f.e.n.Vəli Paşayev

Vəli PAŞAYEV,

Azərbaycan Texniki Universiteti,

filologiya elmləri namizədi, dosent

 


XATİRƏLƏRDƏ YAŞAYAN İNSAN

 

Akademik Afad Qurbanov məhsuldar alim olmaqla bərabər, həm də böyük şəxsiyyət idi.


Mənim Afad müəllimlə tanışlığım keçən əsrin 50-55-ci illərinə təsadüf edir. Həmin illərdə mən çox gənc idim, demək olar ki, uşaq idim. Atam Möylə Paşa oğlu Borçalının Hamamlı kəndində kənd soveti sədri vəzifəsində çalışırdı. Afad müəllim isə həmin dövrlərdə Hamamlı kəndində məktəb direktoru vəzifəsində işləyirdi. Atamla Afad müəllimin arasında səmimi dostluq münasibətləri var idi. Onların bu münasibətlərinə illər ötdükcə həm də qohumluq münasibəti artırıldı.


Bu xeyirxah insan başqalarına verdiyi məsləhətlərdən mənə də tövsiyə etdi və həmin andan etibarən mənim həyat yolum müəyyənləşdi – mən elmlə məşğul olmağa başladım.


A.Qurbanovun şəxsiyyəti haqqında düşünərkən məndə olduqca maraqlı xatirələr oyanır. Afad müəllimin keçdiyi həyat yolu bir çox insanlar kimi, mənə də örnək olmuşdur. Onun həyat yolu enişli-yoxuşlu bir dünya, uzaqdan baxanda bütün sehrli möcüzəsi ilə qəlbimizi fəth edən, titrədən, bizdə möcüzələr oyadan xatirələr səltənətidir.


Afad müəllimin ömrü həqiqi alim ömrünü əhatə edən, min-min insan yoluna işıq saçan şan-şöhrətli bir ömür olmuşdur. Onun səsində insan ruhunun şeiriyyəti, müdriklik cazibəsi, üzündə özünəməxsus dəyişməz kolorit, baxışlarında həmişə axtardığımız, möhtac olduğumuz, gec-gec tapa bildiyimiz bir bəşər doğmalığı var idi.


Afad müəllimin yetirmələrinin səsi dünyanın müxtəlif guşələrindən, keçmiş SSRİ-nin bir çox ali məktəblərindən, iş, əməl, fəaliyyət meydanlarından gəlir. Onun ömrünün son 81 illik zirvəsindən baxanda, bu ömrün mənzərəsinə diqqət yetirəndə gözlərimiz önündə fədakar alim, istedadlı bir müəllim, görkəmli ictimai xadim, sözün ən gözəl mənasında çox müdrik bir insan canlanır.


Çoxsaylı silsilə əsərləri Afad müəllimin alimlik səlahiyyətinin, onun potensial enerjisinin, analitik təfəkkürünün dərinliyi, ən mürəkkəb problemləri son dərəcə sadə şəkildə həll edə bilmək qabiliyyəti – bütün bu elmi axtarışlar, mənəvi çalarlar onun bir şəxsiyyət kimi tanınmasına, alim nüfuzuna güclü təkan vermişdir.


Afad müəllimin söhbətləri son dərəcə cazibədar, məlahətli və məzmunca o qədər zəngin olurdu ki, adam ona qulaq asmaqdan yorulmur, həzz alırdı. Bu həzz tədricən estetik zövqə və qavrayışa çevrilirdi. O, qeyri-təbii leksikadan uzaq idi. Nitqində, söhbətində fikrin bütün arsenalı, potensialı, ifadə imkanları cəmləşir, onun sözlərini yüksəkliyə qaldırırdı. Bu nitqdə məntiq, müdrik hazırcavablıq, yumor, düşünülmüş mübaliğələr, zarafat, sözün bütün məntiqi və romantik çalarları sintez halında idi. Onda sözü sükuta, sükutu canlı, dramatik sözə döndərmək sehri var idi. Afad müəllimin söhbətlərində, çıxışlarında, təbriklərində, zarafat və replikalarında ana dilimizin bütün zənginliyi, musiqisi, intonasiya çalarları əks olunurdu.


O, Azərbaycan dilinin ən böyük qoruyucularından idi.


Qədim Şərq müdriklərindən biri demişdir ki, böyük şəxsiyyətlər dünyaya gəlir, lakin dünyadan getmir.


Əsl akademik Afad Qurbanov yenə bizimlədir, onun polad şəxsiyyətinin bənzərsiz atributları bizə yadigar qaldı.