Ümumi dilçilik problemlərinin tədqiqi və təbliğində Afad Qurbanovun fəaliyyəti

Görkəmli alim Afad müəllim vətənimizi və ana dilimizin şöhrətini ucaltdığı kimi, özü da ucalmış, alimliyin kamillik zirvəsini fəth etmişdir. O, elmin çox nadir simalarına müyəssər olan geniş diapazonlu alim olmuşdur. Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin.


Azərbaycan dilçiliyində ümumi dilçiliyə aid müxtəlif tipli əsərlər yazılmasına baxmayaraq, dilçiliyin bu sahəsi konseptual səviyyəyə yüksələ bilməmiş, kitablar qəliz dildə yazılmış və ümumi dilçiliyin bütün sahələrini tam əhatə etməmişdir. Azərbaycan dilçiliyində ümumdilçilik problemləri sahəsindəki ilk sanballı elmi araşdırmalar professor Afad Qurbanovun adı ilə bağlıdır. O, ümumi dilçilik sahəsinə dair davamlı olaraq müxtəlif kitablar, dərsliklər, dərs vəsaitləri yazmışdır («Ümumi dilçilik məsələləri» dərs vəsaiti (1972), «Dilçiliyin sistemi», «Dilçiliyin tarixi» əsərləri (1976), «Ümumi dilçilik» dərsliyi (1977), ikicildlik «Ümumi dilçilik» monoqrafiyası (1989, 1993, 2004, 2010), habelə rus və türk dillərində kitabları «Общее языкознание» və «Genel dil bilimi» və s.).


A.Qurbanovun 1977-ci ildə çap olunmuş «Ümumi dilçilik» adlı dərsliyi Azərbaycanın pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir.


Bu əsər keçmiş SSRİ məkanında müsbət əks-səda doğurmuşdur. Əsər Jdanov adına Leninqrad Dövlət Universitetinin professoru, ümumi dilçilik sahəsində görkəmli mütəxəssis olan professor V.Koduxov tərəfindən yüksək qiymətləndirilərək, orada ümumdilçilik məsələlərinin tam əhatə olunduğu, müəllifin bir çox orijinal fikir və mülahizələr söylədiyi qeyd edilmişdir. Bu, əslində, Afad Qurbanovun ilk kitabdan ümumi dilçilik sahəsində öz dəst-xətti, konsepsiyası olduğunun təsdiqi idi.


Dərslik uzun illərin sınağından uğurla çıxdıqdan sonra müəllif onun üzərində təkmilləşdirmə işi apararaq 1989 və 1993-cü illərdə dünya dilçiliyinin ən aktual problemlərini işıqlandıran 60 çap vərəqi həcmində ikicildlik fundamental «Ümumi dilçilik» dərsliyini nəşr etdirmişdir. Afad Qurbanovun ümumi dilçiliyin bütün sahələrini əks etdirən bu əsəri Azərbaycanın ali təhsil müəssisələrində istifadə olunan yeganə dərslik olaraq qalmaqdadır.


A.Qurbanov həmin dərsliyində dilçilik elminin yaranması və inkişaf tarixindən, nəzəri dilçiliyin əsas şöbə-ləri – fonetika, leksikologiya, frazeologiya, semasiologiya, onomalogiya, etimologiya, sözyaratma, habelə morfologiya və sintaksis haqqında ümumi dilçilik aspektində bəhs etmiş, tətbiqi dilçiliyin əsas şöbələri, qrafika, orfoqrafiya, orfoepiya, leksikoqrafiya, tərcüməşünaslıq haqqında məlumat vermişdir.


İkicildlik «Ümumi dilçilik» əsərində Afad Qurbanov ümumdilçilik problemlərindən olan dünya dillərinin təsnifinə dair yeni bölgü vermişdir. Onun Altay dilləri ailəsi haqqındakı təsnifi bir sıra cəhətlərinə görə dünyada yeni, orijinal bölgü hesab olunur. Müəllifin yaradıcılığında Altay dilləri ailəsində türk dillərinin mövqeyi yeni istiqamətdə aydınlaşdırılır. Ümumiyyətlə, onun bu dil ailəsinin türk dilləri, monqol dilləri, mancur dilləri, tunqus dilləri qruplarından və yapon, koreya dillərindən ibarət olmasını göstərməsi elmi cəhətdən yenilikdir. Bununla yanaşı, türk dilləri qrupunun yarımqruplarının dəqiqləşdirilməsində də müəyyən faydalı mülahizə və konsepsiyalar irəli sürülmüşdür. Müəllif dilçilik elminin yaranması və inkişaf tarixindən yazaraq qədim Hind, Çin, Yunan, Roma dilçiliyi ilə yanaşı, haqlı olaraq, rus müəlliflərinin nüfuz edə bilmədikləri Şərq dilçiliyindən, onun Xəlil ibn Əhməd Əlfərəndi, Sibaveyhi, Əbu Əli ibn Sina kimi nümayəndələrdən bəhs etmişdir.


