Professor Adil Bağırov

Adil BAĞIROV,

Naxçıvan Müəllimlər İnstitutu,

filologiya elmləri doktoru, professor

 


AFAD MÜƏLLİM YORULMAZ ELM FƏDAİSİ İDİ

 

AMEA-nın üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, dünya şöhrətli alim, ictimai xadim, filologiya elmləri doktoru, professor Afad Qurbanov barədə xatirə yazmağı, onun haqqında keçmiş zamanda danışmağı heç təsəvvürümə gətirmir, inana bilmirəm ki, belə gözəl, sadə, təvazökar insan, nadir ziyalı Afad müəllim həyatda yoxdur. Mənim dünyamda Afad müəllim dünyasını dəyişməyib, o bizim aramızdadır, o, mənən yaşayır. Fundamental elmi əsərləri, saysız-hesabsız xeyirxah işləri onu sevənlərin qəlbindən heç zaman silinməyəcəkdir.


Afad Qurbanovun adını hələ tələbəlik illərindən eşitmiş, onun dərsliklərini dönə-dönə oxumuş, Azərbaycan Dövlət Universitetində (indiki BDU) oxuduğum zaman müəllifin «Müasir Azərbaycan ədəbi dili» kitabını çox çətinliklə əldə etmiş, bu fənn üzrə imtahan vermiş, illər uzunu Afad müəllimin əsərlərindən öyrənmiş və tələbələrimizi öyrətmişik.


Yaxşı yadımdadır, Afad müəllimlə ilk görüşüm 1981-ci ilin iyun ayında olmuşdu. Həmin il namizədlik dissertasiyamı əlavə rəy verilməsi üçün Afad müəllimin rektoru olduğu Azərbaycan Pedaqoji İnstitutuna göndərmişdilər. Böyük həyəcan, qorxu, həm də sevinc və iftixar hissi ilə Afad müəllimin otağına daxil oldum. Gözlərimin qarşısında yaraşıqlı, cavan, ömrünü elmə həsr edən dünya şöhrətli bir alim, böyük bir kollektivə rəhbərlik edən, yol göstərən alicənab bir rektor gördüm. Söhbət zamanı Afad müəllimin şəxsiyyəti, yüksək ziyalılığı, xeyirxahlığı, səmimiyyəti diqqətimi cəlb etdi, onda bir nur, bir işıq, yüksək həyat enerjisi gördüm. Belə bir insanla ünsiyyət yaratdığıma görə özümdə qürur hissi duydum. Afad müəllim mövzu ilə bağlı məni sorğu-suala tutdu, çox gərəkli məsləhətlər verdi, mənə uğurlar arzuladı.


Bu görüşdən illər keçdi. 1990-cı ildə AMEA-nın üzvü Afad Qurbanovun yazacağım doktorluq dissertasiyasına elmi məsləhətçi təyin edilməsi sevinc və qürurumu bir daha artırdı. Ancaq o dövrdə ölkədə baş verən ictimai-siyasi hadisələr elmi axtarışları bir qədər geri saldı. 1990-cı illərin axırlarından başlayaraq Afad Qurbanovla müntəzəm görüşür, ondan elmi məsləhətlər alır, Azərbaycan, eləcə də Naxçıvan MR onomastik vahidlər sistemi ilə bağlı fikir və mülahizələrimizi bölüşürdük. Afad müəllimi düşündürən suallar çox idi. O həmişə deyirdi ki, Naxçıvanı heç zaman unutmaq olmaz, Naxçıvan Azərbaycanın istimai-siyasi həyatında mühüm yer tutur. Qədim mədəniyyət mərkəzi olan bu ərazidə xalqımızın təşəkkül tarixi, milli yaddaşı, etnik tərkibi ilə bağlı çox zəngin və qiymətli materiallar vardır. İndiki ictimai-siyasi hadisələrlə bağlı Naxçıvanın toponimlərini öyrənmək tariximiz, dilimiz, mənəvi mədəniyyətimiz üçün çox əhəmiyyətlidir. Toponimlər ermənilərin Naxçıvana qarşı əsassız iddialarına cavab vermək üçün tarixin şahidləri, milli varlığımızı təsdiqləyən söz abidələridir. Bu abidələri qorumaq, yaşatmaq lazımdır.


