f.e.n.Aslan Bayramov

Aslan BAYRAMOV,

Sumqayıt Dövlət Universiteti

filologiya fakültəsinin dekanı,

filologiya elmləri namizədi, dosent

 


BİZ YAZMASAQ...

 

24 oktyabr 2009-cu ildə ADPU-da olduğum zaman Afad müəllimin yanına – kafedraya getdim. O, həmişəki kimi, gülümsəyərək doktorluq işimlə maraqlandı və mənə opponent olacağını dedi. Daha sonra «Qərbi Azərbaycanın Cucikənd şivəsi» və «Qərbi Azərbaycanın Cucikənd yazılı abidələrinin kəşfi» kitablarını avtoqrafla mənə bağışladı. Nəfis şəkildə tərtib olunan bu kitabları Afad müəllim daha çox sevdiyini dedi. Bu, təbiidir, çünki hər iki kitab onun doğulduğu və boya-başa çatdığı Cucikəndə həsr olunmuşdur. Bir azdan sağollaşıb getdim. Bir gün sonra televiziyadan eşitdim ki, Afad müəllim haqqın rəhmətinə gedib. Qara torpaq onu da ağuşuna alıb əbədiyyətə qovuşdurdu. Xeyirxah və elm cəfakeşi olan bir insan da aramızdan getdi.


Böyük türk ozanı Aşıq Reyhaninin bir misrasını xatırlatmaq yerinə düşər:

Məzar bir tarladır, insanlar toxum,

Vaxtı yetişdikcə sürər qara yer.


Yadımdadır, 1986-cı ildə rayonda müəllim işləyərkən APİ-də keçirilən Onomastika problemlərinə həsr olunmuş I konfransa məqalə gətirmişdim, lakin materiallar çap olunduğu üçün məqaləm kitaba düşmədi. Afad müəllim çox təəssüfləndi və qayğı ilə yanaşaraq dedi ki, narahat olma, proqrama saldırarıq. Elə də etdi. Namizədlik dissertasiyam da toponimika ilə bağlı olduğu üçün hər vaxt A.Qurbanovun xeyirxah elmi məsləhətlərindən faydalanmışam, onun kitabxanasındakı ədəbiyyatdan istifadə etmişəm.


İndi bütün bunları xatırladıqca Afad müəllimin nurani və ciddi siması gözlərimin önündə canlanır. Sanki hər dəfə onun səsini eşidir, məsləhətlərini dinləyirəm. Onun ölümü ürəkləri göynətsə də, xalqımız qarşısındakı xidmətləri, Azərbaycan dilçiliyinin inkişafı üçün həyata keçirdiyi tədbirlər dərdlərimizi azca da olsa, səngidir. Hər bir alimin, ziyalının ömrü onun əsərlərinin ömrü qədərdir. Afad müəllim elə şəxsiyyətlərdəndir ki, onun alim dühası ilə əməksevərliyi nəsillərə əsl örnəkdir. Bu görkəmli alimin elə bir günü olmazdı ki, nəsə yazmasın, yaxud da yeni bir ideya üzərində fikirləşməsin. Bunu Afad müəllimi tanıyanlar, onunla yaxından ünsiyyətdə olanlar, bir sözlə, hamısı təsdiqləyir.


Dilçilik tariximizdə onomastika məktəbinin yaranıb formalaşması və inkişafı Afad müəllimin adı ilə bağlıdır. Bu, hər alimə nəsib olan tale deyil. Bu, Afad müəllimin ziyalı xoşbəxtliyi, elmi fədakarlığıdır.


Professor A.Qurbanov həssas və humanist bir insan idi. Doğulduğu Qərbi Azərbaycanı, əzəli və əbədi torpaqlarımızı heç vaxt yadından çıxarmırdı. Bəzən vaxt tapanda orada keçirdiyi uşaqlıq və gənclik xatirələrindən özünəməxsus şirin bir dillə, təmkinlə söhbət açardı. Hiss olunurdu ki, Afad müəllim doğma el-obaya, əslinə-kökünə qırılmaz tellərlə bağlı bir insan idi. Boya-başa çatdığı yerlərin adını elə yerli-yerində xatırlayırdı ki, sanki indicə oranı tərk etmişdir. Milli-etnik yaddaşa belə güclü bağlılıq onun bir insan kimi mənəvi əzəmətini göstərir.


Bəli, dilçiliyin bütün sahələrini əks etdirən əsərləri ilə dünya türkoloqları sırasında duran akademik Afad Qurbanov indi cismən aramızda yoxdur. Lakin onun müəllifi olduğu sanballı dərslikləri oxuyan, onlardan faydalanan müəllim və tələbələr, aspirant və magistrlər hər zaman Afad müəllimi xatırlayacaq, onu sonsuz hörmətlə yad edəcəklər. Çünki professor Afad Qurbanov kimi insanların yeri ancaq ürəklərdir.