f.e.n.Aydın Paşayev

Aydın PAŞAYEV,

Bakı Pedaqoji Kadrların İxtisasartırma

və Yenidənhazırlanma İnstitutu,

filologiya elmləri namizədi, dosent

 


AFAD QURBANOV VƏ AZƏRBAYCAN ONOMASTİKASI

 

Onomastika – dilçiliyin dildə mövcud olan bütün xüsusi isimləri, xüsusi isim funksiyasında işlənən sabit, rəsmi və sərbəst onomastik birləşmələri öyrənən şöbəsidir. Dilçiliyin digər şöbələrinə nisbətən onomastik vahidlərin, xüsusən antroponimlərin geniş tədqiqinə respublikamızda XX əsrin 70-ci illərindən başlanmışdır. O vaxta qədər keçmiş Sovet İttifaqının slavyanlar yaşayan respublikalarında tez-tez onomastik konfranslar keçirilər, onomastikanın müxtəlif problemləri müzakirə edilər və silsilə kitablar, toplular nəşr olunardı. Rus mətbuatında onomastik tədqiqatlara geniş yer verilər, hətta rus familiyaları, əsl adları toplanar, siyahı şəklində qəzetlərdə dərc edilərdi. Amma çox təəssüf ki, həmin dövrdə respublika qəzet və jurnallarında bu mövzuya əhəmiyyət verilməzdi. Bu isə bizdə böyük ruh düşkünlüyü yaradırdı.


A.Qurbanovun bu mövzuya həsr olunmuş məqalələri işıq üzü gördükcə tədricən bu sahəyə maraq da artırdı. Çox çəkmədi ki, ali məktəblərin filologiya fakültələrində onomastika dilçiliyin bir şöbəsi kimi tədris olundu. Onun onomastikaya aid ilk məqalələri şəxs adları ilə əlaqədardır: «Ad nədir və uşağa necə ad qoymalı» («Sovet Gürcüstanı», №24, 1961), «Uşağa gözəl ad qoymaq hər bir valideynin borcudur» («Sovet Ermənistanı», №83, 1961), «Gözəl və yaxşı ad insanın bəzəyidir» («Mingəçevir işçisi», №23, 1961) advermə ənənələri ilə əlaqədardır. Müəllif həyata yeni gələn körpələrə daha sadə, lirik, milli və mənalı adlar verilməsi ideyasını təbliğ edirdi. Nəticədə hər bir vətəndaş üçün faydalı olan «Azərbaycanlı şəxs adları Ensiklopediyası» nəşr olundu.


Onomastika ilə bağlı mühüm problemin böyük elmi və praktik əhəmiyyətini dərindən dərk edən professor A.Qurbanov elə bu dövrdə rektoru olduğu indiki APİ-nin Azərbaycan dilçiliyi kafedrasının nəzdində Onomastik Mərkəz yaratdı və Azərbaycan Onomastikası Elmi Cəmiyyətini təsis etdi. O, həm rektor, həm də kafedra müdiri kimi cəmiyyət və mərkəzin fəaliyyətinə xüsusi qayğı və tələbkarlıqla yanaşdı. Çox sevinirdik ki, Onomastik Mərkəz onomastik tədqiqatlara marağı artıracaq, bu sahədə elmi biliklərin kütləviləşməsinə və nəhayət, elmi kadrların yetişməsinə təkan verəcəkdir. Doğrudan da, bu, elə belə də oldu.


Professor A.Qurbanovun təşəbbüsü, səy və rəhbərliyi altında ADPU-da 28-29 noyabr 1986-cı ildə respublikada ilk dəfə təşkil olunmuş elmi-praktik onomastik konfrans böyük toy-bayram kimi qarşılandı. Konfransda onomastik tədqiqatlarla məşğul olan alim, aspirant və dissertantlarla yanaşı, digər tanınmış dilçi, tarixçi, coğrafiyaşünas və b. alimlərimiz də iştirak edirdi. Bunlarla bərabər, konfransda Alma-Ata, Mahaçqala, Kokənd, Yerevan, Tbilisi, Quryev (Qazaxıstan), Frunze (Bişkek), Daşkənd, Qazan, Aşqabad, Karşı (Özbəkistan), Lvov və başqa şəhərlərdən gəlmiş onomoloq alimlərin iştirakı bizi böyük iftixar hissi ilə sevindirirdi.


Professor A.Qurbanov konfransda rus dilində «Azərbaycan onomastikasının tədqiqi vəziyyəti və dilçiliyin vəzifələri» mövzusunda geniş məruzə etdi. O bu məruzə ilə də Azərbaycan onomastikasının qarşısında duran əsas vəzifələri müəyyənləşdirmiş oldu və haqlı olaraq göstərdi ki, Azərbaycan onomastik leksikasının mühüm sahəsini təşkil edən antroponimlər çox az öyrənilmişdir.


