Professor Yaqub Qurbanov

Yaqub QURBANOV,

Azərbaycan Tibb Universitetinin kafedra müdiri,

tibb elmləri doktoru, professor

 


VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT

 

Azərbaycan xalqı, haqlı olaraq, öz müdrik, görkəmli alimləri, ictimai xadimləri və ziyalıları ilə fəxr edir. Belə şəxsiyyətlər arasında öz dəst-xətti, həyatda və cəmiyyətdə tutduğu mövqeyi, cəsarətliyi, geniş dünyagörüşü, qətiyyətliyi, səmimiyyəti və işgüzarlığı ilə başqalarından fərqlənən, insani keyfiyyətləri, elmi və təvazökarlığı ilə hamıya nümunə olan görkəmli alim, ictimai xadim, akademik Afad Məhəmməd oğlu Qurbanovun özünəməxsus yeri vardır.


Dünyanın ən ali varlığı olan insan yarandığı gündən taleyin ağrı-acıları, min bir sınağı ilə üz-üzə gəlir, ömrün daş-kəsəkli yollarında əziyyətlərlə qarşılaşır, sanki ulu Tanrı özü sınağa çəkir. Tale, alın yazısı, ömür yolu Tanrımızın bizə verdiyi sınaq müddətidir. Afad Qurbanov bu sınaq müddətində ömrün dolaylarında neçə-neçə çətinliyə fədakarcasına sinə gərən, öz mübarizliyi və mərdliyi ilə fərqlənən, şərəfli ömür yolu keçən səxsiyyətlərdən olmuşdur.


Məlumdur ki, elmin və cəmiyyətin inkişafı dövlətin və xalqın inkişafı deməkdir. Elmlə məşğul olmaq ən müqəddəs bir iş, elmin zirvəsi isə müqəddəslik zirvəsidir. Afad Qurbanov məhz elə nadir şəxsiyyətlərdəndir ki, öz elmi sahəsində həmin zirvəni fəth etmişdir. Zaman şəxsiyyətlər yetişdirir. Tarix bu şəxsiyyətləri qoynunda yaşadır. Onların əməlləri nəsillərdən-nəsillərə ötürülür. O kəs xoşbəxtdir ki, əməlləri ilə neçə-neçə insanın qəlbində özünə məhəbbət və dərin hörmət qazanır, yaddaşlarda əbədi iz salır, xalq, cəmiyyət onlardan faydalanır. Heç şübhəsiz ki, Afad Qurbanov belə nadir şəxslərdən biridir. O, yaşadığı müddətdə daim inkişafa can atan, elmi yaradıcılığı ilə elmimizə böyük töhfələr verən, öz xalqının və dövlətinin mənafeyi və şərəflənməsi üçün yorulmaq bilmədən ömrünü fəda edən böyük şəxsiyyətlərdən olmuşdur. Əlbəttə ki, məqsədim Afad Qurbanovun elmi yaradıcılığı və ictimai fəaliyyəti haqqında yazmaq və onun gördüyü işləri şərh etmək deyil. Afad müəllimin zəngin elmi-pedaqoji və ictimai xadim kimi fəaliyyəti haqqında sonsuz olaraq yazmaq və danışmaq olar. Onun genişşaxəli ictimai və elmi fəaliyyəti respublikada hamıya, xüsusilə onun istedadına və şəxsiyyətinə bələd olan insanlara, geniş ziyalı kütləsinə yaxşı məlumdur. Bununla bağlı bir məqamı qeyd etmək istərdim. Təhsil naziri Misir Mərdanovun Afad müəllimin yubileyində böyük müdrikliklə söylədiyi «Əgər Azərbaycan Dövlət Pedaqoji Universiteti bir anadırsa, Afad müəllim onun böyük oğludur» fikri yaxşı yadımdadır. Geniş məna kəsb edən bu ifadələr bir daha Afad müəllimin universitetin inkişafındakı roluna, onun böyük elmi-pedaqoji potensialına və ictimai fəaliyyətinə verilən qiymətin bariz nümunəsidir.


Afad müəllim öz dövləti və xalqı üçün göstərdiyi xidmətlərlə yanaşı, qayğıkeş ailə başcısı olmaqla la-yiqli övladlar böyütmüşdür. Onların hər biri elmin müxtəlif sahələrində uğur qazanaraq elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsinə qədər yüksəlmişdir və müxtəlif sahələrdə uğurla çalışaraq xalqına və ailəsinə başucalığı gətirir.


