Professor İsmayıl Kazımov

İsmayıl KAZIMOV,

filologiya elmləri doktoru, professor

 


SONUNCU ÇIXIŞ...

YAXUD BÖYÜK BİR DİLÇİNİ İTİRDİK

 

İnsanların qəribə taleləri var. Ələlxüsus da ölüm qabağı insan bir anlığa bütün gücünü toplayaraq beynində dolaşan fikirləri kiməsə çatdırmaq istəyir. Dəniz kimi coşur, püskürür insan. Sanki qu nəğməsini oxuyur. Qu quşu kimi, ölənə yaxın. Bir kərə.


Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor Afad Qurbanov. Bu ad bütün türk dünyasında tanınır. Qəfil ölüm Azərbaycan dilçiliyinin bir çinarını, bir araşdırıcısını aramızdan apardı. Bu ölüm dərin üzüntüyə yol açdı. O, səssiz-sədasız dünyamızdan ayrılanlar karvanına qatıldı. Məkanı cənnət olsun və yaxınlarına, filoloji aləmə başsağlığı diləyirik. Bütün dilçiliksevərlərin başı sağ olsun! Ailəsinin, övladlarının başı sağ olsun! Afad müəllim böyük bir dilçi-türkoloq alim kimi mənalı ömür yaşadı, elmi fəaliyyət göstərdi, yüksək təşkilatçı, görkəmli alim kimi tanındı.


Ölümündən bir gün əvvəl AMEA Dilçilik İnstitutunda iki nəfərin dissertasiya müdafiəsində həm opponent, həm də Müdafiə Şurasının üzvü kimi çıxış etdi. Hər iki dissertasiya barədə xeyli danışdı. Əsərləri özünəməxsus tərzdə dəyərləndirdi. Həmin çıxışda onun illərlə qazanmış olduğu təcrübə xırdalanırdı, ümumiləşirdi, onomastikanın gələcəkdə görüləcək işləri göstərilirdi. Afad müəllim tarixi onomastikanın Azərbaycanda tədqiqindən danışdı. Dilimizin təşəkkül tarixinə toxundu. Mübahisəli nöqtələrə aydınlıq gətirdi. Bu, professorun sonuncu çıxışı oldu. Bu çıxışı dinləyənlər uzun müddət unutmayacaqlar.


Afad müəllim respublikamızda onomastika elmi məktəbini yaratmışdı. Bu məktəbdə yüzlərlə alim yetişmişdi. Bu sahədə yazılmış dissertasiya işlərində Afad müəllimin fikirləri aparıcı yerlərdən birini tuturdu.


Müdafiə qurtarandan sonra onu da çay içməyə dəvət etdim. Ürək dərmanının evdə qaldığını dedi. Görüşüb ayrıldıq. Səhər tezdən ölüm xəbərini eşitdim. Sarsıldım. O, çoxları kimi, mənim də müəllimim olmuşdu. Ümumi dilçilik, onomastika, türkoloji dilçilik fənlərini mənə də sevdirmişdi.


Böyük və mühüm vəzifələrdə çalışsa da, çox sadə, səmimi, mehriban bir insan idi. Saysız-hesabsız dərsliklərinin, dərs vəsaitlərinin dili və üslubu da sadə idi, başadüşülən idi.


Mühazirələri cəlbedici, aydın idi. Adamı özünə çəkirdi. Mövzular arasında güclü əlaqə yaradırdı. Mən müəllimlə ciyin-çiyinə Elmlər Akademiyasında, ali məktəblərdə çalışanda da onun səmimiliyini, insana münasibətini, dəyərli məsləhətlərini çoxları kimi həvəslə dinləyirdim. Bir dilçi kimi Afad müəllimdən çox şey öyrənmişdim.


A.Qurbanov Azərbaycan dilçiliyi tarixində elmi konfransların təşəbbüsçüsü və təşkilatçısı kimi şöhrətlənmişdir. Təsadüfi deyildir ki, Azərbaycan onomastikası problemlərinə həsr edilmiş respublika konfransları, «Azərbaycan nitq mədəniyyəti problemləri», «Azərbaycan terminologiyası problemləri», «Ortaq türk dili problemləri» və s. konfranslar məhz Afad Qurbanovun adı ilə bağlıdır.


Fikrimcə, akademik Afad Qurbanovun elmi yaradıcılığı və nəsillərə örnək olan fəaliyyəti dərindən və monoqrafik şəkildə öyrənilməlidir. Azərbaycan dilçilik nəsli uzun müddət onun əsərlərindən faydalanacaq.


Azərbaycan dilçiliyi üçün Afad Qurbanovun ölümü böyük itkidir. Afad müəllim kitablarında Məhəmməd Peyğəmbərdən belə bir sitat verib: «Ömrünü elmə sərf edən insan heç vaxt ölmür!» Bu müdrik kəlam həyatını dilçilik elminə həsr etmiş akademik Afad Qurbanovu onu tanıyanların qəlbində yaşadacaq.