f.e.n.Dürdanə Əliyeva

Dürdanə ƏLİYEVA,

Bakı Slavyan Universitetinin Türkologiya kafedrası,

filologiya elmləri namizədi, dosent

 


BU GÜN AKADEMİK AFAD QURBANOVU

GƏLƏCƏYƏ ƏSƏRLƏRİ VƏ YETİRMƏLƏRİ APARIR

 

Dilçi alim Afad Qurbanov XX əsrin ikinci yarısı, XXI əsrin əvvəllərində Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri idi. O öz əsərlərində irəli sürdüyü ideyalarla müasir dilçiliyin yeni bir istiqamətdə sürətlə inkişafını təmin edərək zəngin ənənələri olan Azərbaycan dilçiliyi üçün az iş görmədi, buradakı hər bir nailiyyətdə onun da payı var. Məhz onun fəaliyyəti nəticəsində ADPU ölkənin görkəmli dilçilik məktəblərindən birinə çevrilmiş, elmin inkişafında cəmiyyətin rolunu nəzərə alaraq 90-cı illərdə «onomastik cəmiyyət» yaratmaq ideyasını irəli sürmüş və bunu həyata keçirmək təşəbbüsündə olmuşdur. O vaxt bir çoxları bu təşəbbüsü həyatakeçməz bir xülya kimi qəbul edirdi. Lakin çox çəkmədən yorulmaz və yüksək təşkilatçılıq qabiliyyətinə malik alimin rəhbərliyi ilə ilk dəfə olaraq respublika səviyyəsində Onomastik Elmi Cəmiyyət yaradıldı, onun sədri isə professor Afad Qurbanov seçildi. Əsasını qoyduğu cəmiyyətin sədası indi çox-çox uzaqlardan eşidilir. O bu işdə çəkdiyi zəhmətə və əziyyətə xoşməramlı bir iş kimi baxırdı.


O, köhnə nəsil nümayəndələrindən olmasına baxmayaraq, gənc nəslin yetişməsinə, Azərbaycan dilinin yeni istiqamətdə öyrənilməsinə xüsusi diqqət yetirir, dilin tədqiqinə yeni formada yanaşmağı, yeni metodlardan istifadə etməyi tələb edirdi. O öz elmi yaradıcılığının gücü ilə gənc tədqiqatçıları yeniliyə doğru istiqamətləndirməyə çalışırdı. Məhz bu cəhət – yeniliyin carçısı olmaq ona Moskva və Türk dilçilik məktəblərində özünəməxsus mövqe qazandırdı.


Afad Qurbanovun dərslik, vəsait, monoqrafiya, tezis və məqalələri Azərbaycan dilçiliyi tarixində silinməz iz buraxıb. Alimin əsərləri sağlığında nəşr edilib və onların hər birinin öz oxucu auditoriyası var. Bu geniş oxucu marağının iki səbəbi var: birincisi, heç şübhəsiz, alimin qələminin elmi səviyyəsinin yüksəkliyi; ikincisi isə əsərlərində qoyduğu problemlərin təhlil-düşüncə obyektinə çevrilməsi. Onun dilçiliyə gəlişi ilə elmdə bütöv bir mərhələ başlandı, yeni fikir məktəbi formalaşdı və özünü təsdiq etdi. Özünün sadə və dərin elmi dili ilə çoxlarının elmi fikir dünyasına hakim kəsildi, ümumi ictimai meyar kəsb etdi. O, dünənin, bugünün və gələcəyin istedadına çevrildi. A.Qurbanov həqiqi müəllim idi, auditoriyaya çox yaraşırdı, tədris etdiyi fənni sevir və sevdirirdi. Onun maraqsız, cansıxıcı mövzusu, dərsi olmurdu. Afad müəllim özünəməxsus xüsusi bir cazibədarlıqla dərs prosesində tələbəni dünya dilçiliyinə, Azərbaycan dilinin gizli dünyasına səyahətə çıxarırdı. İmtahanda isə çox zaman sualı özü danışar, tələbəyə də «yaxşı» qiymət yazardı.


Alimin qələminin mühüm bir xüsusiyyəti də onun orta hədd tanımamağı idi. Miyanə əsərləri tərifləməkdən xoşlanmazdı. Bu gün dilçiliyin istənilən sahəsində tədqiqat aparan şəxs onun elmi əsaslı yazılarını nəzərə almadan keçinə bilməz. Maraqlıdır ki, paxıl və riyakarlar da onun ağlı və savadı qarşısında diz çökürdülər.


Bu gün biz akademik Afad Qurbanovu xatırlayarkən belə alimlərə, belə müəllimlərə nə qədər böyük ehtiyacımız olacağını da nisgilli şəkildə duyuruq. O, qüsursuz şəxsiyyət idi: həqiqi alim, gözəl müəllim, yorulmaz təşkilatçı, təvazökar insan. Yüksək məntiq, natiqlik məharəti, hədsiz qavrama imkanları və böyük hafizə Afad Qurbanov kimi adamları böyük qürur sahibi edir. Bu, belə idi. Torpağın nurla dolsun, böyük insan!!!