Professor Zahid Xəlil

Zahid XƏLİL,

ADPU-nun Azərbaycan ədəbiyyatı

və onun tədrisi metodikası kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

 


O, BÖYÜK İNSAN İDİ...

 

Akademik Afad Qurbanovu 1987-ci ildən, yəni Xarici dillər kafedrasına müdir seçilən vaxtdan tanıyıram. Doğrudur, həmin vaxta qədər də Afad müəllimin dilçiliyə dair kitabları ilə tanış idim.


Mən 15 ildən çox idi ki, Azərbaycan Dövlət Dillər İnstitutunda ingilis dili fakültəsinin dekan müavini işləyirdim, xaricdə 4 il işlədikdən sonra institutda təzəcə işə başlamışdım. Bir gün institutun rektoru professor Z.Verdiyeva məni yanına çağırıb dedi: «Balaxan müəllim, mənə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru professor A.Qurbanov zəng etmişdi. O məndən tədris işini yaxşı bilən, kollektivlə yola gedən, ingilis dili ixtisası üzrə bir dosent göndərməyi xahiş etdi. Mən çox götür-qoydan sonra səni seçdim. İstəyirəm ki, Afad müəllimin yanına gedəsən, çünki onun tapşıracağı vəzifəni yalnız sən yerinə yetirə bilərsən».


Pedaqoji İnstitutda heç olmamışdım. Həftənin birinci günü Afad müəllimin qəbuluna gəldim. Qəbul otağında əvvəllər bizim institutda kitabxana müdiri işləmiş Azər müəllimə rast gəldim. Hal-əhval tutduq. O, qəbula nə üçün gəldiyimi soruşdu. Bildirdim ki, burada işləmək istəyirəm, amma Afad müəllimi tanımıram. Elə bu zaman rektorun otağından üç nəfər çıxdı. Azər müəllim məni Afad müəllimlə tanış etdi.


Afad müəllimlə tanışlığım belə oldu. O mənim əmək fəaliyyətimlə tanış olduqdan sonra işləməyimə razılıq verdi. Biz birgə iş müddətində tez-rez görüşərdik. O, kafedranı necə təşkil etməyi, intizama ciddi fikir verməyi məsləhət görürdü. Çünki o zaman kafedrada intizam çox zəif idi, müəllimlərin hazırlıq səviyyəsi də aşağı idi. Xarici dillərin tədrisi keyfiyyətinin yaxşılaşdırılması işində də o mənə şərait yaradırdı.


Afad müəllim yaxşı təsərrüfatçı idi. O, institutu sanki yenidən tikmişdi. İnstitut binasının xarici, həm də daxili görkəminin qayğısına qalırdı, kafedraların kadrla təmin olunmasında kafedra müdirlərinə səlahiyyət verirdi, yaxşı kadrların seçilməsinə köməklik göstərirdi. Bizim kafedrada 12-dən çox laborant vardı. Ən yaxşılarını müəllim keçirtdi, bəzi müəllimlərimizin əmək fəaliyyətini nəzərə alaraq baş müəllim seçilmələrinə şərait yaratdı.


Afad müəllim doktorluq dissertasiyamın opponenti olmuş və öz dəyərli məsləhətlərini vermişdi. O, təkcə respublikamızda deyil, həm də dünya miqyasında ən görkəmli dilçi alim, tanınmış türkoloq, yorulmaz pedaqoq, elm fədaisi idi. Bütün ömrünü elmə, yeniliyə, dilçiliyin yeni-yeni uğurlar qazanmasına həsr etməkdən həzz alırdı.


Professor Afad Qurbanovun kimliyi onun yüksək səviyyəli alimliyi ilə yanaşı, böyük istedada, güclü təşkilatçılıq bacarığına və əzmkarlıq keyfiyyətlərinə görə müəyyənləşir.