Professor Nəbi Əsgərov

Nəbi ƏSGƏROV,

ADPU-nun Azərbaycan dilçiliyi kafedrası,

filologiya elmləri doktoru, professor

 


İNANA BİLMİRƏM…

 

Afad Qurbanovu 34 il idi tanıyırdım. 1975-ci il sentyabrın 1-də ilk dəfə filologiya fakültəsinə qəbul olunmuş I kurs tələbələri ilə görüşdə gördüm. 5-6 nəfər alimlə auditoriyamıza daxil oldu, yeni qəbul olunmuş tələbələri təbrik etdi, məlum oldu ki, bu cüssəli, zəhmli alim filologiya fakültəsinin dekanıdır. O zaman Afad müəllimin 46 yaşı var idi. Ancaq sonrakı illərdə gördüm ki, Əbdüləzəl Dəmirçizadə, Feyzulla Qasımzadə, İsmayıl Şıxlı, Ağamməd Abdullayev və başqa görkəmli alimlər Afad müəllimlə hesablaşır, onun idarəçiliyindən razı qalırlar. Hələ 60-cı illərin ortalarında Afad Qurbanov ölkədə dilçi alim kimi tanınmış filologiya elmləri doktoru, professor idi.


Tələbəlik illərində Afad müəllimlə ən çox ünsiyyətdə olan qrup nümayəndəsi mən idim. O dövrdən saysız-hesabsız tədbirlərdə həmişə bir yerdə olardıq. Yadımdadır, 1979-cu ildə IV kursda oxuyanda Afad müəllimin 50 illik yubileyi böyük izdiham və təntənə ilə keçdi. Rus türkoloqları, türkologiya sahəsində tanınmış alimlər bu yubiley mərasimində iştirak edir, Afad müəllimin Azərbaycan dilçiliyi sahəsində qazandığı müvəffəqiyyətlərdən ağızdolusu danışırdılar.


Təyinatla Ağdaş rayonunun Kotavan kənd orta məktəbində işləyirdim. Eşitmişdim ki, Afad müəllim 1981-ci ildə APİ-yə rektor təyin edilib. 2 il işləyəndən sonra belə qərara gəldim ki, sənədlərimi aspiranturaya verim. 1982-ci ilin aprel ayında Bakıya gəldim və Afad müəllimlə görüşdüm. Fikirləşirdim ki, məni tanımayacaq. Çox çətinliklə də olsa, Afad müəllimin qəbuluna düşdüm. O dəqiqə məni tanıdı. Harada işlədiyimlə maraqlandı. Sonra soruşdu ki, tələbə vaxtı qiymətlərim necə olub. Fərqlənmə diplomu ilə bitirdiyimi dedim. Dedi ki, tez sənədlərini hazırla, Azərbaycan dili ixtisası üzrə aspiranturaya 2 yer ayırmışıq, bizə elə fərqlənmə ilə qurtaran məzunlar lazımdır. Beləliklə, həmin il mən aspiranturaya daxil oldum və elmi rəhbərim də AFAD QURBANOV oldu.


Bununla yanaşı, 1984-cü ilin sentyabrında rektor Afad Qurbanovun qayğısı sayəsində institutun pedaqoji və istehsalat təcrübə rəhbəri vəzifəsinə təyin olundum. Onun rəhbərliyi ilə 1986-cı ildə «Azərbaycan dilində hidronimlər» mövzusunda müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi aldım. Həmin dövrdə filologiya sahəsində ixtisaslaşdırılmış müdafiə şurasının sədri də Afad müəllim idi.


25 sentyabr 2009-cu il saat 10-da kafedradan zəng etdilər ki, magistr mövzuları ilə bağlı Afad müəllim məni çağırır. Tələsik 4 mövzu fikirləşib yazdım və universitetə yollandım. Kafedraya daxil olanda laborant qeyd etdi ki, Afad müəllim təkdir, keçə bilərsən. Kabinetə daxil oldum və görüşdük. Seçdiyim mövzuları diqqətlə oxuduqdan sonra bir neçə düzəliş etdi və özündə saxladı. Sonra 1 saata yaxın mənimlə söhbət etdi. Həmin gün AMEA-nın  Dilçilik İnstitutunun nəzdində filologiya elmləri namizədi və filologiya elmləri doktoru alimlik dərəcələrini almaq üçün təqdim edilmiş dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının iclası olacaqdı. Afad müəllim həmin şuranın üzvü olduğuna görə orada iştirak edəcəkdi. 2 nəfər müdafiə edirdi. Onlardan birinin rəsmi opponenti Afad müəllim, digərininki mən idim. Onunla həmin Müdafiə Şurasının iclasında saat 18-ə kimi bir yerdə olduq. Demək istəyirəm ki, həmin gün heç bir kafedra əməkdaşı mənim qədər Afad müəllimlə bir yerdə olmadı.


26 sentyabr 2009-cu ildə saat yenə 10 olardı. Universitetdən zəng etdilər ki, bəs Afad müəllimlə bağlı bir xəbər eşitməmisən? Dedim ki, dünən saat 18-ə qədər bir yerdə olmuşuq. Dedilər yox, bu səhər saat 7-8 radələrində Afad müəllim qəflətən vəfat edib. Bu böyük insanın fiziki yoxluğuna hələ də inana bilmirəm.