Akademik Mahmud Kərimov

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

prezidenti, akademik

 

XX ƏSRİN GÖRKƏMLİ DİLÇİ-ALİMİ AFAD QURBANOV

 

XX əsrin Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, istedadlı alim, pedaqoq və elm təşkilatçısı, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türkiyə Türk Dil Qurumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin həqiqi üzvü, dünyanın bir çox linq-vistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi və ya fəxri üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov 80 il mənalı ömür sürmüşdür. A.Qurbanovun ümumi dilçilik, Azərbaycan dilçiliyi, müasir Azərbaycan dili, onomalogiya, türk dillərinin müqayisəli tədqiqi sahəsində əldə etdiyi elmi nəticələr ona haqlı şöhrət qazandırmışdır.


Məşhur filoloq, akademik A.Qurbanov geniş yaradıcılıq qabiliyyətinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar, ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi. O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına verən əvəzsiz dilçi alimlərdən olmuşdur.


Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspirantlıqdan Azərbaycan SSR Elmlər Akademiyasının üzvlüyünə qədər şərəfli bir elmi tədqiqatçı yolu keçmişdir.


Görkəmli alim A.Qurbanovun elmi fəaliyyəti hələ SSRİ dövrünün məşhur sovet dilçi alimləri akademik A.Kononov, akademik E.Teneşev, professor A.Şerbak və başqaları tərəfindən yüksək qiymətləndirilmiş və o, SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin üzvü, Türk Onomastikası Bölməsi bürosunun üzvü, Tədris-Metodiki Bölməsinin sədri və sonradan həmin komitənin sədr müavini (1985-1989) vəzifələrinə layiq görülmüşdür.


A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1988-ci ildə isə ilk alim-filoloq olmuşdur ki, onun namizədliyi SSRİ Elmlər Akademiyası tərəfindən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə akademik seçilməsi üçün irəli sürülmüşdür.


Afad Qurbanov elmi yaradıcılıq fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əlaqəli aparmaqla Azərbaycan dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməmiş, Azərbaycan Milli Elmlər Akademiyasında Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai İşlər üzrə Əlaqələndirmə Şurasının, Dilçilik İnstitutunun elmi və müdafiə şuralarının, habelə digər bir çox komissiyaların üzvü olmuş, gərgin və səmərəli fəaliyyəti ilə seçilmişdir.


Ölkəmiz müstəqilliyini əldə etdiyi zaman istedadlı alim, bacarıqlı təşkilatçı olan A.Qurbanov bütün qüvvə və səylərini xalqın arzu və istəyi olan Azərbaycan əlifbasının latın qrafikasına keçməsinə həsr etmişdir. Onun latın qrafikalı yeni əlifbaya keçdiyimiz dövrdə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu olmuş, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir. Həmçinin A.Qurbanov Azərbaycan dilinin rəsmi dövlət dili kimi qanuniləşdirilməsi və geniş istifadə olunmasının təmin edilməsində ən fəal rol oynayan dilçilərimizdən olmuş, dövlət dili ilə bağlı yaradılmış komissiyaların üzvü kimi Azərbaycan xalqı üçün xeyli tarixi iş görmüşdür. A.Qurbanovun 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı kimi platformasının əsas tezisləri məhz bu məsələlərə həsr edilmişdir.


Bununla yanaşı, A.Qurbanovun bütün türkdilli xalqlar üçün ortaq türk əlifbasının yaradılmasında xüsusi xidmətləri olmuş, onun təşəbbüsü və iştirakı ilə tərtib edilmiş ortaq türk əlifbası layihəsi 1993-cü ildə Türkiyədə türkdilli dövlətlərin nümayəndələrinin toplantısında qəbul edilmişdir.


Azərbaycan dilçiliyinin korifeyləri – Ə.Dəmirçizadə (fonetika, dil tarixi), M.Şirəliyev (dialektologiya), Ə.Abdullayev (sintaksis), Ə.Orucov (lüğətçilik) və başqaları ilə adı bir sırada çəkilən akademik A.Qurbanovun (ümumi dilçilik, müasir Azərbaycan ədəbi dili, onomastika, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlili) üstün cəhəti ondan ibarət idi ki, məşhur alim Azərbaycan dilçiliyinin əksər sahələrini əhatə edən çoxşaxəli elmi yaradıcılığa malik olmuşdur. O, dilçi korifeylər arasında elmi əsərlərinin sayına görə ən məhsuldar dilçi olmuşdur. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Afad Qurbanov onu araşdırmamış və münasibət bildirməmiş olsun. O, ümumi dilçilik, türkoloji dilçilik, Azərbaycan dilçiliyi elminin tədqiqatlarına dair 70-dən çox irihəcmli kitabın və 500-dən artıq elmi-metodiki məqalənin müəllifidir. A.Qurbanovun “Ümumi dilçilik” (2 cilddə), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cilddə), “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə), “Bədii mətnin linqvistik təhlili”, “Azərbaycan şəxs adları ensiklopediyası”, “Dünyanın dil ailələri” və s. əsərləri dilçilik elminin nadir fundamental tədqiqatlarındandır.


Professor A.Qurbanovun elmi tədqiqatlarının əsas mövzu və istiqamətlərinə ümumdilçilik və türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomastika, bədii əsərlərin dili, ali məktəb pedaqogikası və metodikası sahələri daxildir.


