Professor Balaxan Hüseynov

Balaxan HÜSEYNOV,

ADPU-nun İngilis dili kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

 


BÜTÖVLÜK

 

Afad Qurbanov bütöv şəxsiyyət idi. Dostluğu da, yoldaşlığı da bütöv idi. Saxtakarlıq ondan çox uzaq idi.


Tale elə gətirmişdi ki, universitetə gəldiyim ilk gündən onunla bir yerdə işləməyə başladım. Afad Qurbanov filologiya fakültəsinin dekanı olanda mən fakültənin partkomu seçildim. Mürsəl Həkimov və Quşqan Bağırov dekan müavinləri idilər.


Vaxtını düzgün bölüşdürdüyü üçün Afad müəllim saysız-hesabsız kitablar yaza bildi. Azərbaycan Elmlər Akademiyasında, respublikadan kənar elmi şuralarda fəal çalışdı, çoxlu sayda elmlər namizədi və doktoru yetişdirdi.


O, həqiqi demokrat idi. Bir məsələni müzakirə edəndə söylənilən fikirlərə diqqətlə qulaq asır, təkliflərin ço-xunu qəbul edirdi. Qəbul etmədiyi təkliflərdən elə ustalıqla imtina edirdi ki, ondan heç kəs incimirdi.


Rektor işlədiyi zaman bir dəfə APİ-nin Bakıxanov küçəsində yerləşən ikinci korpusuna abadlıq işlərinə baş çəkmək üçün gəlmişdi. Hər kəs rektora yarınmaq üçün bir təklif irəli sürür, necə deyərlər, «canıyananlıq» edirdi. Müəllimlərdən biri isə həyətdə bitən və 20-25 metr hündürlüyə qalxan şam ağaclarını kəsmək təklifini verdi: «Kəsilsə, pöhrələyib cavanlaşar».


Bu, ağlasığmaz təklif idi. Hərəsi bir abidə olan bu ağacları kəsməkmi olardı?!


İynəyarpaqlı ağaclar kökündən kəsilsə, pöhrələyə bilməz. Bunu Afad müəllim əla bilirdi. Buna görə də həmin təklifi verən müəllimin üzünə gülümsündü və başqa işlərin ardınca getdi.


Orasını da deyim ki, Afad müəllim təmir-tikinti işlərində, yaşıllaşdırma məsələlərində çox usta idi. Universitetimizin Ü.Hacıbəyov küçəsinə açılan qapısındakı çinar ağaclarını Afad müəllim əkdirmişdi. Səliqə-sahman işini əla bildiyinə görə bəzən öz aramızda deyirdik: «Afad müəllimdən əla Bakı Sovetinin sədri olardı».


Afad müəllim uzun müddət institutun rektoru işlədi. Onun bütün gözəl keyfiyyətləri bu zaman daha çox üzə çıxdı. Qəbul imtahanlarında ədalət hissini itirmədi. Yaxşını pisin ayağına vermədi.


80-ci illərin əvvəllərində institutda Filologiya elmləri üzrə Müdafiə Şurası yarandı. Afad Qurbanov həmin şuranın sədri oldu. Məni də şuraya elmi katib seçdilər. İlk elmi şuraya hazırlaşırdıq. Afad müəllim dissertantların siyahısına baxdı və ilk iclasda müdafiəyə buraxılacaq adamların adını çəkdi. Mən dedim: «Afad müəllim, Ramin Əhmədov hamıdan əvvəl növbə gözləyir. Onu birinci salmışam». Afad müəllim sakitcə dedi: «Necə məsləhətdirsə, elə də et».


İndi bu hadisədən 30 il keçəndən sonra düşünürəm ki, sədrin qabağında katibin təklifi keçdi. Bu, Afad Qurbanovun nə qədər böyük şəxsiyyət olduğunu bir daha təsdiq edir. Afad Qurbanov bu gözəl keyfiyyətlərini ömrünün sonuna qədər qoruyub saxladı.


Bu kiçik qeydləri yazarkən ürəyimin lap dərinliyindən bir söz gəlir: siz öz bütövlüyünüzlə bizə örnək ol-dunuz. Sizinlə işləyən hər kəsin ürəyində bir Afad Qurbanov abidəsi var.