f.e.n.Almaz Məmmədova

Almaz MƏMMƏDOVA,

Bakı Slavyan Universiteti,

filologiya elmləri namizədi, dosent

 


AĞLAYAN MİSRALARIM

(Afad müəllimin əziz xatirəsinə)

 

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, dilçi alim… Afad müəllim… heç vaxt eşitmək istəmədiyim xəbər məni qəfil yaxaladı, dünya başıma fırlandı. Dedim, bəlkə, yalandır? İşlədiyiniz kafedraya tələsdim, Sizi bir daha görmək istədim, dinləmək istədim, unu-dulmaz müəllimim, Afad müəllim. Gələ bilmədim. Haqqınızda matəm misraları yazmaq bilsəniz necə çətindir. Axı Siz xalqımızın zirvədən işıq saçan, müdrik ağsaqqalı, düz danışıb yazmağı öyrədən müəllimi idiniz. Sizin haqqınızda alim səviyyəsində olan yoldaşlarınız danışa bilər. Mən isə hər zaman özümü auditoriyanızda əyləşib, sizi dinləyən tələbəniz bilmişəm.


Çətinliyə düşəndə sizin yanınıza tələsirdim, məsləhətləriniz, qayğınız, doğru sözləriniz mənə yol göstərmiş, kömək olmuşdur. Sadə, səmimi, qayğıkeş müəllimim, sağlığınızda mənə elə gəlirdi ki, həmişəyaşarsınız, ölməzsiniz. Axı deyərdiniz, ulularımız uzunömürlü olurlar. Arxayınlıq yaradırdınız. Hər zaman bizi yazıb-yaratmağa sövq edirdiniz…


Sizdən məntiqli danışmağı, düz yazmağı, mədəni davranmağı, savadlı olmağı, elmi axtarışlar aparmağı, elmin gizlinlərinə yol açmağı, vətənpərvər olmağı, xalqına layiq olmağı öyrəndim. Natiqlik məharətinin sirlərini öyrətdiniz, müəllim olmağı öyrətdiniz. Xalqımızın qədimliyini, mədəniyyətimizin tarixinin dərin köklərini, doğru fikir söyləməyi öyrəndik. Deyirdiniz, savadlı olmaq əxlaqi dəyərdir, xərclənib qurtarmayan sərvətdir. Yorulmaq bilmirdiniz, elə bil ki, harasa tələsirdiniz. Tövsiyələrinizə qulaq asmağı, bizə səbirli olub dinləmək mədəniyyətini Siz öyrətdiniz. Saatlarla xalqımızın həll oluna bilməyən problemləri haqqında danışmaq, onları çözələmək istəyirdiniz. Vətənpərvərcəsinə yaşamağı yazıb-yaratdığınız elmi əsərlərin məzmununa çevirir, xalqa çatdırırdınız. Bu əsərlər alimlər, tədqiqatçılar, müəllimlər, tələbələr üçün əvəzedilməz mənbə olacaq. Xalqın sərvətinə çevriləcək.


Yazarkən ölməz şəxsiyyətinizi qarşımda hiss edirəm, çəkinirəm, qorxuram səhv edərəm. Axı Siz əlifbamızın asanlığı, təmizliyi üçün daima çalışırdınız. Yazılarınızın doğru, fikirlərinizin əsaslı olmasını istəyirdiniz.


Elimizi-obamızı qarış-qarış gəzdiniz, elmi axtarışlarınızın qədim köklərini tapdınız, əsərlərinizə gətirdiniz, yenidən cilalayıb xalqımıza qaytardınız. Onun tarixinə, mədəniyyətinin dərin qatlarına işıq saldınız, nəsillərə örnək etdiniz. Elimizin hər bir qarışına, guşəsinə, daşına, çayına, mahalına məhəbbətlə yanaşdınız. Sübut etdiniz ki, ilk qədim insanlar, türklər, insan məskənləri, ölməz mənəvi abidəmiz, onun boyları məhz bizim torpağımızda boylara çevrilib (Kitabi-Dədə Qorqud). Biz yetirmələrinə də yazmağı, söz söyləməyi, vətənpərvər olmağı Siz öyrətdiniz, ey ölməz ustad.