Əgər 1986-cı ilə qədər onomastikanın ən böyük sahəsi olan toponimika geniş tədqiq olunurdusa, bu konfransdan sonra antroponimika sahəsində tədqiqatların həcmi də xeyli genişləndi. Məsələn, birinci elmi-praktik konfransda toponimikaya 47, antroponimikaya isə 30 məruzə həsr olunmuşdu. 1988-ci ildə keçirilən ikinci elmi-praktik onomastik konfransda isə bu rəqəmlər, demək olar ki, bərabərləşdi. Yəni konfransda toponimik məruzələrin sayı 67, antroponimik məqalələrin sayı isə 65 oldu.


Afad Qurbanov «Onomalogiyaya dair elmi-metodik göstərişlər» adlı metodik vəsaitində onomastik vahidlərin toplanması, sistemə salınması və tədqiq edilməsi haqqında qiymətli fikirlər söyləmişdir.


1988-ci ildə keçirilmiş II elmi-nəzəri onomastik konfransda professor A.Qurbanov «Azərbaycan onomastika-sının müasir vəzifələri» adlı irihəcmli məruzəsində ötən 2 il ərzində onomastik tədqiqatların genişlənməsindən böyük fərəh hissi ilə məlumat verdi. O göstərdi ki, nəinki alimlərin onomastik tədqiqatları genişlənmişdir, hətta indiki BDU-nun filologiya fakültəsində 100-dən çox tələbənin diplom işinin mövzusu onomastikaya aiddir.


A.Qurbanov Azərbaycan onomastikasını sürətlə inkişaf etdirmək məqsədilə bir tədqiqatçı alim kimi də böyük xidmətlər göstərmişdir. Onun bir ildə iki – «Azərbaycan onomalogiyası məsələləri» və «Azərbaycan onomastikası» adlı kitabının işıq üzü görməsi zəhmətkeş alimin gərgin əməyindən xəbər verirdi.


Azərbaycan onomastikasının bu vaxta qədər geniş tədqiqata cəlb olunmayan sahələrindən biri də bədii ədəbiyyatda işlənən onomastik vahidlərdir. Tədqiqatçıların diqqətini cəlb etmək məqsədilə professor A.Qurbanovun qələmə aldığı «Poetik onomastika» kitabı bu sahədə meydana gələn ilk tədqiqatlardandır. Onun «Azərbaycan dilinin onomalogiyası» adlı irihəcmli əsəri isə nəinki Azərbaycan dilçiliyinin, hətta türkologiyanın ən böyük nailiyyəti kimi qiymətləndirilməlidir.


Afad Qurbanovun «Azərbaycan onomalogiyasının əsasları» adlı ikicildlik kitabının nəşri isə təkcə Azərbaycan onomastikasının deyil, ümumtürk onomastikasının şah əsəri hesab edilə bilər.


Çoxsaylı məqalələri və yuxarıda adları çəkilən kitabları ilə professor A.Qurbanov Azərbaycan onomastikasının yaradılmasında və onun inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmişdir. O, təkcə təşkilatçılıq fəaliyyəti və zəngin məhsuldar elmi fəaliyyəti ilə deyil, onomastika sahəsində elmi kadrların yetişdirilməsində də əvəzsiz xidmətlər göstərmişdir.


Afad müəllimin kömək və qayğısını görən insanlardan biri də mənəm. Düz 3 il idi ki, indiki BDU-da Müdafiə Şurası olmadığı üçün namizədlik müdafiə işim yubanırdı. 1987-ci ilin aprel ayında elmi rəhbərim professor Musa Adilovun məsləhəti ilə Afad Qurbanovun qəbuluna getdim. O, indiki ADPU-nun rektoru işləyirdi. Məni qəbul etdi, vəziyyəti öyrənəndən sonra dedi: «İşi çox yubatmısan. Sabah dissertasiya və avtoreferatın hərəsindən iki nüsxə kafedraya gətir».


Beləliklə, 10 gün ərzində Afad müəllim kafedranın ümumi iclasında işimin geniş müzakirəsini təşkil etdi. Çox çəkmədi ki, sənədlər Müdafiə Şurasına təqdim olundu. 1987-ci ilin 17 iyununda Afad müəllimin rəhbərliyi altında işim müzakirə olundu… 1987-ci ilin sentyabr ayının sonunda isə o öz kabinetində namizədlik diplomunu mənə təqdim etdi…


İnsan heç vaxt ona edilən yaxşılıq və yamanlıqları yaddan çıxarmır. Yaxşılıqlar onun müəllifinə rəhmət, yamanlıqlar isə lənətlər gətirir. Afad müəllimin yaxşılıqlarını heç vaxt unutmuram, onu xoş duyğularla yad edir və həmişə rəhmət diləyirəm.


A.Qurbanov antroponimikanın müxtəlif problemlərinə həsr edilən 3 kitabımın elmi redaktoru olmuşdur.


Nə qədər ki Azərbaycan xalqı, Azərbaycan dilçilik elmi, o cümlədən Azərbaycan onomastikası yaşayır, Afad müəllim də yaşayacaq, onun əsərləri yetirmələrinin, filoloq tələbələrin və alimlərimizin stolüstü kitabı olacaqdır.