısını Ali Attestasiya Komissiyası yekdilliklə təsdiqləmişdir. Şuraların və onların sədri A.Qurbanovun ünvanına Ali Attestasiya Komissiyasından yaxşı işinə görə həmişə təşəkkür məktubları göndərilmişdir. Təsadüfi deyil ki, Ali Attestasiya Komissiyası məhz A.Qurbanovun təsisçiliyi ilə yaradılmış “Onomastika” jurnalını ölkənin elmi nəşrlər siyahısına daxil etmişdir.


Afad Qurbanovun elmi və pedaqoji fəaliyyəti ölkəmizdə daim yüksək qiymətləndirilmişdir. O, 1970-ci ildən indiyədək yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə görə həm ölkə başçısı, həm də Elmlər Akademiyasının Rəyasət Heyəti (1981, 1994, 1999) və Təhsil Nazirliyi (1970, 1971, 1973, 1979, 1980) tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Həmçinin 1981-ci ildə respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə A.Qurbanova Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adı da verilmişdir.


Akademik Afad Qurbanovu digər dilçilərdən fərqləndirən cəhət ondan ibarət idi ki, o, çoxcəhətli elmi yaradıcılığa malik idi, Azərbaycan dilçiliyinin bütün sahələrini araşdıra və həmin sahələrə dair öz elmi sözünü deyə bilmişdir. A.Qurbanov dilçiliyin vacib problemlərinə həsr edilmiş 70-dən çox fundamental irihəcmli kitabın və yüzlərlə elmi məqalənin müəllifi olmuşdur. Bu da A.Qurbanovun hər dilçiyə nəsib olmayan elmi məhsuldarlığının bariz nümunəsidir.


Ümumi dilçilik və Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə həsr edilmiş nadir fundamental elmi-tədqiqat əsərlərinin və dərsliklərin müəllifi, nəzəri və praktik məsələlər üzrə ən məhsuldar alimlərimizdən olan Afad Qurbanov öz tədqiqatlarını, əsasən, dilçiliyimizin az öyrənilmiş sahələrinə həsr etmişdir.


A.Qurbanovun ümumi dilçilik, Azərbaycan dili, onomalogiya, türk dillərinin müqayisəli tədqiqi sahəsində əldə etdiyi elmi nəticələr ona haqlı şöhrət qazandırmışdır.


Azərbaycanda ümumdilçilik tədqiqatlarını aparan ilk alim A.Qurbanov olmuşdur. Onun “Ümumi dilçilik” adlı dərsliyi bir neçə dəfə çap olunmuşdur. Hazırda da bütün dilçi alimlərin, müəllim, tələbə və aspirantların stolüstü kitabı olan bu əsər pedaqoji universitetlər üçün milli zəmində yazılmış ilk dərslikdir.


Akademik A.Qurbanov Azərbaycanın dilçilik tarixində elmi məktəb yaratmış nadir dilçi alimlərdən olmuşdur. Azərbaycanda onomastika elmi məktəbinin banisi A.Qurbanov olmuş və onun dilçiliyin bu sahəsində verdiyi töhfələri, xüsusilə Azərbaycan dilçiliyində və ümumiyyətlə türkoloji dilçilikdə ilk elmi fundamental kitab olan, 1988-ci ildə nəşr edilmiş “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) monoqrafiyası dünyanın görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.


Azərbaycan əlifbasının islahatçısı kimi A.Qurbanovun 90-cı illərin əvvəllərində əvəzolunmaz xidmətlərindən biri də Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində çalışarkən xalqımız üçün dilimizin fonetik qaydaları nəzərə alınmaqla yeni (hazırkı) əlifbanı hazırlaması idi.


Akademik Afad Qurbanov zəngin erudisiyaya, dərin biliyə malik elm fədaisi idi. O, bütün mənalı həyatını, 80 illik həyatının 60 ilini, elmi istedadını Azərbaycan dilçiliyinin inkişafına həsr edən, xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına verən əvəzsiz, görkəmli dilçi alim olmuşdur.


Belə mənalı həyat sahibini təkcə elm adamları, müəllimlər deyil, həm də xalqımız unutmayacaqdır.