Azərbaycanda ümumdilçilik tədqiqatlarını aparan ilk alim A.Qurbanov olmuşdur. Onun “Ümumi dilçilik” adlı dərsliyi (1977, 1989, 1993, 2004, 2010) Azərbaycanın pedaqoji ali təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslikdir və bu gün də bütün dilçi alimlərin, müəllim, tələbə və aspirantların stolüstü kitabıdır. Həmin kitab Türkiyədə və Rusiyada da çap olunmuşdur.


A.Qurbanovun elmi yaradıcılığında türkoloji dilçilik məsələləri xüsusi yer tutur. Azərbaycan dilçiliyində “türkoloji dilçilik” terminini də ilk dəfə professor A.Qurbanov işlətmişdir. Türk dünyasının geniş və dərindən tədqiqata cəlb olunması müasir elmin ən aktual problemlərindəndir və A.Qurbanov bu problemlər ətrafında düşünmüş, onun gərgin axtarışları və tədqiqatları nəticəsində “Türkoloji dilçilik” kitabı 1993-cü ildə nəşr edilmişdir.


Professor A.Qurbanov “Müasir Azərbaycan ədəbi dili” adlı dərsliyi ilə (1968, 1985, 2003, 2010) Azərbaycan dilçiliyinə yeni ruhda bir əsər gətirmişdir. Həmin dərslik Azərbaycanda uzun illər yeganə dərslikdir ki, ali pe-daqoji məktəblərin filologiya və başqa fakültələrində geniş tədris olunan kitaba çevrilmişdir. Həmin əsərdən xarici dövlətlərin də dilçi alimləri istinad mənbəyi kimi istifadə edirlər. Ümumiyyətlə, A.Qurbanovun ana dilimizin tədqiqinə həsr etdiyi bütün dəyərli əsərlərindən Azərbaycan xalqı daim faydalanacaqdır.


Azərbaycan dilçilik tarixində elmi məktəb yaratmış az sayda dilçilərimiz mövcuddur. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ hesab oluna bilər və bu mərhələdə Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi – elmi məktəb kimi formalaşması bilavasitə professor A.Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahədəki ən böyük müvəffəqiyyəti 1988-ci ildə “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) adlı monoqrafiyasının nəşri oldu. Bu əsər Azərbaycan dilçiliyində və ümumiyyətlə türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik tədqiqinə həsr olunmuşdur. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmışdır. Həmin kitab Türkiyədə və Rusiyada da çap olunmuşdur. Bundan əlavə, A.Qurbanovun onomastika sahəsi ilə bağlı 100-dək məqaləsi, onlarla kitabı çap olunmuşdur. Onun təşəbbüsü ilə hər il ardıcıl olaraq Azərbaycanın və müxtəlif ölkələrin tədqiqatçı alimlərinin iştirakı ilə genişmiqyaslı onomastika tədqiqatlarına dair elmi konfranslar keçirilmişdir.


Dil tarixinin tədqiqində bədii əsərlərin dilinin öyrənilməsinin xüsusi əhəmiyyəti vardır. Akademik A.Qurbanovun yaradıcılığında bu məsələlər xüsusi yer tutur. O, yaradıcılığa başladığı ilk illərdən S.Vurğunun dramaturgiyasının dili üzərində araşdırmalar aparmış, bununla bərabər bir çox klassik Azərbaycan sənətkarlarının da bədii dilini tədqiq etmişdir. Bu sahədə ali məktəb üçün “Bədii mətnin linqvistik təhlili” fənninə dair proqram və ilk dərsliyi o hazırlamışdır.


Professor A.Qurbanovun elmi fəaliyyətinin mühüm bir hissəsini ali məktəb pedaqogikası və metodikası sahəsi təşkil edir. Onun bir müddət orta məktəbdə, uzun müddət isə ali məktəbdə çalışması elmi yaradıcılığında xüsusi iz qoymuşdur. Alimin nəşr etdirdiyi “Dilçilikdən kurs və diplom işləri” (1985), “Məktəb islahatı və pedaqoji təhsil problemləri” (1985), “Kurator və tələbə” (1989) adlı kitabları müəllimlər üçün faydalı vəsaitlərə çevrilmişdir. O, ilk dəfə olaraq respublika ali məktəblərində tədris edilən dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olmuşdur.


Hər bir elm xadiminin fəaliyyətinin bir hissəsini çalışdığı sahə üzrə elmi kadrlar yetişdirmək işi təşkil edir. A.Qurbanov heç kəsə nəsib olmayacaq güclü bir ziyalı mühiti yarada bilmişdir. Bu da onun işgüzarlığından, təşkilatçılıq bacarığından, istedadının sonsuzluğundan irəli gəlirdi. Onun, bəlkə, bir ordu qədər yetişdirdiyi elmi və pedaqoji kadrlar vardır. A.Qurbanov minlərlə filoloq-müəllim, 60-dan çox elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Afad müəllimin orada tələbəsi olmasın, onun elmi kitablarından və dərsliklərindən istifadə edilməsin.


Görkəmli alim A.Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasını beynəlxalq elmi məclislərdə, konfranslarda və simpoziumlarda layiqincə təmsil edərək dəyərli məruzələrlə çıxış etmişdir.


Dünya şöhrətli akademik Afad Qurbanov şərəfli bir ömür yaşamış, Azərbaycan elminə böyük töhfələr vermiş, adını xalqın tarixinə yazmış və bütün fəaliyyəti ilə nümunəyə çevrilərək böyük xalq sevgisinə sahib çıxmışdır.


Unudulmaz alim, gözəl insan, şəxsiyyətinə daim hörmət olunan Afad Qurbanovun əziz xatirəsi yetişdirdiyi minlərlə elmi kadrın qəlbində və Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.