Azərbaycan Dövlət Pedaqoji İnstitutunun yenidən qurulmasında Afad Qurbanovun rolu

Afad Qurbanovun 80 illik ömrünün 60 ili Azərbaycan Pedaqoji İnstitutu (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) ilə bağlı olmuşdur. O, tələbəlikdən rektorluğa qədər böyük və şərəfli yol keçmişdir. Afad Qurbanov Pedaqoji İnstitutda tələbə, aspirant, assistent, müəllim, dosent, professor, dekan müavini, on üç il dekan, otuz il kafedra müdiri, doqquz il rektor, habelə filologiya və pedaqogika elmləri üzrə müdafiə şuralarının sədri vəzifələrində çalışmışdır.


Otuz il Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etdiyi müddətdə Afad Qurbanov zehnini, fikrini ən aktual, gərəkli elmi problemlərin həllinə sərf etmiş, yorulmaq bilmədən öz fərdi, orijinal alimlik keyfiyyətlərini təsdiq etmiş, səriştəli pedaqoq kimi nümunə rolunu oynaya bilmiş və ətrafında müsbət, təsirli rezonans yarada bilmişdir. A.Qurbanov kafedranın elmi potensialını artırmış və elmi-tədqiqat işlərini müasir elmin tələbləri səviyyəsinə qaldırmışdır. 1986-cı ildə kafedra nəzdində respublikanın elmi həyatında ilk dəfə olaraq Onomastik Elmi Mərkəz yaradılmış, sonralar həmin mərkəz elmi-tədqiqat problemləri laboratoriyasına çevrilmişdir. Təqdirəlayiq haldır ki, A.Qurbanovun rəhbərlik etdiyi kafedranın 9 əməkdaşı 10 il ərzində doktorluq dissertasiyaları uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi və professor elmi adına layiq görülmüşdür.


Filologiya fakültəsinin dekanı vəzifəsində çalışdığı dövrdə professor Afad Qurbanov yüksək təşkilatçılıq bacarığını nümayiş etdirərək fakültənin müxtəlif təltiflərə layiq görülməsinə və institutun Keçici Qırmızı Bayrağı dəfələrlə almasına müvəffəq olmuşdur.


Afad Qurbanov Azərbaycan Pedaqoji İnstitutunun rektoru və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü kimi işlədiyi dövrdə ali pedaqoji təhsilin inkişafına daha çox diqqət yetirmiş, bu sahədə xüsusi təşkilatçılıq qabiliyyəti nümayiş etdirməklə yanaşı, Azərbaycanda ali pedaqoji təhsilin bir çox spesifik nəzəri problemlərini şərh etmişdir.


Rəhbərlik etdiyi dövrdə Azərbaycan Pedaqoji İnstitutunu tamamilə yenidən qurulmuş, yeni kafedralar, fakültələr yaradılmış, tədris müasir və yüksək səviyyəyə qaldırılmış, sədri olduğu pedaqogika və filologiya elmləri üzrə ixtisaslaşdırılmış Müdafiə Şuralarının işi keyfiyyətcə yeniləşmiş, habelə çoxmərtəbəli tədris binaları inşa olunmuş, yataqxanalar əsaslı təmir edilmişdir. Həmin dövrdə Azərbaycan Pedaqoji İnstitunu nəinki Azərbaycanda, hətta bütün SSRİ-də qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmişdir.


1982-ci ildə Azərbaycan SSR-i Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan Pedaqoji İnstitutunda olmuş, A.Qurbanovun gördüyü işləri yüksək qiymətləndirərək institutu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif etmiş və institutun Qırmızı Əmək Bayrağına orden sancmışdır.


Ölkədə milli hərbçi kadrların yetişdirilməsi işində Afad Qurbanovun böyük xidmətləri olmuşdur. 80-ci illərdə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Azərbaycan Pedaqoji İnstitutunda Qafqazda birinci, SSRİ-də isə dördüncü hərbi fakültə yaradılmışdır. A.Qurbanovun rektor işlədiyi dövrdə həmin fakültənin fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş, maddi-texniki bazası tam təmin olunmuş və respublika tarixində ilk dəfə olaraq 150 nəfər məzununa hərbi rütbə verilmişdir.


Afad Qurbanov, elə bil, yaxınlaşan təhlükəni hiss edir, xalqımızın təcavüzə hazır olması sahəsində əlindən gələn işləri görməyə can atırdı. Zaman Afad Qurbanovun bu sahədəki xidmətinin miqyasını aşkara çıxartdı... Məhz həmin fakültənin məzunları Qarabağ uğrunda döyüşlərdə fədakarlıqla vuruşmuş, onlardan bəziləri Milli Qəhrəman adına layiq görülmüşlər.


Afad Qurbanovun elmi və pedaqoji fəaliyyətindəki heyrətamiz məhsuldarlığının ictimai və inzibati fəaliyyəti ilə bacarıqla uzlaşdırması fenomenal hadisə idi.