Professor Misir Mərdanov

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

professor



GÖRKƏMLİ ALİM, TANINMIŞ TƏHSİL TƏŞKİLATÇISI


Biz keçən ilin payızında Azərbaycan MEA-nın üzvü, görkəmli təhsil təşkilatçısı, ana di-limizin fədakar tədqiqatçısı, tanınmış dilçi professor Afad Qurbanovun 80 illik yubileyinə hazırlaşdığımız bir zamanda bu böyük alimin qəfil ölüm xəbəri hamımızı sarsıtdı. Təəssüf ki, Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, ömrünün 50 ildən çoxunu doğma dilimizin tədqiqinə və tədrisinə həsr etmiş akademik Afad Qurbanovun 80 illik yubileyini özünün iştirakı ilə gərəyincə təşkil etmək bizə, onun həmkarlarına, yetirmələrinə, tələbələrinə nəsib olmadı. Lakin yeganə təsəllimiz budur ki, Afad müəllim özündən sonra Azərbaycan dili ilə bağlı zəngin elmi-pedaqoji irs qoyub getdi…


Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, beynəlxalq və milli elmlər akademiyalarının akademiki, AMEA-nın üzvü Afad Məhəmməd oğlu Qurbanovun həyat və yaradıcılığını əks etdirən kitabı Azərbaycan Milli Elmlər Akademiyası və Ali Attestasiya Komissiyası ilə birlikdə hazırlamaq təklifini alanda məmnuniyyətlə razılığımı bildirdim. Doğrudur, tanınmış insanlar, görkəmli alimlər haqqında yazı, xatirə yazmaq, fikir söyləmək, onları oxuculara və elmi ictimaiyyətə yetərincə təqdim etmək olduqca çətin və məsuliyyətli bir işdir. Çünki bu çətinlik, bu məsuliyyət həmin alimin elm sahəsində sanballı, elmə verdiyi töhfələri, insanlara, vətənə, millətə, dövlətə münasibəti ilə bağlıdır. Digər tərəfdən, həmin alimin həyatda olmaması, haqq dünyasına qovuşması onun haqqında söz deməyin məsuliyyətini bir az da artırır…


Bu mənada haqqında yazacağım ürək sözlərimi keçmiş zamanda ifadə edəcəyim akademik Afad Qurbanov elmdə və təhsildə olduğu kimi, həyatda da çoxları üçün əlçatmaz zirvələri fəth etmiş, şərəfli bir ömür yaşamış alim-müəllim-ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə əbədi məskən salmış insan idi…


Böyük həssaslıqla qələmə aldığım bu kövrək sətirlər Afad müəllimə olan ülvi insani hisslərimin təzahürü, elmi-pedaqoji fəaliyyətinin müdriklik çağında qəflətən dünyasını dəyişən görkəmli türkoloq, dilçi alim, Azərbaycan Dövlət Pedaqoji Universitetində uzun illər dekan, kafedra müdiri və rektor kimi çalışmış, Azərbaycan dilçiliyi, ümumi dilçilik, türkologiya və onomastika sahələrində sanballı əsərləri ilə dilçilik elmində dərin iz qoymuş Azərbaycan ziyalısı haqqında düşüncələrimin səmimi ifadəsidir…


Afad müəllim klassik müəllimlərə, köhnə kişilərə xas olan ədəb-ərkan, səliqə-sahman, oturuşu-duruşu ilə hamını özünə cəlb edən saf ürəkli, həlim təbiətli bir insan idi. Mən onu həmişə belə görmüşəm, belə tanımışam. Afad müəllimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zamankı Azərbaycan Pedaqoji İnstitutu) rektoru olduğu illərdə daha yaxından tanımış və hər zaman hörmət bəsləmişəm.


Afad Qurbanov Azərbaycanın təhsil sahəsində təhsil təşkilatçısı kimi tanınmışdır. O, 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi və Maarif Nazirliyinin elmi-metodiki şuralarının sədr müavini, sonradan Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və əksər komissiyaların üzvü kimi ölkədə təhsilin təşkili və təkmilləşdirilməsi sahəsində xeyli iş görmüşdür. Onun ali pedaqoji müəssisələr üçün dilçiliyin müxtəlif sahələrinə (ümumi dilçilik, onomastika, nitq mədəniyyəti, bədii mətnin linqvistik təhlili və s.) dair tərtib etdiyi metodiki tədris proqramlarının böyük faydası olmuşdur.


