Professor Bayram HACIYEV

Bayram HACIYEV,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fakültə dekanı,

filologiya elmləri doktoru, professor

 


QƏLBLƏRDƏ YAŞAYAN İNSAN

 

Hörmətli oxucular! Məqsədim Afad müəllimlə keçirdiyim gənclik illərindən bəzi xatirələri sizinlə bölüşməkdir.


Afad müəllim 1929-cu ildə Ermənistanın keçmiş Varansovka (indiki Kalinino) rayonunun Cucikənd, indiki Qızıl Şəfəq kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Ailədə 3 qardaş, 3 bacı olmuşlar. Rəhmətlik ata-anası vaxtsız vəfat etdikdən sonra ailənin ağırlığı böyük oğul Səlimxan müəllimin üzərinə düşmüşdü. Buna baxmayaraq, Səlimxan müəllim uşaqları böyütdü, hərəsi bir işin sahibi oldu. İndi istəyirəm bəzi məqamları nəzərinizə çatdırım. Mən Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində orta məktəbdə oxuyurdum. Hər tətildə mən bibimgilə, yəni Afad müəllimgilə gedirdim. Ora dağ yeri olduğuna görə havası çox yaxşı idi. Mənim Afad müəllimlə gənclik illərim həmin dövrdən başladı. O, at minməyi gözəl bacarırdı. Mən isə bacarmırdım, çünki bizim yerlərdə at çox az olardı. Rəhmətlik mənə deyərdi: «Dayıoğlu, qorxma, gəl ata min». Belə-belə, mənə ata minməyi öyrətdi. Onların kəndindən xeyli aralıda Haşxalıl ocağı ziyarətgahı vardı. Biz atları minib tez-tez ora gedərdik. Kənddən aralı dağların ətəyində gözəl sərin bulaqlar var idi. Biz bir neçə qohum uşaq evdə tədarük görüb bulaq başına gedərdik.


Qızıl Şəfəq kəndində uşaqlığımız beləcə keçdi. Sonra Tiflis mühiti başladı. O öz təhsilini burada davam etdirdi. Sonradan Afad daha mükəmməl təhsil almaq üçün Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasına daxil oldu.


Mən də Tiflisdə həmin Puşkin adına institutu bitirib Bakıya gəldim. İkinci ali təhsil almaq üçün M.Əliyev adına Teatr İnstitutuna daxil oldum. Gənclik illərimizi Afad müəllimlə yenə də birlikdə Bakıda davam etdirdik. O, aspirant, mən isə tələbə.


Ailə qurmaq məqamına gəlib çatdıq. Günlərin birində mənə dedi: «Boris, bir yaxşı qız olsa, evlənərdim». Artıq Afad müəllimin 30-dan yuxarı yaşı vardı. Qohum-əqrəba bir neçə qız göstərmiş, lakin heç biri xoşuna gəlməmişdi. O, sirrini qohumlar içində bircə mənə açardı. Çünki dediyim kimi, uşaqlıqdan bu günə kimi bir yerdə olmuşduq. O, gözəlliyi, namusu, qeyrəti, dostluğu, mərdliyi çox sevərdi. Bir gün mənə dedi: «Boris, bu il bilirsən ki, Kislovodskda idim. Orada bir qız gördüm. Əgər o, Bakıda olsa, mütləq onunla evlənərəm». Bu söhbətdən bir-iki gün keçmiş «Torqovı»da gəzişirdik, birdən çox böyük həyəcanla dedi: «Boris, bu qarşıda gedən o iki qızın biri mən deyən qıza oxşayır». Tez «Vətən» kinoteatrının o biri tərəfindən qızların qarşısından gəldik. Mənə sakitcə dedi: «Bu, həmin qızdır».


Biz onların arxasınca Nizami küçəsi ilə qalxdıq. Müqtədir küçəsində qız bir həyətə girdi, bir az keçdi, mən də həmin həyətə girdim. Balaca bir həyət idi. Bir qoca rus qadın oturmuşdu həyətdə. Mən ondan qız haqqında soruşdum. O mənə adını, harada oxuduğunu dedi. Sevincək tində məni gözləyən Afadın yanına gəldim. Hər şeyi ona söylədim və bu minvalla Afad müəllimi evləndirdik. İndi, Allaha min şükür olsun ki, Afad müəllimin ağıllı 3 oğlu və 2 qızı var. Mən onun ailəsi ilə fəxr edirəm.


Ancaq çox təəssüf edirəm ki, Afad müəllim aramızdan ayrıldı. O mənim qəlbimdə daim yaşayacaq.