Professor Şükür Əlizadə

Şükür ƏLİZADƏ,

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

pedaqoji elmlər doktoru, professor



DÜZLÜK VƏ PAKLIQ MÜCƏSSƏMƏSİ


Ulu Zərdüşt deyirdi: «İnsanın ucalığı üç şeylə ölçülür: xeyirxah söz, xeyirxah iş və xeyirxah əməl. Onun sözü, gördüyü iş və əməli arasında uyarlıq olmalıdır. Əgər belə olarsa, həmin insanın ruhu, qəlbi azad olar. O, düzlük carçısı, paklıq mücəssəməsi olar». Məhəmməd Peyğəmbər də demişdir ki, hər bir insanın qiyməti onun biliyi qədərdir.


Bax, əziz Afad müəllimdə bütün bunlar bir uyarlıq təşkil etdiyinə görə o, düzlük və paklıq mücəssəməsi idi. Güclü analitik təfəkkürlü, böyük istedad sahibi olan Afad müəllim həm də geniş yaradıcılıq və böyük təşkilatçılıq qabiliyyətinə, zəngin erudisiyaya, dərin biliyə, fitri yaddaşa malik alim, xalqına və onun mədəniyyətinə düzgün məhəbbət bəsləyən fədakar ictimai xadim, xeyirxah söz, xeyirxah iş və xeyirxah əməl sahibi olan təvazökar, sadə bir insan idi.


Yüksək ünsiyyət saxlamaq qabiliyyəti onu hamının sevimlisi etmişdi. Afad müəllim idarəçilikdə təvazökar idi. Vəzifəsi ilə lovğalanmır və ondan sui-istifadə etmirdi. Əvvəlkindən daha mehriban, qayğıkeş və səmimi idi. Hər hansı sənədi hazırlayarkən şöbə müdirləri ilə məsləhətləşir, hətta lazım gələndə institutun sanballı professorlarına müraciət edir və onların fikirlərini dinləyirdi.


O, idarəçilikdə həm diqqətli, həm də prinsipial idi. Həm istənilən qədər hörmət etməyi, həm də istənilən qədər tələb etməyi birləşdirməyi bacaran şəxsiyyət idi. Həm də sözünün sahibi idi.


Elmi şurada qəbul olunmuş qərarların düzgünlüyünü təmin edir və onların yerinə yetirilməsini izləyirdi. Bunun üçün hər iki şuradan bir verilmiş qərarların icrası üzrə Nəzarət komissiyasının hesabatını dinləyirdi. Onun prinsipiallığı və problemin həllində ardıcıllığı kollektivdə gələcəkdə müxtəlif sahələrdə rəhbər ola biləcək şəxslər formalaşdırdı.


Beləliklə, ləyaqət və şərəf sahibi olan Afad müəllimdə rəhbər işçiyə xas çox gözəl mühüm xüsusiyyətlər formalaşmışdı: müsahibini axıradək, diqqətlə dinləmək; məsələni ehtiyac olanın xeyrinə həll etmək; işləyəni düzgün qiymətləndirmək; tabeliyində olanların maddi təminatının qayğısına qalmaq; onları haqsız təqiblərdən qorumaq; kiminsə haqqında sərt qərar verməmək; tələbkarlığı ilə qəlbinə dəydiyi şəxslərin könlünü ustalıqla almaq, ayrı-seçkiliyə yol verməmək; kollektivin monolitliyini təmin etmək və özünü müraciət edənin yerinə qoymaq və s. Həyatı boyu nəcib əməlləri ilə seçilən, daima axtarışda olan, yeniliklər sorağına çıxan, xalqına ləyaqətlə xidmət etmək uğrunda yanıb alovlanan, ətrafdakıların yollarını işıqlandıran, qəlblərə hərarət və inam bəxş edən elm fədaisi, habelə ictimai xadim, filologiya elmləri doktoru, AMEA-nın üzvü, professor, akademik Afad Qurbanov idi.


