f.e.n.Əzizə Mikayılova

Əzizə MİKAYILOVA,

Azərbaycan Texniki Universitetinin

Azərbaycan dili və pedaqogika kafedrası,

filologiya elmləri doktoru, dosent

 


ELMDƏ ÖZ YERİ VƏ SÖZÜ OLAN ALİM

 

Etiraf edim ki, kiçik bir yazıda geniş elmi yaradıcılığa malik olan dəyərli dilçi alim, professor Afad Qurbanov haqqında fikir söyləmək imkandan kənar işdir. İnsana məxsus ən böyük keyfiyyətləri – müdrikliyi, ziyalılığı, alicənablığı özündə cəmləşdirən Afad müəllim bu gün aramızda yoxdur. Bəşər tarixində bu dünyaya milyonlarla insan gəlib, ömür sürüb və dünyasını dəyişib. Onların az hissəsi bəşəriyyətin yaddaşına həkk olunub. Afad müəllim məhz belə insanlardandır. Afad müəllimlə bağlı xatirələrim məni uzaq illərə aparır.


Təxminən 25 il bundan əvvəl Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirərək Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının aspirantı oldum. ADU-nu bitirdikdən sonra APİ-nin mühitinə düşmək, həmin mühitə alışmaq, sözün doğrusu, gənc bir məzun kimi mənim üçün bir qədər çətin idi. Elmi rəhbərimin görkəmli Azərbaycan dilçisi, professor Afad müəllimin təyin edilməsi həyatımda böyük rol oynadı. Afad müəllim haqqında çox eşitmişdim, onun elmi yaradıcılığının kiçik bir hissəsi ilə tanış idim. Aspiranturada oxuduğum zamanlarda Afad müəllimin alimlik, müəllimlik məharətinin şahidi oldum. Onun rəhbərliyi ilə elmi yaradıcılığa başlamaq mənim üçün bir qədər gözlənilməz idi. Çünki Afad müəllim həmin illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru idi. Həmin vaxtlar o, elmdə, təhsildə öz yeri və sözü olan, tanınıb-seçilən, elmi nüfuzu ilə diqqət mərkəzində olan alimlər cərgəsində idi. Lakin buna baxmayaraq, rastlaşdığım bütün çətinliklərlə bağlı digər aspirant və dissertantları, tələbələri kimi ona müraciət edir, onunla məsləhətləşir, dəyərli məsləhətlər alaraq hər dəfə ensiklopedik biliyinin şahidi olurdum. Afad müəllim çox geniş elmi-tədqiqat fəaliyyəti ilə seçilən və Azərbaycan dilçiliyində, xüsusilə onomastika sahəsində uğurları ilə tanınan bir alimdir. Onun elmi yaradıcılığı rəngarəng və çoxcəhətlidir. Onomastikanın elmi-nəzəri problemləri barədə çoxsaylı monoqrafiya və məqalələri hələ çox uzun müddət oxunacaq, istifadə olunacaq, öyrəniləcək. ADPU-da onun yaratdığı Onomastika Mərkəzi, sözün əsl mənasında, Azərbaycanda bir məktəbdir. Taleyimə çox minnətdaram ki, mən Azərbaycanın dəyərli ziyalısının, dilçi aliminin elmi rəhbərliyi ilə elmi yaradıcılığa başlamışam, onomastika məktəbinin şagirdi olmuşam. Bu böyük alimdən çox şey öyrəndim. Onun tələbə, aspirant və dissertantlarına qarşı yüksək tələbkarlığı nəticəsində onomastika məktəbinin saysız-hesabsız yetirmələri oldu. Afad müəllim aspirant və dissertantlarının yazılarını diqqətlə oxuyur, səmərəli göstəriş və istiqamət verirdi.


Afad müəllim həm də gözəl natiqlik qabiliyyətinə malik idi. O öz fikrini aramla, yüksək və məlahətli səs tonu, aydın tələffüzü ilə təmkinlə ifadə edir, auditoriyanı bütövlükdə ələ alırdı.


Qürur hissi ilə deyirəm ki, Afad müəllim namizədlik dissertasiyamın elmi rəhbəri olub. Öyrəndiklərimə görə mən bir tələbə kimi hər zaman ona minnətdaram. Bu gün mən dosentəm, filologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün müdafiə etmişəm. Eşidəndə ki, Afad müəllim dünyasını dəyişib, inanmadım. İndi bu inamsızlığımın səbəbini başa düşürəm. Çünki Afad müəllim bu gün həyatda olmasa da, onun elmi yaradıcılığı onlarla alim yetirəcək. Fəxr etdiyimiz, adını hər zaman uca tutduğumuz digər ziyalılarımız kimi, Afad müəllim də Azərbaycanın nadir ziyalılarından biri kimi, hər zaman yüksəkliklərdə dayanan mötəbər bir şəxsiyyət kimi yaddaşlarda qalacaq.