Akademik Məmmədağa ŞİRƏLİYEV

Məmmədağa ŞİRƏLİYEV,

Azərbaycan SSR Elmlər Akademiyasının

üzvü, akademik



AZƏRBAYCANDA ONOMASTİKA MƏKTƏBİ VƏ ONUN GƏLƏCƏYİ


Onomastika dilçiliyimizin müasir mərhələsində Azərbaycan elminin ən aktual problemlərindən birinə çevrilmişdir. Avropa və rus dilçiliyində xüsusi onomastika məktəbləri çoxdan yaranmış, onların yaradıcıları və aparıcı qüvvələri meydana gəlmişdir. Məsələn, rus onomastika məktəbinin bugünkü inkişaf səviyyəsi, şübhəsiz, A.Vostokov, A.Sobolevski, A.Selişşev, V.Çiçaqov, V.Nikonov, A.Popov, O.Trubaçov, E.Murzayev, A.Superanskaya, J.Karpenko, V.Toporov, J.Pospelov və başqalarının fəaliyyəti ilə bağlıdır. Ölkəmizin milli respublikalarında onomastika bu zəmin üzərində yaranmış və formalaşmışdır.


Azərbaycanda xüsusi adların öyrənilməsinə marağın tarixi xeyli qədimdir. Həm də yer adlarına maraq daha ilkin və çoxdur.


XIX əsrin görkəmli şəxsiyyətləri H.Z.Şirvani və A.Bakıxanovun əsərlərində adların ilk elmi izahına rast gəlirik. Uzun müddət Azərbaycan mətbuatında onomastikanın tədqiqat obyekti olan xüsusi adlar ayrı-ayrılıqda etimoloji istiqamətdə öyrənilmişdir. Məsələn, Şamaxı, Şirvan, Alpan, Kaspi, Zığ, Quba, Ərəb, Həzrə, Maştağa, Azərbaycan, Bakı, Kür, Mingəçevir, Arran, Şəki, Naxçıvan və s. xüsusi adların mənşəyi haqqında alimlərimizin müxtəlif fikirlərinə rast gəlmək olur.


Qeyd etmək lazımdır ki, bütün bunlar Azərbaycan onomastikasının fundamental şəkildə tədqiqi və öyrənilməsi üçün hələ azlıq təşkil edir. Buna görə də Azərbaycan dilinin onomastik sistemi haqqında tam elmi təsəvvür yaratmaq üçün xüsusi adların hərtərəfli elmi araşdırmalara cəlb olunması vacibdir. Bu cəhətdən son dövrdə Azərbaycan dilçiliyində bu sahədə çalışan bir çox peşəkar tədqiqatçılar yetişmişdir. A.Qurbanov, A.Axundov, S.Mollazadə, T.Əhmədov, M.İslamov, Ş.Sədiyev, K.Əliyev, A.Hacıyev, Q.Məşədiyev, Q.Cəfərov, R.İsrafilova, L.Quliyeva, N.Nəbiyev, K.Bəşirov, Ə.Tanrıverdiyev və başqalarının kitab, məqalə və dissertasiyalarında Azərbaycan onomastikası dilçiliyimizin ən müasir xüsusi sahəsi şəklində formalaşmışdır. Xüsusilə son illərdə professor A.Qurbanovun nəşr etdirdiyi «Azərbaycan onomastikası» (1986), «Azərbaycan onomalogiyası məsələləri» (1986), «Azərbaycan dilinin onomalogiyası» (1988), M.Adilov və A.Paşayevin «Azərbaycan onomastikası» (1987), R.İsrafilova, Q.Məşədiyev və Q.Cəfərovun «Azərbaycan dilinin onomastikası» (1987) adlı kitabları artıq bu elm sahəsinin tam formalaşdığını göstərir. Azərbaycan SSR EA-nın müxbir üzvü, V.İ.Lenin adına APİ-nin Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Afad Qurbanovun bu sahədəki xidmətini xüsusi qeyd etmək istəyirəm. Onun 1988-ci ildə «Maarif» nəşriyyatı tərəfindən buraxılmış 30 çap vərəqi həcmində «Azərbaycan dilinin onomalogiyası» adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, ümumsovet və dünya türkoloji dilçiliyi üçün çox qiymətlidir. 1989-cu ildə İstanbulda nəşr edilən «Türk dünyası araşdırmaları» adlı sanballı elmi məcmuənin bir neçə səhifəsi bu əsərin təhlilinə həsr olunmuşdur. Həmin rəydə əsərin böyük elmi məziyyətləri qeyd edilməklə müəllifin bu sahədəki xidməti yüksək qiymətləndirilir.


