f.e.n.Vaqif İsrafilov

Vaqif İSRAFİLOV,

ADPU-nun Azərbaycan dilçiliyi kafedrası,

filologiya elmləri namizədi, dosent

 


UNUDULMAZ TÜRKOLOQ

 

Dünya şöhrətli türkoloq, ictimai xadim Afad Qurbanov 1929-cu il yanvar ayının 10-da indi ermənilərin tapdağı altında qalan qədim Borçalının Qızıl Şəfəq kəndində (indiki Ermənistan Respublikasının Kalinino rayonu) dünyaya gəlib. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.


Afad Qurbanov Hamamlı orta məktəbində direktor, V.İ.Lenin adına APİ-də dekan müavini, dekan, kafedra müdiri, rektor vəzifələrində çalışıb. Görkəmli alimin elmi rəhbəri, mərhum professor Əbdüləzəl Dəmirçizadə yazırdı: «A.Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir». Bu fikirlər reallığa çevrildi. Belə ki, Afad Qurbanov 70-dən çox kitab, 500-dək məqalə çap etdirdi.


Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik, 1968-ci ildə isə «Müasir Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.


Qarabağ problemi ilə bağlı Moskvaya göndərilmiş beş deputatla Afad Qurbanov nümayəndə heyətinin üzvü kimi Kremldə öz münasibətini bildirmiş, problemin həlli ilə bağlı bir sıra dəyərli fikirlər söyləmişdir.


A.Qurbanov ictimai fəaliyyəti ilə bərabər, elmi araşdırmalarını da daima diqqət mərkəzində saxlamışdır. Azərbaycan dilçiliyində onomalogiya sahəsi məhz A.Qurbanovun adı ilə bağlıdır. Hər iki ildən bir Azərbaycan onomastikasının problemlərinə həsr olunmuş konfransların təşkili Afad Qurbanovun şəxsi təşəbbüskarlığını və yüksək təşkilatçılıq bacarığını göstərirdi. Kağızın tapılmadığı və çapın çox çətin olduğu dövrlərdə o, ənənə olaraq, iki ildən bir onomastika konfranslarını təşkil edir və materialları çap etdirirdi. Afad müəllim bilirdi ki, onomastik vahidlər xalqın həyatı, tarixi, dili, etnoqrafiyası və mədəniyyət nümunələridir. Daha doğrusu, xalqın etnik pasportudur. Bu, xalqımızın milli sərvəti kimi qorunmalıdır. Bu yönümdə A.Qurbanov çox böyük və əhatəli işlər gördü, tədbirlər həyata keçirdi. Onomastika sahəsində onun 100-dən çox əsəri vardır.


Professor A.Qurbanovun Dövlət mükafatına layiq görülmüş «Azərbaycan dilinin onomalogiyası» adlı fundamental əsərinin elmi dəyəri barədə türk alimi professor Xəlil Açıqgöz yazmışdır: «Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək, azdır. Kitabın qısa zamanda Türkiyə türkcəsinə nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar». Akademik M.Şirəliyev də «Azərbaycan dilinin onomalogiyası» adlı əsərin təkcə Azərbaycan dilçiliyi üçün deyil, dünya türkoloji dilçiliyi üçün qiymətli əsər oldugunu söyləmişdir. 1967-ci ildə nəşr olunmuş «Müasir Azərbaycan ədəbi dili» kitabı haqqında rus türkoloqu, akademik A.Kononov demişdir: «A.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır».


Minlərlə ziyalının yetişməsində əməyi olan unudulmaz alim, akademik Afad Qurbanovun əziz xatirəsi biz tələbələrinin qəlbində əbədi yaşayacaqdır!