Yaxşı yadımdadır, 1981-89-cu illərdə ölkənin qocaman ali məktəblərindən birinə Azərbaycan Pedaqoji İnstitutuna uğurla başçılıq edən professor Afad Qurbanov bu illərdə bacarıqlı təhsil təşkilatçısı kimi daha da məşhurlaşdı, onun gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində həmin ali təhsil müəssisəsinin nüfuzu xeyli artdı, onun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirildi, müəllim kadrların hazırlıq səviyyəsi və keyfiyyəti yüksəldi, yeni tədris korpusu tikildi.


Nəzərə almaq lazımdır ki, Afad müəllimin elmi-pedaqoji fəaliyyəti, təhsildə idarəetmə və təşkilatçılıq bacarığı rektor olmazdan çox-çox əvvəllərdə, 1968-81-ci illərdə filologiya fakültəsinin dekanı vəzifəsində çalışdığı müddətdə də özünü parlaq şəkildə göstərmişdi. Bir həqiqəti etiraf etməliyəm ki, Afad müəllim həmin fakültənin dekanı və kafedra müdiri (1979-2009-cu illər) kimi bütün elmi-pedaqoji fəaliyyətini Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kadrların, eləcə də yüksək ixtisaslı elmi-pedaqoji kadrların yetişdirilməsi kimi müqəddəs bir amalın gerçəkləşməsinə həsr etdi.


Hesab edirəm ki, Afad müəllimdə güclü elmi potensialla yanaşı, tədris prosesinin təşkili və təhsili idarəetmə sahəsində xüsusi istedad vardı. Mənə elə gəlir ki, o, böyük alim olmaqla bərabər bacarıqlı təhsil təşkilatçısı, tədrisin təşkilində nizam-intizam, qayda-qanuna zərgər dəqiqliyi ilə əməl edən və hamını buna çağıran mahir bir idarəedici idi. Tədrisin təşkilinə bu cür məsuliyyətlə yanaşmanın, fakültədə yaranmış yüksək tədris və mənəvi iqlim sayəsində filologiya fakültəsi onun dekanlığı dövründə institutda aparıcı və nüfuzlu fakültəyə çevrildi. Təsadüfi deyildir ki, onun zəngin və unikal iş təcrübəsi, yüksək təşkilatçılıq bacarığı respublika rəhbərliyi tərəfindən nəzərə alınaraq fakültə dekanlığından ali məktəb rektorluğu kimi məsuliyyətli vəzifəyə irəli çəkilmişdi…


Elmdə çoxları üçün əlçatmaz olan zirvələri fəth etmiş akademik Afad Qurbanov Azərbaycan dilçilik elminin inkişafına layiqli töhfələr vermiş, Azərbaycan onomastikası elmi məktəbini yaratmış və onomastika sahəsində elmi uğurlarına görə Dövlət mükafatına layiq görülmüş alim idi. Bu böyük alimin rəhbərliyi altında 60-a qədər yüksək ixtisaslı mütəxəssis – elmlər namizədi və elmlər doktoru yetişmişdir.


Elmi araşdırmaları və çoxsaylı ali məktəb dərslikləri ilə Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr vermiş professor Afad Qurbanov dəfələrlə Azərbaycan elmini və təhsilini nüfuzlu beynəlxalq elmi-nəzəri konfranslarda ləyaqətlə təmsil etmiş, elmi nəticələri ilə vətən elmini zənginləşdirmiş həqiqi ziyalı alimlərimizdən idi. Təsadüfi deyildir ki, onun elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuş, əsərlərindən beynəlxalq səviyyədə sanballı elmi mənbə kimi istifadə edilmişdir.


