f.e.n.Kamil BƏŞİROV, Əli Rza XƏLƏFLİ

Kamil BƏŞİROV,

ADPU-nun Filologiya fakültəsinin dekan müavini,

filologiya elmləri namizədi, dosent


Əli Rza XƏLƏFLİ,

şair-publisist, Beynəlxalq Rəsul Rza

mükafatı laureatı


DİLÇİLİK ELMİMİZİN AFAD QURBANOV İMZASI


70-ci illərdə boz üzlü bir kitab çap olunmuşdu: «Azərbaycan dilçiləri». Müəllifi Afad Qurbanov idi. Əlbəttə, biz Azərbaycan dilçiliyinin özül daşlarını qoymuş bir çox müəlliflər haqqında, o cümlədən bizim əziz müəllimlərimiz, başda Ə.Dəmirçizadə olmaqla bir çoxları haqqında elə həmin kitabdan ilkin məlumatlar əxz eləmişdik. Sonralar biz Afad müəllimin çox kitabı ilə tanış olduq. Dil və dilçilik sahəsində biliklərimizi, təfəkkür və təxəyyül dünyamızın sərhədlərini genişləndirdik. Bu dünyanın sərhədləri boyunca gəzdikcə hiss etdik ki, nə qədər qanadlıyıq, nə qədər uçarıyıq və nə qədər güclüyük.


Afad müəllim deyirdi ki, Füzuli türk dilində yaza bilməzdi, əgər türk dövlətçilik mexanizminin gücünü hiss etməsəydi. Biz deyə bilmərik ki, o zamanlarda, o dövrlərdə Afad müəllim hansı milli güclə bu sözləri deyirdi. Ancaq zaman keçəndən sonra özümüz də dərk etdik ki, bəli, bu, tarixi-nəzəri tezisdir. Və həm də elə tarixi-nəzəri tezisdir ki, onu heç vaxt təkzib etmək mümkün deyil. Həqiqətən Füzuli dövrünün türk dili Şərqin az qala yarısına hakim olan türk hökmranlığının, gücünün diktəsi idi.


Afad müəllim bütün ömrü boyu mənsub olduğu xalqın dilinə və mənəvi varlığına məhəbbət bəslədi. Ona görə də bu yolda qələm çalmaqdan usanmadı. Onun dilçiliyin tədqiqi və təbliği sahəsində elmi fəaliyyəti, yaradıcılığı xüsusi bir məktəb səviyyəsinə qalxmışdı. A.Qurbanov elmin böyük hamisi olduğu kimi, yeni alimlər nəslinin yetişməsində də xüsusi xidmətləri olan ziyalıdır.


Afad müəllim sərt, eyni zamanda mülayim və humanist insan idi. Bizim yaxşı yadımızdadır. Hələ dekan olduğu illərdə tələbələr yaxşı oxumaq, müəllimləri ilə elmi mübahisələrə girişmək cəsarətinə malik idilər. Onlar bu cəsarəti və enerjini Afad müəllimdən alırdılar. Onun bir adı da var idi – tələbələrin atası. Afad müəllim qurucu, yaradıcı insan idi. Tələbələrin həyat tərzi, məişəti həmişə onun diqqətində olardı. Tələbə yataqxanalarının səviyyəsi, institutətrafı sahələrin yaşıllığı… bütün bunlar Afad müəllimin nəzərində həyatın diqqət göstərilməli sahələri idi. Yeni əlifba məsələsinə, ümumiyyətlə, dilçilik elminin müxtəlif sahələrinə həsr olunan elmi konfransların təşkilinə xüsusi diqqət verirdi. O, Azərbaycanın dilçiliklə bağlı elmi potensialının zənginləşməsinə çalışırdı. Bu sahənin dünya elmi səviyyəsində təmsili onu həmişə maraqlandırırdı.


Afad müəllim, sözün həqiqi mənasında, öz üzərində işləyən, elmi dərinliklərə can atan bir müəllim idi. Azərbaycan dilçiliyi kafedrasında müxtəlif vəzifə pillələrini əzmlə, bəlkə də inadkarlıqla keçərək həmişə yüksək hörmət və ehtiram mərtəbəsində, lap aşağı vəzifədə də olanda, yuxarı rəhbərlik kürsüsündə olanda da mövqeyini və nüfuzunu qoruyurdu.


Təvazökar insan idi. Dostları, həmkarları, onunla birgə işləmiş insanlar haqqında xoş xatirələrlə danışardı. Afad müəllim həm də ləyaqətli övladlar böyütmüş ata idi. Biz – tələbələri onu həmişə həyatın yaratdığı və özünün zəhməti, istedadı ilə cilalanmış parlaq bir obraz kimi xatırlayacağıq.