Professor İsmayıl Məmmədov (AМЕА)

İsmayıl MƏMMƏDOV,

AMEA-nın Dilçilik İnstitutu Müdafiə Şurasının üzvü, Lüğət şöbəsinin müdiri,

filologiya elmləri doktoru, professor

 


DÜNYADAN NƏ GÖZƏL BİR İNSAN GETDİ

 

Türkologiya elminə, Azərbaycan filologiyasına ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Məhəmməd oğlu Qurbanov 26 sentyabr 2009-cu ildə, ömrünün 81-ci baharında qəflətən dünyasını dəyişdi, əbədiyyətə qovuşdu.


Qüdrətli elm adamı Afad Qurbanov hansı vəzifəni tutmasından asılı olmayaraq, elmi yaradıcılığa, tədqiqinə zəruri ehtiyac duyulan problemlərə həmişə önəm verirdi və yorulmadan bu istiqamətlərə düzən göstərirdi. Görkəmli alimin ətrafında yaradıcı elmi mühit yaratmaqda da xüsusi səriştəsi vardı. Bu isə onun fitri istedadından, təşkilatçılıq bacarığından, işgüzarlıq və zəhmətsevərliyindən irəli gəlirdi.


Afad müəllimin elmi yaradıcılığından onomalogiya məsələləri xüsusi bir xətlə keçir. Təsadüfi deyil ki, onun Azərbaycan onomastika elmi məktəbi həm özünü, həm də ölkəmizi dünya dilçiliyi miqyasında tanıtmışdır. Min təəssüflər olsun ki, 2009-cu il noyabrın 2-də, növbəti 17-ci onomastika konfransı onun – təşkilatçısının vəfatından 38 gün sonra keçirildi ki, bunu da ürək ağrısı ilə söyləməyə bilmərik.


Professor A.Qurbanovun elmi yaradıcılığı zəngin, çoxşaxəli, müxtəlif istiqamətli, mövzu dairəsi etibarı ilə ol-duqca geniş və əhatəlidir. Onun tədqiqat və maraq dairəsinə mövzu və istiqamətinə görə müasir Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universaliyaları, ümumi dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələr daxildir.


Bəllidir ki, professor A.Qurbanov elmi-tədqiqat aparmağa başlayarkən öncə onun diqqətini ədəbi dil problemi cəlb etmişdi. Bu, heç də təsadüfi mahiyyət daşımır, çünki 60-cı illərdə müasir Azərbaycan ədəbi dili məsələlərinə aid ali məktəblərin filologiya fakültələrində orijinal, mükəmməl və sanballı bir dərslik, monoqrafiya yox idi. Ədəbi dil məsələləri mövcud dərslik və vəsaitlərdə bütünlüklə və hərtərəfli, geniş şəkildə əhatə olunmurdu. Məhz bu kəsiri aradan qaldırmaq zərurətini dərindən dərk edən A.Qurbanov 1968-ci ildə «Müasir Azərbaycan ədəbi dili» mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri doktoru alimlik dərəcəsi aldı. Hələ bu müdafiəyə qədər, 1967-ci ildə alim «Müasir Azərbaycan ədəbi dili» adlı irihəcmli monoqrafiya çap etdirmişdi. A.Qurbanov bu sanballı, bitkin əsərinin çapına qədər bu mövzuya aid xeyli monoqrafiya, dərslik və dərs vəsaiti yazıb çap etdirmişdir.


A.Qurbanovun bir alim, pedaqoq kimi ən səciyyəvi keyfiyyətlərindən biri ilk növbədə özünə, aspirant və həmkarlarının əsərlərinə diqqət və tələbkarlığı, elmi obyektivliyi, məsuliyyətliyi idi. O, hər zaman hər bir elmi məclisdə elmin, müəllimliyin şərəfini, yüksək adını və ləyaqətini, hörmət və izzətini gözləyən şəxsiyyətlərdən idi. A.Qurbanovun iştirak etdiyi elə bir elmi məclis, dissertasiya müdafiəsi olmazdı ki, o, burada ağsaqqal sözünü, öyüdünü, düzgün, obyektiv istiqaməti ilə fərqlənən mövqe və tövsiyələrini bildirməmiş olsun.


Dilçilik elmimizə öz dəyərli töhfələrini vermiş, onu bütün mənalı ömrü boyu zənginləşdirib inkişaf etdirmiş alim, istedadlı, zəhmətkeş, mahir və professional müəllim Afad Qurbanovun əziz xatirəsi elmi ictimaiyyətin, onun həmkarları, dostları, tələbələri və bütövlükdə qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.


Bu nadir şəxsiyyətin, görkəmli elm adamının, sözün əsl mənasında elin ləyaqətli, qədirbilən alim oğlunun ömür yolunu vərəqlərkən bu sözlər qəlbimdən keçdi: dünyadan nə gözəl bir insan və görkəmli alim getdi.