f.e.n.Aybəniz Quliyeva

Aybəniz QULİYEVA,

Bakı şəhəri, 181 saylı orta məktəbin

Azərbaycan dili və ədəbiyyatı müəllimi

 


XEYİRXAH ƏMƏLLƏR SAHİBİ

 

Həyat çox qəribədir və bu qəribəliklərin ən böyüyü odur ki, çox zaman eyni bir insana, eyni bir hadisəyə müxtəlif yaş müstəvisindən baxış və münasibət də müxtəlif olur, səthi yanaşmadan dərindən dərketməyə qədər yüksəlir. Elə insanlar vardır ki, özünün və başqalarının yaşından asılı olmayaraq, bütün dövrlər üçün sevimli olaraq qalır, yüksək duyğularla, kövrək hisslərlə xatırlanır. Böyük elm xadimi akademik Afad Qurbanov belə şəxsiyyətlərdəndir.


Afad müəllim bizim hamımızın sevimlisi idi. O, bizim həm müəllimimiz, həm də dekanımız idi. Zahirən sərt görünən, hər sözünün, hər hərəkətinin yerini bilən bu insan təbiətən çox mehriban və xeyirxah idi. Onun kiçik bir təbəssümü bizim üçün böyük mükafat idi. Oxuduğumuz müddətdə onu tələbələrə dayaq duran, onlara arxa-kömək olan bir şəxs kimi tanımışıq. Ən çətin anlarımızda, hətta şəxsi problemlərimizlə bağlı çətinliklərdə ona müraciət edir, ona arxalanırdıq. Heç birimizi naümid qaytarmır, əlindən gələn köməyi edirdi.


Mən də, bacım da 80-ci illərin məzunuyuq. Özüm əyani oxuyurdum, bacım isə ailəli olduğundan qiyabi təhsil alırdı. Bu baxımdan çox çətinlik çəkirdi. İmtahanda bir müəllim onu çox incidir, qiymət vermək istəmirdi. Kövrək bir halda Afad müəllimin kabinetinə getdim, vəziyyəti ona danışdım. O, çox səbirlə məni dinlədi, sonra katibəni çağırıb ona nəsə dedi və həmin müəllimin yanına göndərdi. Məsələ çox asanlıqla həll olundu. Mən də, bacım da o qədər çaşmışdıq ki, ona təşəkkür etməyi belə unutmuşduq. Özümə gəlib təşəkkür edəndə isə onun sözləri məni daha da kövrəltdi: «Narahat olmayın, gördüyüm işdən aldığım zövq mənə bəsdir. İnsanı yaşadan xeyirxah əməlləridir».


Bir dəfə də nə üçünsə instituta getmişdim. Gördüm ki, foyedə böyük bir stend var. Başda yazılıb: 50 yaşlı 175 əsər müəllifi!


Afad müəllim haqqında idi.


Onu görmək, 50 yaşın zirvəsində olan bu işıqlı insanı uğurlarına görə ürəkdən təbrik etmək istədim. Tapa bilmədim. Radioda indi adını unutduğum bir verilişə zəng edib onu təbrik etdim, uzun ömür arzuladım. Bilmədim o bunu eşitdi, ya yox. Ancaq bir az rahat oldum.


İndi isə onun haqqında yazıram. Hər sözü yazdıqca həyəcan məni bürüyür. Özüm 50 yaşı çoxdan keçmişəm. Lakin özümü hətta onun adı qarşısında belə çox kiçik hesab edirəm. Onun elm adlı xəzinəsindən, xeyirxahlıq və ləyaqətindən bir damla götürə bilmişəmsə, bununla da fəxr edirəm.