Professor Sayalı SADIQOVA (АМЕА)

Sayalı SADIQOVA,

AMEA-nın Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri,

filologiya elmləri doktoru, professor

 


TARİXLƏŞƏN ÖMÜR

 

Afad Qurbanovun tələbələrindən biri kimi müəllimimə mənəvi borcumu qaytarmaq fürsətinə həmişə sevinərdim. Azərbaycan dilçiliyinin aktual problemləri ilə bağlı monoqrafiyalarına ön sözü, rəylər yazardım. Ürək sözlərimi yazanda qürur hissi, müəllim sevincini görürdüm… Sentyabrın 25-də müdafiədə «Sizləri görməyə çox şadam, yaman darıxmışdım. Nə yaxşı görüşdük» deyə-deyə hamıya əl verdi. Həmin gün opponent idi. Hər iki müdafiədə dilçiliyimizin problemlərindən danışdı. Müdafiədən çıxanda şuranın üzvləri ilə görüşüb ayrıldı. Səhərisi gün elmi ictimaiyyətimizə ağır bir xəbər yayıldı: Afad Qurbanov vəfat edib. Bu xəbər hamımızı sarsıtdı. Afad müəllimi ən əvvəl məqalələrindən, dərsliklərindən tanıyırdım. Tale elə gətirdi ki, 1978-ci ildə imtahan prosesində onun çöhrəsinin nuru, həlimliyi, qayğıkeşliyi, gözlərindəki istedada qayğı məni xof burulğanından çıxartdı və onun sevimli tələbəsinə çevirdi. Afad Qurbanov onda APİ-nin filologiya fakültəsinin dekanı idi. İlk baxışda dərin gölləri xatırladan dumduru, iri, qara gözləri ilə tələbələrə baxanda onun çöhrəsinə ilıq, həlim, isti bir təbəssüm qonanda duyurdun ki, qarşında bütün varlığı ilə ziyalı-vətəndaş yanğısı olan, müdrik bir alimlə qarşı-qarşıya durmusan. Professor pak, səmimi bir insan idi. Sonralar APİ-nin rektoru, Milli Məclisin üzvü olanda da dəyişmədi, həm bir insan, həm bir təşkilatçı alim kimi öz sadəliyində, təmkinində qaldı, həm də bu sadəlik və təmkin daha da dərinləşdi, daha da zənginləşdi. Afad Qurbanov əsl istedadın təəssübkeşi və qayğıkeşi idi.


Afad müəllim yazmaq xatirinə deyil, həmişə dilimizin, mədəniyyətimizin doğurduğu ehtiyacdan qələmə sarılaraq elmi-nəzəri fikirlərini özünəməxsus, heç kimə bənzəməyən, orijinal alim mövqeyi ilə ifadə edirdi.


Alimin rəhbərliyi ilə keçirilən çoxsaylı konfransların materialları ardıcıl nəşr edilmiş, elmə marağın artmasına səbəb olmuşdur. Biz Afad Qurbanovun «Müasir Azərbaycan ədəbi dili» kitabının ilk oxucuları idik (ana dilimizlə, ədəbi dilimizlə birinci kursda ilk ciddi görüşümüz idi). Nə qədər ədəbiyyat məsləhət görülsə də, aydınlığına, yığcamlığına, əhatəliyinə görə bu kitaba üstünlük verirdik. İndi də tələbələr belə edir. Onun çoxsaylı və nəzəri problemlərlə zəngin və əhatəli elmi əsərləri canlı mülahizələrin, bütöv alim-müəllim şəxsiyyətinin təzahürüdür. Çoxsaylı elmi əsərləri potensial enerjisini, analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemi son dərəcə sadə şəkildə interpretasiya etmək qabiliyyəti onu türkoloq kimi türk dünyasına tanıtdı.


A.Qurbanov həmkarlarının, tələbələrinin sevimlisidir. Bu zəngin mənəviyyatlı insan sanki insanlara sevgi üçün, xeyirxahlıq üçün doğulmuşdu. Tələbəlik illərimizi xatırladıqca alim-müəllim ömrünün əvəzedilməz bir aləmi, fəlsəfi həyat yolu, düşüncələrinin sehrli möcüzəsi qəlbimizi tərpədən xatirələrlə doldurur. Yaxşı ki, bu günlər müəllim həyatının yanğısı bizi xoş xatirələrlə yaşadır. Onun səsində insan ruhunun şeiriyyəti, müdriklik cazibəsi, üzündə yalnız özünəməxsus təbəssüm, tələbələrə olan doğmalığı bəşəri müəllim kimi yaddaşlara həkk olundu. Alimin ömür mənzərəsini vərəqlədikcə gözlərimiz önündə istedadlı bir linqvist, fədakar müəllim, müdrik bir insan canlanır. Onun həyat yolu adi insan hüdudlarına sığsa da, bu yolda addımlayan alimin öz daxili dünyasından ayrılan çığırların hər biri işıqlı amallara doğru apardı, elmin üfüqlərində birləşərək kamil, müdrik bir müəllim şəxsiyyətinin rəmzinə çevrildi. O, şərəfli bir ömür yaşadı, özündən sonra xatirələrdə yaşayan gözəl insanlıq duyğuları, dəyərli elmi əsərlər qoyub getdi. Təsəllimiz odur ki, Afad müəllim qiymətli elmi əsərləri, öz elmi fikir və ideyaları ilə həmişə bizimlə olacaq, xatirəsi tələbələrinin qəlbində həmişə yaşayacaq.