Professor Roza EYVAZOVA (АМЕА)

Roza EYVAZOVA,

AMEA-nın Dilçilik İnstitutu Müdafiə Şurasının üzvü,

Dil əlaqələri şöbəsinin müdiri,

filologiya elmləri doktoru, professor

 


UNUDULMAZ DİLÇİ ALİM

 

Kitablarında epiqraf kimi təqdim etdiyi «Ömrünü elmə sərf edən insan heç vaxt ölmür» Məhəmməd Peyğəmbərin kəlamı ilə milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun şərəfli üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və elmi təşkilatların həqiqi və fəxri üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Qurbanov Afad Məhəmməd oğlu, sanki, özü üçün bir nekroloq epiqrafının təməlini qoymuşdu.


Dünyada tanınmış «Azərbaycan dilinin onomalogiyası» elmi məktəbini yaratmış, «Ümumi dilçilik» (2 cildlik), «Türkoloji dilçilik» (5 cildlik), «Azərbaycan dilçiliyi problemləri» (13 cildlik), «Müasir Azərbaycan ədəbi dilinin onomalogiyası» (2 cildlik), «Dünyanın dil ailələri» və s. əsərlərin müəllifi, altayşünas, türkoloq-dilçi Qurbanov Afad Məhəmməd oğlu bitib-tükənməyən, coşub-daşan elmi fəaliyyəti, nailiyyətləri ilə dilçilik elminin görkəmli alimlərindən olmuşdur.


Dilçiliyin müxtəlif problemləri ilə məşğul olan alim onun inkişaf tarixinin öyrənilməsinin əhəmiyyəti, dilçilik tarixinin dövrləşdirilməsinin bəzi tələbləri, Azərbaycan dilçiliyinin yaranması və onun tarixinin öyrənilməsi, Azərbaycan dilçiliyinin XXI əsr problemləri, Azərbaycan dili və Altay dilləri ailəsi, Azərbaycan dilinin inkişaf və təşəkkül tarixi, onun müasir türk dilləri sırasında yeri, dilçilik əlaqələri, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik quruluşunun öyrənilməsi, müasir Azərbaycan dilinin funksional üslubları, əlifba, qrafika-yazı, orfoqrafiya, orfoepiya, fonetika, leksikoqrafiya, leksikologiya, semasiologiya, onomalogiya, frazeologiya, derivatologiya, linqvotərcüməşünaslıq, insan və nitq, bədii mətnin dil problemləri ilə yanaşı Qafqaz, Altay, Hind-Avropa, sami-hami dillər ailəsi məsələləri ilə də məşğul olmuşdur.


Azərbaycanda dilçi kadrların hazırlanması ilə məşğul olan A.Qurbanov onların inkişaf dinamikası və hazırlanmasına dair bir sıra vəzifələr irəli sürmüş və göstərmişdir ki, istedadlı gənclərin seçilməsi, onların elmi tədqiqata alışdırılması, dövrə müvafiq tərbiyə olunması mütləq məsələlərdəndir. Belə ki, hər bir elm sahəsində yetişdirilən gənc kadrların müəyyən məsələlər üzrə fəlsəfi, pedaqoji, psixoloji və digər mövqedən məlumatlandırılmasına xüsusi ehtiyacı olur. Bunların sırasında məşğuliyyət, tələbkarlıq, dözümlülük anlayışları ilə bağlı məsələlərə dilçilikdə də üstünlük verilir.


Dilçi kadrlara qayğı məsələsində A.Qurbanovun öz sözlərini xatırlatmaq yerinə düşür: «Elm sahəsində yüksək ixtisaslı kadr yetişdirilməsi ilə yanaşı, onlara hərtərəfli köməklik göstərilməsi, nüfuzunun qorunması da müasir dilçiliyin əsas vəzifələrindəndir. Dilçi nüfuzunun qaldırılması, əməyinin qiymətləndirilməsi, şöhrətinin qorunması diqqətdən kənarda qalmamalıdır. Obyektiv qiymətə, səmimi qayğıya dilçilərin də böyük ehtiyacı var».


Vaxtı ilə yazdığı bu sözləri A.Qurbanov yaradıcılığının epiloqu kimi 25 sentyabr 2009-cu ildə üzvü olduğu AMEA Dilçilik İnstitutunun Müdafiə Şurasında rəsmi opponent kimi çıxış etdiyi məruzəsi ilə bir daha son dəfə təsdiq etdi.


1996-cı il fevralın 7-də «Əfqanıstanda türk mənşəli toponimlər» mövzusunda doktorluq dissertasiyamın rəsmi opponenti olmuş Qurbanov Afad Məhəmməd oğlunun xatirəsini həmişə əziz tutan...