f.e.n.Ramazan Qafarlı

Ramazan QAFARLI,

«Qafqaz» jurnalının baş redaktoru,

filologiya elmləri namizədi, dosent

 


ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜR

 

İnsan dünyaya gələndə bir gün qəflətən gedəcəyini – həmişəlik əbədiyyətə qovuşacağını bilsəydi, Allahın bəxtinə düşən ömür payından daha səmərəli faydalanmağa can atardı, körpəliyindən günlərini, həftələrini, aylarını, illərinı boş-boşuna xərcləməzdi. Bunu ömrün baharında, yayında və payızında az-çox anlasa da, fani aləmdə necə gəldi yaşamağı yenə özünə qazanc sayır və yalnız həyatının qışına qədəm basanda ötənlərə nəzər salıb itirdiklərini görür. Bu an peşmanlıq çəksə də, yenə haqqa qovuşma vəsiqəsini arayır. İnsanların çoxu yer üzünə nə üçün gəldiyini çox gec başa düşür. Bəziləri isə erkən yaşlarından öz funksiyasını dərk etdiyindən məqsəd və məramına çatıb dərin iz buraxaraq dünyasını dəyişir. Bu mənada bütün şüurlu ömrünü Azərbaycan dilinin ən aktual problemlərinin elmi şərhinə həsr edən mütəfəkkir haqqında əbədiyyətə qovuşduğu anda söz demək olduqça çətindir.


Afad Qurbanovun mənalı həyatının böyük bir hissəsi gözlərimiz qarşısında keçib, ondan öyrəndiklərimiz və görüb-götürdüklərimiz ən çətin anlarda köməyimizə çatıb və bu gün ağsaqqal professorla bir yerdə keçirdiyimiz anları, günləri yada salıb xəyalən təzədən yaşayanda yalnız bir istəyimiz olur: əxlaqi saflığı, ziyalılığı, mədəniyyəti ilə müasirlərini heyran qoyan alimin təşkilatçılıq qabiliyyətindən, təhsil sisteminin özəlliklərinə yüksək səviyyədə bələdliyindən, təcrübəsindən hələ çox şey öyrənməliyik.


A.Qurbanov gənclərin öz müstəqilliyini qoruyub saxlaya bilmələrinə çalışırdı. Qayda-qanunu sevməklə yanaşı, ali məktəbdə dərs alanların özlərini sərbəst hiss etmələrini istəyirdi. O vaxt bir neçə «arxalı» tələbə yaramaz hərəkətlərə yol vermişdi, ictimai vəzifəsindən sui-istifadə edib abunə pullarını mənimsəmişdi. Bir nəfər isə şikəst qızın heysiyyətinə toxunmuşdu. Rəhbəri olduğum təşkilatda onların şəxsi məsələsini müzakirə edib bir illiyə institutdan kənarlaşdırılmaları barədə qərar vermişdik. Onların «havadardayıları» əl-ayağa düşmüş, dekanın üstünə xahişə gəlmişdilər. Aralarında sözükeçən, yüksək vəzifəli adamlar da var idi. Lakin professor tələbə təşkilatına təzyiq göstərmədi. İki dəfə iclasımıza gəlib haqlı olduğumuzu gördükdə çıxardığımız qərarı müdafiə etdi. Bu gün kuryerə çevrilən bəzi tələbə təşkilatçılarına baxanda A.Qurbanovun bizə verdiyi sərbəstliyi, müstəqilliyi yada salmaya bilmirəm.


A.Qurbanov Filologiya elmləri üzrə Müdafiə Şurasının sədri işləyəndə mən şuranın üzvü və elmi katibi idim. Onda onunla bir az da yaxından tanış olmağa imkan yarandı. Gənc alimlərin hazırlanmasında fədakarlıq göstərməsinə bir daha şahid oldum. İşi müzakirə olunan onlarla tədqiqatçılardan kimsə deyə bilməz ki, onu hansı məsələdəsə inçidiblər, ədalət prinsipini pozublar. Afad müəllimin sədr kimi bir dəfə də olsun kimisə qabağa salmaq, işini qaydasız buraxmaq, tələsikliyə yol vermək və yaxud başqa məqsəd güdən təkliflərinə rast gəlməmişəm. Ümumiyyətlə, müdafiə prosesində göstərdiyi aliçənablıq adamı heyran qoyurdu. Dissertantlara qarşı yersiz ittihamlara rast gələndə işə qarışıb yüksək ziyalı mədəniyyətilə məsələni yoluna qoymağı bacarırdı.


A.Qurbanov dərslikləri və elmi monoqrafiyaları ilə özünə və xalqına möhtəşəm bir abidə ucaldıb. Bu gün ümumi dilçilik, türkologiya, müasir Azərbaysan dili, onomalogiya sahəsində boşluq tapmaq çox çətindir. Alimin dəyərli tədqiqatları məsələlərin əsaslı şəkildə öyrənilməsində tələbələrin, aspirantların, orta məktəb müəllimlərinin və tədqiqatçıların yardımçısına çevrilir.