f.e.n.Məmmədxan Soltanov

Məmmədxan SOLTANOV,

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

filologiya elmləri namizədi, dosent

 


AFAD QURBANOVLA BİR GÜN

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha artıq bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər!

Səməd Vurğun


 

Bu yaxınlarda Azərbaycan elmi ictimaiyyəti AMEA-nın üzvü, əməkdar elm xadimi, akademik Afad Məhəmməd oğlu Qurbanovun simasında böyük bir alimi, Afad müəllimi tanıyanlar isə böyük bir insanı, həqiqi vətən oğlunu, ləyaqətli bir vətəndaşı itirdi. Mən də Afad müəllimin simasında ən böyük elmi rəhbərimi, həmişə məsləhətlərinə ehtiyac duyduğum ideal bir şəxsi itirdim. Afad müəllim, sözün həqiqi mənasında, əsl alim, əsl vətəndaş, əsl insan, əsl dost, yoldaş idi. Onu tanıyanlar Afad müəllimin necə təmkinli, mədəni və ziyalı bir şəxs olduğunu çox gözəl bilirlər. Ən böyük münaqişəni, istənilən mübahisəni ağsaqqal təmkini ilə aradan qaldırmağı bacarır, etika və mədəniyyəti ilə hamıya nümunə göstərirdi.


Mənim Afad müəllimin elmi fəaliyyətindən danışmaq fikrim yoxdur. Bu barədə çox yazılıb, çox deyilib. Onun üzərində müəlliflik damğası olan saysız kitabları da buna parlaq misaldır. Mən yalnız onun insanlığından, mənəvi aləmindən, arzu və duyğularından söhbət açmaq istəyirəm.


Atalar yaxşı deyib ki, insanı tanımaq üçün gərək onunla yol yoldaşı olasan. Mənə də Afad müəllimi tanıdığım nə qədər zamandan sonra onunla yol yoldaşı olmaq qismət oldu. Məni son kitabının elmi redaktorlarından biri (digər elmi redaktor filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov idi) seçmişdi. Kitabda Qubanın ən böyük kəndlərindən biri, ensiklopedik alim və yazıçı Abbasqulu ağa Bakıxanovun yurdu Əmsar haqqında ətraflı məlumat getməli idi. Bir gün mənə zəng edib təklif etdi ki, onunla Əmsara gedim, orada Əmsarı işıqlandıran şəkillər çəkib kitaba daxil edək. Məmnuniyyətlə razılaşdım, amma dedim ki, mənim maşınımla gedək. Etiraz etmədi.


Vədələşdiyimiz gün hava yağışlı idi. Əvvəl fikirləşdim ki, belə havada Əmsara getmək çox da əlverişli olmaz. Lakin hər ehtimala qarşı səhər tezdən maşını evlərinin yanına sürdüm. Afad müəllim bilirdi ki, sözümdə dəqiqəm. Düz saat 7-də blokdan çıxdı. Onu qarşıladım. Yerimizi rahatlayıb yola düşdük.


Hava buludlu olsa da, Afad müəllimin ürəyi açılmışdı. Uşaqlıq həyatından başlamış bugününə qədər bütün həyatını, hətta ən mübhəm epizodları belə açıb mənə danışdı. Səsimi belə çıxarmadan onu dinləyir, bu söhbətləri mənə etibar etdiyindən məmnunluq duyurdum. Söhbətini dinlədikcə Afad müəllimin necə gözəl qəlbə, necə yüksək insani duyğulara malik olduğunu daha dərindən duyur, onun göylərə yüksələn mənəviyyatını dərk edir-dim. Afad müəllimdən, bəlkə də, haradasa narazı qalanlar onun bu qəlb evinə qonaq olsaydılar, haqqında nə qədər yanıldıqlarını başa düşərdilər. Bu sözləri yazdıqca fikirləşirəm ki, kaş o vaxt əlimdə maqnitofon və ya diktofon olaydı, onun söhbətini yazıb bütün aləmə car çəkəydim, hamıya onun necə gözəl insan olduğunu, necə gözəl bir insanı itirdiyimizi sübut edəydim.

 

Afad müəllimin isə söhbəti elə şirin və canlı idi ki, vaxtın necə keçdiyi hiss olunmurdu. Söhbət etdikcə rəngi durulur, sanki keçmişinə səyahət edir, sifəti gənclik ruhu ilə işıqlanırdı. Söhbətini arada telefon zəngləri kəsirdi. Övlad-ları – həm oğlanları, həm də qızları tez-tez zəng edərək ondan əhvalını, harada olduğunu soruşur, narahatlıqlarını bildirirdilər. Zənglərə cavab verib övladları ilə çox mehribanlıqla danışan Afad müəllimin simasında övladlarının qayğısından riqqətə gələn bir ata qüruru, fəxr duyğusu sezilirdi.


Nəhayət, Əmsara çatdıq. Yaxşı ki, yolumuzdan qalmamışdıq. Çiskinli havada Əmsar daha gözəl və romantik görünür, hərdən buludlardan görünən günəş şüaları altında kənd rəngdən-rəngə girir, yüksək estetik harmoniya yaradırdı. Kənd məktəbində, Abbasqulu ağa Bakıxanovun ev-muzeyində olduq. Çoxlu şəkil çəkdik. Şəkillərin hərəsi bir canlı mənzərə, təbiət möcüzəsi idi. Sən demə, çiskində, yağışda təbiətin mənzərəsi daha canlı, daha əsrarəngiz olurmuş.


Artıq Əmsarda işimizi başa çatdırmışdıq. Geri qayıtmaq istərkən birdən-birə Azərbaycan Müəllimlər İnstitutu Quba filialının direktoru Məhəmməd İracoğlu (Əliyev) ilə görüşmək istədiyini bildirdi. Maşını birbaşa instituta sürdüm. Məmməd müəllim bizi çox yüksək səviyyədə qarşıladı. Afad müəllimlə qucaqlaşıb görüşdü. Sonra bildim ki, Afad müəllim onun da müəllimi olub.


Dərs dediyim tələbələrin qarşısında dəfələrlə etiraf etmişəm ki, mənim müəllim idealım həmişə Afad müəllim olub. Həmişə arzu etmişəm ki, onun ardıcılı olum, onun kimi mədəni, təmkinli, savadlı və həqiqətən gözəl bir insan olum. Onun ölümünü isə ölümsüzlüyü kimi qəbul edirəm. Təkcə ona görə ki, o, həmişə bizim qəlbimizdədir, bizim elmi rəhbərimizdir və bütün ömrümüz boyu elmi rəhbərimiz olaraq qalacaqdır.