Professor Əzizxan Tanrıverdi

Əzizxan TANRIVERDİ,

ADPU-nun Azərbaycan dilçiliyi kafedrası,

filologiya elmləri doktoru, professor

 


ƏBƏDİYYƏTƏ QOVUŞAN GÖRKƏMLİ TÜRKOLOQ

 

2009-cu ilin 26 sentyabrında filologiya elmləri doktoru, professor, AMEA-nın üzvü Afad Qurbanov dünyasını dəyişərək haqqın dərgahına qovuşdu.


«…Min il əvvəl olanlar tək doğuldum, yaşadım, öldüm…» deyən Mətləb Nağının misralarının semantikasına söykənərək deyirəm: Afad Qurbanov doğuldu, yaşadı, amma ölmədi, çap olunmuş əsərləri ona ölməzlik qazandırdı. Mahmud Kaşğarilər, Mirzə Kazımbəylər, Bəkir Çobanzadələr, Əbdüləzəl Dəmirçizadələr… sərgəsinə Afad Qurbanovun adı hələ sağlığında daxil olmuşdu. Onilliklər əvəzlənəcək, əsrlər dəyişəcək, amma Afad Qurbanovun ən azı əsərləri yaşayacaq, ən mötəbər istinad mənbəyi kimi qalacaqdır.


Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadənin, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfonologiya F.Cəlilovun, ümumi dilçilik və onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır.


Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi «Müasir Azərbaycan ədəbi dili» kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.Kononovun fikri maraqlıdır: «A.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır». Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.


A.Qurbanov ümumi dilçilik problemlərinə xüsusi diqqət yetirən alimlərdəndir. Onun əsərlərində dünya dillərin-dəki universallıq, ümumbəşəri dil və vahid yazı sisteminin inkişaf etdirilməsi, terminologiyanın zənginləşdirilməsi kimi problemlər barədə maraqlı təhlillər verilmişdir. S.Vurğunun dram əsərlərinin dil baxımından təhlili, türkologiyada dilçiliyin yeri və funksiyası, müasir türk dillərinin qruplaşdırılması və onun Altay dilləri sistemində yeri, onomalogiyaya dair terminlər lüğətinin hazırlanması, apelyativlərlə onomastik vahidlərin sərhədinin müəyyənləşdirilməsi, onomastik vahidlərin komponentlərinə görə qruplaşdırılması, onlarca onomastik vahidin etimologiyasının dəqiqləşdirilməsi kimi problemlər ilk dəfə A.Qurbanovun yaradıcılığında elmi həllini tapmışdır.


Türkologiyada türk dillərinin sayı ilə bağlı fərqli fikirlər vardır. XVIII-XX əsrlərdə türk dillərinin sayı 50-60, XX əsrin sonlarındakı araşdırmalarda isə 20, bəzən də 24 göstərilmişdir. A.Qurbanov Altay dilləri ailəsi sistemində türk dillərinin sayının 23 olduğunu dəqiqləşdirməklə bərabər, tarixi inkişaf və linqvistik əlamətlər əsasında onların 5 əsas yarımqrupunu da (oğuz, qıpçaq, bulqar, qarlıq, tukyuy) müəyyənləşdirib.


Çoxmillətli, çoxirqli və çoxdinli Qafqaz regionunun irqi tərkibi, etnik tərkibi, makro və mikro toponimikası kompleks və sistemli şəkildə tədqiqata cəlb edilməyib. Bu mənada A.Qurbanov bir qafqazşünas kimi Qafqazın irqi (avropoid irqin tərkibinə daxil olan Qafqaz irqi tipi və monqoloid irqi) və dini (islam, xristian, yəhudi) tərkibindən, xüsusilə Qafqazdakı dillərin dörd dil ailəsinə (hind-Avropa dilləri ailəsi, Altay dilləri ailəsi, sami-hami dilləri ailəsi, Qafqaz dilləri ailəsi) mənsub olmasından geniş şəkildə bəhs etmişdir.


Afad Qurbanovun elmi və pedaqoji yaradıcılığı ilə bağlı magistrlik və doktorluq dissertasiyaları yazılmalı, əsərləri cildlər şəklində yenidən nəşr olunmalıdır. Ruhun şad olsun, Ustad!