f.e.n.Həcər Hüseynova

Həcər HÜSEYNOVA,

ADPU-nun Azərbaycan dilçiliyi

kafedrasının dosenti, filologiya elmləri namizədi

 


ƏSL İNSAN, ƏSL ZİYALI

(Bu məqalə insanlığa xidmət edənlərə ithaf olunur)

 

Yer üzündə ən böyük varlıq insandır, insanda isə ən qiymətli şey müdriklikdir. Nə qədər müdrik, nə qədər böyük, böyük olduğu qədər də sadə bir insan idi Afad Qurbanov. Onun haqqında keçmişdə danışmaq çox ağırdır.


Deyirlər, insanı kamilləşdirən onun dərdləridir. Biz yetirmələri professor Afad Qurbanovun aramızda olmadığını bu günlərdə hiss etdik. Nə qədər kamilləşdik, nə qədər böyüdük! Əvvəllər ərköyün uşaqlar kimi ətrafına toplaşar, elmlə, şəxsi həyatımızda baş verən problemlərlə bağlı sorğu-sual edərdik. O isə mehriban ata kimi hər kəsi sona qədər səbirlə dinləyər, ağıllı, müdrik məsləhətlər verərdi. Mübahisə edəndə «Gedək Afad müəllimdən soruşaq», – deyər, ən etibarlı cavabı ondan almağa tələsərdik. İndi isə…


Professor A.Qurbanov yalnız öz ailəsindən, doğmalarından deyil, xalqdan, eldən getdi.


Özünü auditoriyadan kənarda, tələbələrindən uzaq təsəvvür edə bilmirdi. Universitetin dəhlizlərində də ona yaxınlaşan tələbələrin hər sualına tələsmədən, sakit-sakit cavab verər, doğru yola istiqamətləndirər və bundan mənəvi zövq alardı. Əmin idi ki, yetişdirdiyi gənc və orta nəslə məxsus böyük bir alimlər ordusu onun yolunu davam etdirəcək, başladığı işləri sona çatdıracaq və onun tələb etdiyi kimi, hər işə məsuliyyətlə yanaşacaq.


Ömrünü elmə sərf etmişdi Afad Qurbanov. Onun yaradıcılığı ümumbəşəri mənəvi xəzinənin bir hissəsidir. A.Qurbanovun əsərləri, elmi görüşləri olmadan Azərbaycan dilçilik elmini təsəvvür etmək mümkün deyil. Azərbaycan dilçiliyi, ümumi dilçilik, türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, bədii dilin linqvistik təhlili sahəsindəki xidmətləri, dilçi kadrların hazırlanması və digər ictimai fəaliyyəti ölçüyəgəlməzdir.


Professorun həm elmi fikirləri, həm də ağıllı məsləhətləri insanın düşüncələrinə işıq salan, daxili dünyasını zənginləşdirən elə bir nurdur ki, bu nur heç vaxt sönməyəcək. Bu, öz vətəni üçün heç də gün işığından az zəruri deyil. «Ancaq bir fərq vardır ki, günəşin batdığını hər kəs görüb bildiyi halda, vətən üçün zəkavət çırağı olan bir vücudun söndüyünü çoxları bilmirdi» (Mir Cəlal).


Afad Qurbanovun Azərbaycanda onomastika məktəbinin, «Onomastika» elmi cəmiyyətinin və «Onomastika» elmi jurnalının yaradıcısı, təsisçisi kimi xidmətləri də böyükdür. O deyirdi: «Dildə mənasız söz yoxdur və ola da bilməz. Hər bir söz geniş şəkildə araşdırılmalıdır, xüsusi adlar da həmçinin». Azərbaycan dilçiliyində xüsusi adların tədqiqi A.Qurbanovun adı ilə bağlıdır.


Hər insan ömrünün öz dünyası var,

Dünyanı görməyə göz dünyası var,

Xüsusi adların söz dünyası var,

Sən həmin dünyanın şahı, ey alim!


Həyatının son anlarına qədər ümumi dilçilik, Azərbaycan dilçiliyi və türkologiya sahəsində səmərəli araşdırmalarını davam etdirən zəhmətkeş alim, yorulmaz tədqiqatçı Afad Qurbanovun elmi irsi bundan sonra da Azərbaycan xalqına öz töhfəsini verəcək. Elm, bilik, təhsil, ən əsası isə insanlıq öyrətdiyi böyük bir tələbə ordusu onu heç vaxt unutmayacaq.