Afad Qurbanov haqqında keçmiş zamanda danışmaq, xatirə yazmaq mənə çox çətindir. Hər insan öz ömründə müəyyən anları, günləri, ayları və illəri, həmin dövrün, yaxud zamanın ən xoş xatirələrini yaddaşında əziz bir xatirə kimi qoruyub saxlayır. Mənim də yaddaşımda gözəl və unudulmaz xatirələrdən ən önəmlisi mənə çox əziz insan olan Afad Qurbanovla gənc yaşlarımdan ünsiyyətdə olmağımdır və bunu bəxtimə düşmüş xoşbəxtlik hesab edirəm. Təsadüfi deyil ki, Afad Qurbanov Qərbi Azərbaycanda, Gürcüstan və Azərbaycanda öz şəxsiyyəti və nüfuzu ilə onu sevən, şəxsiyyətinə rəğbət bəsləyən, ona inanan və qədirbilən insanlar üçün ümid yeri və dayaq olmuşdur. Xüsusilə qeyd etmək istəyirəm ki, Afad Qurbanov böyük Azərbaycan ictimaiyyəti arasında bizim nəslin ağsaqqalı və «mayakı» olmuşdur.


Afad müəllim insanlara qarşı xeyirxah, qayğıkeş olmaqla yanaşı, çox tələbkar və ciddi şəxs idi. O, kimliyindən asılı olmadan aciz, yaşamaq üçün zəhmət çəkmədən asan yollar axtarmağa çalışan insanlara rəğbət bəsləmirdi və zəhmətkeş insanları asanlıqla ayırd edə bilirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, Afad müəllim bizim üçün təkcə qohum deyil, həm də bir həyat və mübarizlik məktəbi olmuşdur. O bizə zəhmətkeşliyi, mübarizliyi, xalqına, dövlətinə sədaqətlə qulluq etməyi, həyatda müəyyən mövqe tutmağı və dostluqda sadiq olmağı öyrədir və bu istiqamətdə yönəldirdi.


Hələ uşaqlıq illərindən Afad müəllim mənim üçün ideal və əziz bir şəxsiyyət olub və mən onunla hər yerdə və hər zaman fəxr edirəm. Qeyd etmək istəyirəm ki, xüsusilə gənclik və tələbəlik illərimdə mən və mənim kimilərin böyük məsləhətinə və mənəvi dayağa çox ehtiyacı olduğu vaxtlarda biz bu dayağı Afad müəllimin şəxsində tapmışdıq. Hərçənd, Afad müəllim bir şəxsiyyət kimi əlçatmaz zirvədə olmasına baxmayaraq, biz bütün fəaliyyətimizdə müəyyən qədər də olsa ona bənzəməyə cəhd edirdik. Bu da Afad müəllimin fəaliyyətinin böyük bir həyat məktəbi olmasının bariz nümunəsidir.


Mən böyük fəxrlə və səmimiyyətlə qeyd etmək istəyirəm ki, Afad müəllimlə tez-tez görüşüb ünsiyyətdə olmasam da, öz fəaliyyətimə və ictimai mövqeyimə elə məsuliyyətlə yanaşırdım ki, onun nüfuzuna zərrə qədər də xələl gəlməsin. Afad müəllim bütün bunları hiss edərək mənim uğurlarıma sevinər və fəxr edərdi. Məhz buna görə də Afad müəllim qohumlar arasında mənə fərqli münasibət bəsləyirdi. Mən bununla fəxr edirəm. Bir də ona görə xoşbəxtəm ki, Afad müəllimin mənə göstərdiyi bu etimadı müəyyən mənada doğrultmuşam.


Bir daha qeyd etmək istəyirəm ki, özünə yaxın və əziz bildiyin insan haqqında keçmiş zamanda yazmaq çox çətindir. İnanmaq istəmirəm ki, o bizim aramızda yoxdur, çünki daim onun varlığını hiss edirəm. Bəzən mənə elə gəlir ki, telefon dəstəyini qaldırıb zəng etsəm, onun doğma səsini eşidəcəyəm.


Afad müəllim haqqında yazdığım bu qısa xatirələrimi böyük dəryada kiçicik bir damla ilə müqayisə edə bilərəm. Belə şəxsiyyətin böyüklüyünü və müdrikliyini ifadə etməyə söz tapmaq, təəssüratları adi qələmlə bir neçə vərəqə sığışdırmaq mənim üçün çox çətindir.


Fikirlərimə yekun vuraraq demək istərdim ki, Afad Qurbanovun keçdiyi kəşməkeşli, şərəfli, qürurlu ömür yolu bizim və gələcək nəsillər üçün örnək olmalıdır və əminəm ki, bu, belə də olacaqdır. Onun əziz xatirəsi mənim, eləcə də ailə üzvlərinin qəlbində həmişə yaşayacaq və əbədi xatirəyə çevriləcək.