Akademik Teymur BÜNYADOV

Teymur BÜNYADOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

üzvü, akademik


 

DOST MEHRİBANIM

 

Dünya, dünya! Əzəli bilinməyən, sonu görünməyən yalan, yaman dünya! Etibarsız, düz ilqarsız dünya! Afad müəllimi bizdən alan, bizi Afad müəllimsiz qoyan dünya! Bu yaxınlara qədər tez-tez görüşüb, əhval tutduğumuz, gördüyümüz və görəcək planlarımızdan həvəslə danışdığımız Afad Qurbanov indi xatirələrə çevrilib, qəlblərdə yuvalanıb, ruhlar aləminə köçüb...

Dost mehribanım Afad müəllimlə dostluğumuzun tarixi artıq altmış ili ötüb keçib. Həmişə bir-birimizə səmimi, açıq qəlbli, sirli-sirdaşlı olmuşuq. Onun sərv boyu, yaraşıqlı camalı, şirin danışığı, nizamlı, səliqə-sahmanlı geyim tərzi, şahanə duruşu, ağayana yerişi nə unudular, nə yaddan çıxar.

Dostluqda boran olar, qar olar inadını yaşayar, özübütöv, sözübütöv, sədaqətli, səmimi. İstiqanlı, vətəncanlı. Gülərüz, tələbkar, ciddi, inadlı, əqidəli. Sonsuz cəfakeş, zəhmətsevər, əməlindən usanmaz, işindən zövq alan. Ensiklopedik biliyi, geniş erudisiyası, güclü məntiq və dərin müşahidə qabiliyyətinə malik alim, ziyalı.

Afad müəllim hər şeydən əvvəl müəllim idi. Müəllim adını şərəflə daşıyan, bu adı uca tutan pedaqoq. Tələbələrinə qarşı sonsuz qayğısı və tələbkarlığı ilə seçilən müəllim. Bu yerdə Şərqin müdrik mütəfəkkiri böyük Sədinin bir heyrətamiz kəlamını xatırlamaya bilmərəm. Şair yazır: «Bir gün şah oğlunun əlindən tutub mədrəsəyə gətirdi. Gümüş lövhənin üzərinə qızıl hərflərlə yazdı: «Mən valideynlərimin nəvazişindən çox müəllimlərimin tələbkarlığına minnətdaram». Görünür, böyük ədib Afad Qurbanov kimi ülvi müəllimləri nəzərdə tuturmuş.

Afad Qurbanovun qoşa qanadının biri müəllimlikdirsə, digəri alimlikdir. Mötəbər alim, sayılan, seçilən, öndə gedən alim. Həqiqət naminə desək, XX əsrin ikinci yarısından dilçilik elminin inkişafı, zirvələr fəth etməsində Afad Qurbanovun rolu əvəzsizdir. Bu türk oğlu türkün dilçiliyin müxtəlif sahələrinə dair yetmişdən artıq kitab, monoqrafiya və beş yüzdən çox elmi məqaləsi dediklərimizi təsdiqləyir.

Böyük elm təşkilatçısı Afad Qurbanov kadr məsələsində də böyük işlər görmüş, onlarca elmlər namizədi və çoxlu elmlər doktoru onun rəhbərliyi altında dilçilik sahəsində böyük işlər görmüşlər...

İnsan ölər, insanlıq qalar bu dünyada. Sən əşrəf insandın. İnsanlığınla hamıya nümunəydin. Alim köçər, alimlər yaşar bu dünyada. Sən böyük və təkrarsız bir alimdin. Bütün elmi xidmətlərin, nizam-intizamın, davranışın, ağayana şəxsiyyətinlə əsl ziyalıydın. Gözlərə ziya, qəlblərə işıq saçan alim.

Qardaşım, dost mehribanım, sən mənim qəlbimdə, ruhumda, varlığımdasan. Necə ki varam, nə səni unudar, nə yaddan çıxararam. Ruhun şad olsun, qəbrin nurla dolsun. Unudulmazım...