O, Azərbaycan dilçiliyi, ümumi dilçilik, türkoloji dilçilik və onomastika sahəsində 70-dən çox kitabın (monoqrafiya, dərslik, dərs vəsaiti və s.), 500-dən artıq sanballı elmi məqalənin müəllifi idi. Onun təlim rus dilində olan ümumtəhsil məktəblərinin XI sinfi üçün “Azərbaycan dili” dərsliyi, ali məktəblər üçün ikicildlik “Ümumi dilçilik”, “Azərbaycan onomalogiyasının əsasları”, “Müasir Azərbaycan ədəbi dili”, “Bədii mətnin linqvistik təhlili” kimi dərslik və dərs vəsaitləri bu gün də təhsil sisteminə ləyaqətlə xidmət etməkdədir. Alimin qələmindən çıxan həmin dərslik və dərs vəsaitləri bu gün də şagirdlərin və tələbələrin, eləcə də dilçi-filoloq mütəxəssislərin stolüstü kitabı olaraq qalır.


Azərbaycan təhsili və elmi qarşısındakı yüksək xidmətlərinə və qazandığı nailiyyətlərə görə professor Afad Qurbanovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1981-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı verilmiş, 1989-cu ildə Dövlət mükafatına layiq görülmüşdür.


Afad müəllim 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, latın qrafikalı əlifbanın hazırlanması və tətbiqi yolunda Azərbaycan Əlifba Komissiyasının sədri kimi gərgin əmək sərf etmiş, müstəqilliyin ilk illərində dövlət dili ilə bağlı yeni qanunvericilik aktlarının qəbulunda yaxından iştirak etmişdir.


Afad Qurbanov geniş yaradıcılıq imkanlarına və dərin biliyə malik alim, xalqını ürəkdən sevən vətənpərvər ictimai xadim, sadə, təvazökar insan, bütün şüurlu həyatını, tükənməz elmi istedadını, yaradıcılıq potensialını Azərbaycan dilçiliyinin inkişafına, ana dilimizin tədqiqinə, tədrisinə və təbliğinə sərf etmiş alim-müəllim-ziyalı idi…


Akademik Afad Qurbanovun elmi və pedaqoji fəaliyyəti bütöv bir vəhdət təşkil edirdi. Onun şərəfli ömür yolunun bioqrafiyasını zəkasının nurunu, gözünün işığını, qəlbinin hərarətini Azərbaycan dilçilik elminin və təhsilinin inkişafına həsr edən alim-müəllim həyatı təşkil edir. Bu mənada Afad müəllimin həyat salnaməsində alimlik və müəllimlik hər zaman qoşa addımlamış, bir-birini tamamlamışdır.


Professor Afad Qurbanov təhsildə yüksək təşkilatçılığı ilə yanaşı, qayğıkeş pedaqoq, xeyirxah insan, hamıya örnək olan vətəndaş ziyalı və ziyalılığı yüksək qiymətləndirən vətənpərvər alim idi. Aydındır ki, ziyalı millətin yo-luna işıq tutan, insanlara elm, təhsil, mənəviyyat nuru çiləyən, onu aydın sabaha aparan insandır. Ziyalı vətən və millət yolunda zəkasını, intellektini əsirgəməyən insan olub, yaxşıların yaxşısı, mənəviyyatca zəngin şəxsiyyətdir. Ziyalı millətinə, dövlətinə sədaqətlə xidməti ilə, cəmiyyətə verdiklərinin sanbalı və miqyası ilə böyükdür. Ziyalı üçün vətən sevgisi, millət duyğusu, dövlət sayğısından ali hiss, müqəddəs dəyər yoxdur… Afad müəllim ziyalılıqla bağlı, bax, bu sadaladığım dəyərləri özündə üzvi şəkildə birləşdirən alim-müəllim-ziyalı idi.


Təəssüflər olsun ki, Afad müəllim bu gün aramızda yoxdur. Hesab edirəm ki, o, cismən aramızda olmasa da, mənən bizimlə olub, onu sevənlərin, dostlarının, həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində, çoxsaylı elmi araşdırmalarında yaşayır və yaşayacaqdır… Yazımın sonunda ömrünü elm və təhsil yolunda şam kimi əritmiş, əsl ziyalı-alim-müəllim ömrü yaşamış akademik Afad Qurbanova Ulu Tanrıdan rəhmət diləyirəm…