Sevdiyim, şəxsiyyətinə, mənliyinə böyük hörmət və ehtiram bəslədiyim, fəaliyyətini özüm üçün örnək saydığım bir insanın ömür yolu barədə düşünmək nə qədər asandırsa, düşündüklərimi hissə qapılmadan, doğru-düzgün qələmə almaq bir o qədər çətindir, mürəkkəbdir… İnsan var ki, onu qohum-əqrəbasından savayı heç kəs tanımır. İnsan var ki, az iş görüb, çox tanınmağa çalışır. İnsan da var ki, daim qəlbini fəzilətlərlə doldurur, özünü təkmilləşdirir, əxlaqını saflaşdırır. Ömrünü çıraq edib milyonların yolunu işıqlandırır, qəlbinə, idrakına nur saçır. Yorulmaz fəaliyyətindən, iz salan əməllərindən başqalarına da pay düşür. Müasirlərini, gələcək nəsilləri doğru yola istiqamətləndirir. Özü şam kimi əriyir. Vicdanının səsinə qulaq asa-asa başqalarını da haqqa, ədalətə səsləyir. Xoşbəxtlik, səadət təlqin edən düşüncələri ilə hamının hörmət və ehtiramını qazanır. Mən tam qətiyyətlə deyərdim ki, Afad müəllim sonunculardandır. Qəti sözü, aydın fikri, orijinal yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı, düz ilqarı olan bu şəxsiyyət haqqında düşüncələrimi ağ kağıza köçürmək istərkən xəyalım məni çəkib təqribən 1962-ci ilə apardı. O zaman mən institutda həm tələbə, həm də institut komsomol komitəsinin katib müavini idim. Afad müəllim isə dilçilik kafedrasının aspirantı idi. Mən institutda mədəni-kütləvi tədbirlər keçirilməsi ilə əlaqədar dəvətnamələr hazırlamaq məqsədilə tez-tez mətbəəyə gedirdim. Həmişə gedəndə Afad müəllimin hansısa kitabı redaktə etdiyini görürdüm. Üstündən 20 il keçəndən sonra Afad müəllim APİ-nin rektoru təyin edildi. Bir ay keçməmiş məni yanına çağırtdırdı, institutda TEC-in vəziyyətinin çox ağır olduğunu bildirdi və mənə bu sahə ilə məşğul olmağı tapşırdı.


Həmin gündən işə başladım. TEC Şurasının əsasnaməsi hazırlandı. İnstitutun bütün fakültə, kafedra və şöbələrinə yayıldı. Arada məni çağırıb vəziyyətlə maraqlanırdı. İnstitutda TEC-ə, demək olar ki, münasibət dəyişdi. Üstündən bir il keçəndən sonra Təhsil Nazirliyinin kollegiyasında respublikada TEC-in vəziyyəti müzakirə olunurdu. İclası təhsil naziri Qurban Əliyev aparırdı. Nazir iclası açaraq dedi: «Əvvəlcə hamınız üçün çox maraqlı bir xəbərim var. Alınmış medal və diplomların sayına görə APİ rekord nəticə göstərib». Sonra cədvəllə tanış etdi: APİ – 114, ADU – 25, Politexnik İnstitut – 17, AZİ – 15… və s. APİ-də TEC xətti ilə keçirilmiş konfransda 820 nəfər tələbə iştirak etmişdir». Sonra üzünü Afad müəllimə tutub dedi: «Hörmətli rektor, əldə etdiyiniz nailiyyətə görə sizi təbrik edirəm!» Sonra əlavə etdi: «SSRİ Ali Təhsil Nazirliyindən aldığımız məktuba görə, respublikamız üçün «Ümumittifaq tələbə tədqiqat işlərinin təşkilinə görə» bir medal ayrılmışdır. Həmin medala görə təqdimatı sizin üçün yazmalı olacağıq».


Sonra rektorlar bir-bir çıxış etməyə başladılar.


Afad Qurbanov: «İnstitutumuzda TEC üzrə canlanmanı mən yaratmamışam. Mənim rolum rektor kimi bu işə rəhbərlik edə biləcək adamı düzgün seçmək olmuşdur. Bu qədər işi görən bu qəşəng oğlan olmuşdur (məni göstərdi). O təklif etdiyiniz medal üçün təqdimatı da Şükür üçün yazsanız, daha yaxşı olar. İşimizi qiymətləndirdiyiniz üçün çox sağ olun».


Beləliklə, 1982-ci ildə respublikada «Ümumittifaq tələbə tədqiqatlarının təşkilinə görə» medalını mən alası oldum.


Bununla Afad müəllim necə obyektiv və mənən zəngin bir şəxsiyyət olduğunu nümayiş etdirdi.


Afad müəllim böyük hərflərlə yazılmağa layiq olan Vətəndaş, Alim kimi özünün tükənməz iradəsi, hüdudsuz zəkası, qibtə ediləsi hafizəsi, mənəvi paklığı, yüksək təmkini, sözü, əməli və işi uyarlıq təşkil edən səmimi, uca bir şəxsiyyət idi.


Filosoflardan biri deyib: «Ulu o adamdır ki, torpağın üzərində bulud kölgəsi kimi elə getsin ki, qarışqanı da incitməsin». Afad müəllim məhz belə şəxsiyyətlərdən idi. Biz əminik ki, akademik Afad Qurbanovun əziz xatirəsi onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır!