Şeirler

Sevi̇ndi

V. İ.Lenin adına APİ-nin rektoru
Afad Qurbanovun Azərbaycan SSR Elmlər Akademiyası müxbir üzvlüyünə seçilməsi münasibətilə



Bir qartal şığıyıb qondu zirvəyə,
Dağlar, ulu dağlar baxdı, sevindi.
– Hər alim qəhrəman balamdır! – deyə,
Elmin də taleyi, baxtı sevindi.

Günəşə bənzəyir Akademiya,
Qəlblərə od verir, gözlərə ziya.
Yeni çaylar axdı, bəlkə, dəryaya,
Dağlar bir az da qalxdı, sevindi.

Nizami zəkalı, Tusi şöhrətli
Bu yurd əzəl gündən güclü, qüdrətli.
Elmin yolçuları səma xislətli,
İdrak ildırımı çaxdı, sevindi.

Alimlər içində bir oğul da var:
Yaraşır boyuna ləyaqət, vüqar.
Dilçilik elminə şöhrət, iftixar,
Şöhrəti halaldı, haqdı – sevindi.

Sağdır nəzərimdə Kaşğarlı Mahmud,
Tufandan güclüdür ondakı süküt.
Deyir: – Dağ çiynini daim uca tut!
Qəbrinə hansı nur axdı, sevindi.

Eh, kaş sağ olaydı Dəmirçizadə,
Sevinci, şadlığı həddən ziyadə.
Gələrdi, bəlkə də, əlində badə,
Deyərdi: – Dilçilik taxtı sevindi!

Layiqdi APİ-miz onun adına,
Qartal gücü gəlir qol-qanadına.
Onu bürüyən var ürək oduna,
Mərdlər mərd əlini sıxdı, sevindi.

Ey mənim müqəddəs Azərbaycanım,
İzin ver, oduna yenidən yanım.
Yaranır, yüksəlir təzə Loğmanım,
Fərhadım bir dağı yıxdı, sevindi.

Şimşəyəm, ilhamım oxşayır selə,
Dostum kimə bənzər? – Yanar məşələ.
Ən gözəl, ətirli güldəstələrlə
Fakültəm yoluna çıxdı, sevindi.


Firudin Şimşək
Bakı, 4 iyul 1983-cü il




Səsi̇ yurd harayı, Vətən səsi̇dir



Dərs deyib sevdiyi məzunlar min-min
Artıb hərarəti odu qəlbinin:
Ürfan çırağıdır keçmiş APİ-nin
AFAD MÜƏLLİM!

Ömürlük bağlanıb millətə, xalqa
Bu böyük istedad, möhtəşəm zəka.
Deyir: – Çiçəklənsin onomastika...
AFAD MÜƏLLİM!

Səsi yurd harayı, Vətən səsidir,
Şöhrət abidəsi, Qorqud irsidir.
Ana dilimizin keşikçisidir
AFAD MÜƏLLİM!

Məramı mahala, elə köməkdir,
Güc, ilham mənbəyi halal əməkdir.
Yorulmaq bilməyən akademikdir
AFAD MÜƏLLİM!


Oqtay Rza




Akademik Afad Qurbanovun

70 illiyinə həsr edirəm


Var

Ara-axtar, tarixləri yada sal
Fərasətdə böyük xalqım, elim var.
Atam, babam mənliyini atmayıb.
Tanı məni, eralarda əlim var.

Qayaların sinəsini oxu bax,
Unudulmaz qılınc, qalxan, oxu bax.
Rəbbim qismət özü verib oxu bax,
Bəxtiyaram, dildə bəmim, zilim var.

Ana dilim anam kimi dünyada,
Nizamdı Afata, qurbanam ada.
Oğul olan mənlik verməz bir yada,
Vermərəm, Zəkiyəm, sərbəst dilim var.


ZƏKİ İSLAM, Əlim Tanrı
ətəyində. Bakı, 1995






100 dilər

Afat müəllim, yetmiş yaşın mübarək,
Fikrim Allahdan yüz dilər-dilər.
Ana dilim, ana sözü deyəndə,
Taledən qisməti düz dilər-dilər.

Qoca dünya yaranmışdan gözəldi,
Ulu xalqım, ulu dilim əzəldi,
Rəhbər qərar verdi, yenə düzəldi,
Balalar babadan söz dilər-dilər.

Ay Zəki, şirindi alim qisməti,
Nə qədər gözəldi onun isməti,
O rəsul Xudadan haqqın hörməti,
Verilib səbrinə döz, dilər-dilər.


ZƏKİ İSLAM
Bakı, 10 yanvar 1999-cu il




Görkəmli dilçi-alim, turkoloq

akademik Afad Qurbanovun nurlu xatirəsinə

İzlər


Gənclik illərindən arardı hələ
Gerçəyi tarixi adlar izindən
Borçalıdan belə, Göyçədən belə
Xalqın taleyini xalqın sözündən!

Dağ adların yozub tər qələmində,
Sirlər kəşf edəndə bilmirdi ancaq
Vaxt gələcək, yurdun adlar elmində
Afad adında bir dağ ucalacaq!

Qəlbində tükənməz mətanət, səbir,
Üz tutmadan dinsiz gərdişə doğru,
Müqəddəs adların ardınca bir-bir
Yol gedirdi şanlı keçmişə doğru!

Çay adları üstdə tər axıdanda,
Qurban verə-verə bilmirdi, amma
Dalğa-dalğa coşub xalqın yadında
Dərya kükrəyəcək Afad adında!

Amalının uca cəngəri kimi
Dilindən qoymurdu ortaq türkcəni,
Bir göy qurşağının rəngləri kimi
Birliyə can atan türfə ləhcəni!

Bağlar sorağında «qara»lı-«ağ»lı
Bir kök axtaranda bilmirdi, ancaq
Kökündən Turanın bağrına bağlı
Afad adında bir bağ yaranacaq!

Yolunu sardıqca yurda məhəbbət,
Hər yerdən ləyaqət gəzirdi fəqət.
Hər gözəl adından iffət, nəzakət,
Hər igid adından qeyrət, cəsarət!

Qala tək baxıb hər şəhərə, kəndə,
Qüdrət arayanda bilmirdi, amma
Keçmişinə təşnə elin qəlbində
Qala yüksələcək Afad adında!

Uğur qazandıqca haqqın yolunda,
Durmadan artırdı yetirmələri.
Səfləri görəndə sağı-solunda,
Bir-bir unudurdu «itirmə»ləri!

Böyüklük dediyin budur əslində,
Yarada-yarada bilmirdi, ancaq
Dilçilik elminin üfüqlərində
Afad adında bir məktəb qalacaq!


Akif Azalp
2009