Dilimizin qədimliyi, zənginliyi, gözəlliyi, mənalılığı, musiqi həzinliyi haqqında dünya dövlətlərinin elmi məclislərində Söz söylədiniz. Türk xalqlarının birliyini yaratmaq, bir əlifba layihəsi yaratmaq, onun qəbul olunmasını istəyirdiniz, tələsirdiniz. Dünyanın ən qədim xalqları kimi, Azərbaycan xalqının mədəniyyətini, dilini ən ali kürsülərdə cəsarətlə söylədiniz…

 

Ziyarətini etdiyiniz yunan filosofu Aristotelə söylədiniz ki, bizim xalqımız müdrikdir, mədənidir. Onun da sənin kimi, səninki tək oğulları, alimləri, müdrikləri var. Yoxsa çox kövrəldiniz? Onun ruhu, qəbri qarşısında… Biz dinləyənləri də çəkib apardınız o ellərə, o diyara. Yaşamaq üçün ruhlandırdınız. Bəs nə üçün bizi tərk edib getdiniz, rahatlıqla əbədiyyətə qovuşdunuz, Allahın dərgahına uçub getdiniz?


Əziz müəllimim, enişli-yoxuşlu, həzli-iztirablı həyat yollarında nə üçün bizi sahibsiz etdiniz?


Afad müəllim, Sizin haqqınızda yorulmadan danışmaq, yazmaq belə azdır. Şərəfli bir ömür yaşadınız. Sizinlə xalqımız qürur duyur. Bu yerdə ağlamağa yer vermək istəməzdim. Bu, düz olmazdı…


Siz həmişə əməyi insanın həyat mənbəyi kimi qiymətləndirmisiniz: «Hər bir insan sirlər xəzinəsidir. Bacarıb bu xəzinəni açmaq lazımdır». Belə deyib müdriklər. Siz öz sirlər xəzinənizi sağlığınızda açdınız, xalqa, onun maariflənməsinə, mədəni səviyyəsinin yüksəlməsinə, savadlı olmasına, dünya mədəniyyətinə qovuşmasına, özünü dərk etməsinə, Söz sahibi olmasına, dünya xalqları içərisində yer tutmasına çox səxavətlə xərclədiniz. Ən uca kürsülərdə, məclislərdə xalqımızın qədimliyini, müdrikliyini, mədəniyyətini dünya xalqlarına bəyanladınız, milli mənliyini, qeyrətini təsdiq etdiniz.


Ömrünüzün ən gözəl, yaddaqalan günlərindən birində mənə söylədiniz: «Səbir et, bu dəfə çıxış etmək üçün səni Türkiyəyə, xarici ölkələrə gedən nümayəndələrin sırasına qatmağa çalışacağam. Çıxış edərsən, dinləyərik, tələbəm olduğun üçün fəxr edərəm».


O gün yetişənə qədər matəm yaşları yolumu kəsdi… Arzularım ağlayan misralara çevrildi. Bağışla, əziz müəllimim, mən şair deyiləm bu acıları qafiyələndirəm. Bağışla, bağışla məni, ata əvəzim, müəllimim, unudulmaz, sadə, səmimi Afad müəllim. Ruhun şad olsun. Ağlayan, dolaşıq fikirlərimi misralar etdim, yanan qərənfillərə, ağlayan ağ güllərə çevirdim, üstünə səpmək istədim. Əllərim üşüdü. Ömür yollarımda hər zaman işıq saçacaq, məşəl olacaq Sizin ölməz ruhunuz qarşısında baş əyirəm…


Artıq neçə müddətdir ki, Sizsiz yaşayan əzizlərinizə, rəhbərlik etdiyiniz kafedranın professor-müəllim heyətinə, əməkdaşlarına, xalqımıza Allahdan səbir diləyirəm. Ürəyimdə ağlayan sözlərimi vərəqlərə köçürüb Allahdan Afad müəllimə rəhmət diləyirəm.