Rəyçi Xəlil Açıqgöz yazır: «Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk onomastikasının nəzəri-əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək, azdır. Kitabın qısa zamanda Türkiyə türkcəsilə nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar». Mən tam məsuliyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastikasının əsasını qoymuşdur. Ümumiyyətlə, son illərdə onun təşkilatçılığı və rəhbərliyi sayəsində V.İ.Lenin adına APİ-də Azərbaycan onomastikasına həsr olunmuş iki böyük elmi konfrans keçirilmiş və həmin konfransların materialları məcmuə şəklində çapdan çıxmışdır.


Hə iki məcmuədə onomastikanın müxtəlif məsələlərini işıqlandıran 350-yə qədər məqalə-tezis dərc olunmuşdur. Həmin konfransların materialları, şübhəsiz, gələcək tədqiqatçıların əlində etibarlı mənbəyə çevriləcəkdir. Bir cəhət də diqqəti cəlb edir. A.Qurbanov qeyd etdiyimiz əsərində oxucuların diqqətini dilçili- yimizin bu yeni sahəsinə dair terminlərin dəqiq işlənməsinə, onomastik mənbə və materialların toplanmasına, onomastik tədqiqatın xarakteri və metodlarına xüsusi cəlb etməklə gələcək tədqiqatçılara düzgün istiqamət verməyə çalışır.


Həmin onomastika konfranslarının nəticələri ilə türk tədqiqatçıları da yaxından maraqlanmışlar. İstanbulda nəşr olunan «Türk dünyası dərgisi» (1987) adlı jurnalın səhifələrində Yasin Aslan «Azərbaycan onomastikası və dəyişdirilmiş adlar məsələsi» adlı məqalə ilə çıxış etmişdir. A.Qurbanovun təşəbbüsü ilə rəhbərlik etdiyi Azərbaycan dilçiliyi kafedrası nəzdində Onomastik Elmi Mərkəzin işi və fəaliyyəti həmin məqalədə xüsusi qeyd edilmişdir.


İndiyədək A.Qurbanovun rəhbərliyi altında onomastika sahəsində bir neçə namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda Azərbaycan dilçiliyi kafedrasında bu sahədə bir neçə aspirant və dissertant namizədlik və doktorluq dissertasiyası üzərində işləyir. S.Kirov adına ADU-da və respublika EA-nın Dilçilik İnstitutunda da bu sahədə xeyli işlər görülmüşdür.


Hazırda Azərbaycan onomastikasının tədqiqi sahəsində məktəbin əsası qoyulmuşdur. İndi bu məktəbin gələcəyi barədə inamla demək olar ki, o, düzgün istiqamət götürmüşdür.


Azərbaycan antroponimləri, etnonimləri, toponimləri, hidronimləri, zoonimləri, kosmonimləri, ktemato-nimlərini fundamental şəkildə tədqiq etmək üçün hələ qarşıda çox böyük vəzifələr durur. Bunun üçün həmin qrup onomastik vahidlər lüğət şəklində toplanıb nəşr olunmalıdır. Bildiyimiz kimi, onomastik vahidlər təkcə dil faktı deyil. O, həm də xalqın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, etnoqrafiyasına, ictimai-siyasi quruluşuna dair çox faydalı bilgilər verir. Buna görə də onomastik vahidlərin toplanıb lüğət halında nəşr olunması dilçiliyimizin başlıca vəzifələrindəndir. Artıq bu faydalı işə başlanmışdır. Azərbaycan Sovet Ensiklopediyası redaksiyası professor A.Qurbanovun redaktorluğu ilə 7 minə yaxın toponimlər lüğətini nəşrə hazırlayır. Müxtəlif illərdə və müxtəlif müəlliflər tərəfindən Azərbaycan şəxs adları lüğəti də nəşr olunmuşdur. Lakin indiyədək Azərbaycan etnonimləri, familiyaları, ləqəbləri, zoonimləri, hidronimləri, kosmonimləri, ktematonimləri lüğətləri hazırlanmamışdır. Bunları yığıb toplamaq üçün ekspedisiyalar təşkil edib yerlərə getmək lazımdır. İş kabinetlərində və ya oxu zallarında oturub ancaq kitablardan xüsusi adların hamısını toplamaq mümkün deyil. Ən böyük mənbə xalqdır. Xalq danışığında xüsusi adların saysız-hesabsız nümunələri yaşayır.


Azərbaycan onomastikası möhkəm özül üzərində qurulmuş, onun düzgün istiqamət almış məktəbi yaranmışdır. İndi bu məktəbin geniş perspektivləri vardır.


«Azərbaycan müəllimi» qəzeti

15.09.1989-cu il