Bu görüşlər zamanı Afad müəllimin məsləhətləri, orijinal fikir və düşüncələri mənə düzgün elmi istiqamət verdi. Yazdığım məqalə və monoqrafiyaları Afad müəllim yüksək qiymətləndirdi. Naxçıvanın toponim və hidronimləri ilə bağlı yazdığım dörd monoqrfiya Afad müəllimin elmi redaktorluğu ilə çapdan çıxdı.


Zaman keçdikcə Afad müəllimlə daha yaxından tanış oldum, onun mənəvi dünyasını, böyüklüyünü, çox akademikdə, ziyalıda olmayan müsbət mənəvi keyfiyyətlərini kəşf etdim, onu alim adını həmişə uca tutan, şəxsiyyətini, şərəf və ləyaqətini qoruyan bir insan kimi tanıdım. Tanıdım ki, bütün şüurlu həyatını, elmi istedad və bacarığını türkoloji dilçiliyin inkişafı və zənginləşməsinə həsr edən Afad Qurbanov Azərbaycan dilçiliyi tarixində xüsusi çəkisi, sanbalı, fədakar əməyi olan işıqlı zəka sahibi, dilimizin saflığı, qorunması, dilçiliyimizin inkişafı və zənginləşməsində müstəsna rolu olan yorulmaz elm fədaisidir. Mənalı həyat, dəyərli ömür yaşayan Afad müəllim öz həyatını elm yolunda şam kimi əritmiş, vətəni, xalqı üçün əvəzsiz işlər görmüşdür. O, dilçilik elmində yarım əsrdən çox öz sözünü demiş, elmdə öz möhürünü vurmuş, dilçiliyimizin aparıcı, yaradıcı simalarından biri olmuşdur. Onun çoxşaxəli elmi yaradıcılığında ümumu dilçilik, türkoloji dilçilik və Azərbaycan dilçiliyinin aktual problemləri, o cümlədən Azərbaycan ədəbi dilinin tədqiqi məsələləri mühüm yer tutmuşdur.


Azərbaycan dilçiliyində onomalogiya elminin sistemli şəkildə tədqiqi, elmi-nəzəri cəhətdən formalaşdırılması və zənginləşdirilməsi, onomastik tədqiqatların sahə və arealının genişləndirilməsi, bir fənn kimi ali məktəbdə tədrisi, tədris proqramlarının hazırlanması Afad müəllimin elmi yaradıcılığının ana xəttini təşkil edirdi. Afad müəllim Azərbaycanda onomastika məktəbinin, «Onomastika» elmi jurnalının yaradıcısı idi. Elmdə məktəb yaratmaq hər alimin işi deyil. Belə iş yalnız Afad müəllim kimi korifey və tükənməz elm sahiblərinə nəsib olur. Onun rəhbərliyi ilə respublikamızda yüksək səviyyəli elmi araşdırmalar aparılmış, dilimizin onomastik vahidlər sistemi tarixi-linq-vistik planda təhlil olunmuş, «Azərbaycan dilinin onomalogiyası» adlı əsəri Dövlət mükafatına layiq görülmüş, ikicildlik «Azərbaycan onomalogiyasının əsasları» adlı fundamental monoqrafiyası ümumtürk dünyasında hadisə kimi qarşılanmışdır. Afad müəllimin elmi fəaliyyətində Azərbaycan onomastikası problemlərinə həsr olunmuş elmi konfransların təşkili və keçirilməsi də mühüm yer tutur.


Afad Qurbanov respublikamızda dilçi kadrların yetişdirilməsi, ali və orta məktəblərimiz üçün müəllimlər hazırlanması işində böyük xidmətlər göstərmiş, onun rəhbərliyi ilə xeyli miqdarda namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuş, dilçiliyimizin böyük bir nəsli Afad müəllimin məktəbində yetişmişdir. Mən də bu məktəbin yetirməsi olduğum üçün fəxr edir, bundan qürur duyuram.


Azərbaycan dilçiliyinin fəxri, görkəmli türkoloq-alim və pedaqoq Afad müəllimin əziz xatirəsinə ünvanlanmış bu kiçik yazı ilə onu bir daha xatırlayır, Allahdan ona rəhmət diləyirəm! Ruhun şad olsun, Müəllim!