A.Qurbanovun orta əsr dilçiləri sırasında Mahmud Qaşqarlıya geniş yer verməsi və onu türk dilçisi he-sab etməsi təqdirəlayirdir. Onun orijinal mövqeyi onda özünü göstərir ki, bir sıra alimlər ərəbcə yazdığı üçün M.Qaşqarlını ərəb dilçiliyi nümayəndəsi hesab etdikləri halda, o, Qaşqarlının türk oğlu olub, əsərlərini türk dillərinə həsr etdiyini göstərir.


Müəllifin intibah dövründə dilçiliyin inkişaf istiqamətləri haqqındakı üç bənddən ibarət mülahizəsi bəzi alimlərin fikrini alt-üst etmişdir. Belə ki, B.Qolovin «В Европе средние века не дали ничего нового в лингвистике» deyərək orta əsrlər və renessans dövründə bir neçə lüğətin adını çəkdiyi halda, Afad müəllim o dövrün dilçiliyi haqqında geniş və ətraflı məlumat vermişdir.


Əsərdə qeyd olunmuş «Dil və düşüncə», «Dil və nitq», «Dil və norma», «Dil və üslub», «Dil və mədəniyyət», «Dil və cəmiyyət», «Dil və siyasət», «Dil və kontakt», «Dil və universallıq», «Vahid ümumdünya dili», «Dil tədqiqinin mərhələləri və metodları», «Transkripsiya və transliterasiya problemləri» də yeni baxımdan şərh olunmuşdur.


A.Qurbanov bu əsərində dünya dillərinin geneoloji bölgüsündə özünəməxsus bir mövqe tutmuşdur. Eyni zamanda, dilçilik üçün ən çətin və maraqlı problemlərdən olan dünya dilçiliyinin inkişaf tarixinin dövrləşdiril-məsi yeni aspektdə verilmiş, inandırıcı təsnifat irəli sürülərək dövrləşdirmə düzgün şəkildə əsaslandırılmış və ilk dəfə 20-yə qədər dil ailəsi haqqında sistemli elmi məlumat vermişdir.


Müəllif dilin mənşəyi kimi vacib bir problemi kitabına daxil etmişdir. Hələ XIX əsrdə Paris Beynəlxalq Linqvistlər Cəmiyyəti belə hesab edirdi ki, dilin mənşəyi məsələsi izahedilməzdir, buna görə də ona heç to-xunmaq lazım deyil. Afad Qurbanov əsərində fransız dilçisi Vandriyesin və Amerika dilçisi Eduard Sepirin də dilin mənşəyi barəsindəki fikirlərini göstərərək cəsarətlə onlara qarşı çıxır və deyir: «Dilin mənşəyi məsələsinin dilçilikdən kənar məsələ olduğunu söyləyənlər, şübhəsiz ki, bu problemin son dərəcə çətin və çoxcəhətli olduğuna əsaslanmışlar. Dilin əmələ gəlməsi nə qədər çətin və mürəkkəb olsa da, bunu dilçiliyin problemləri sırasından xaricdə düşünmək olmaz. Çünki dil dilçilik elminin obyektidir. Dilin əmələ gəlməsinin tam həqiqi və elmi şərhi məhz müvafiq elmlərin qarşılıqlı tədqiqatları əsasında mümkün olacaqdır».


Bəhs etdiyimiz «Ümumi dilçilik» elm və təhsil sistemimiz üçün nə qədər əhəmiyyətli olsa da, Afad müəllimi qane etməmişdi. Buna görə də müəllif həmin kitab üzərində yenidən işləyib həcmcə iki dəfə ondan böyük və sanballı bir əsər ortaya qoymuş, 2004 və 2010-cu illərdə latın qrafikası ilə nəşr etdirmişdir. Bu kitabda alimin apardığı bütün ümumdilçilik tədqiqatları öz əksini tapmışdır.


«Ümumi dilçilik» əsərində dünya dilçiliyinə və türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyalar irəli sürüldüyündən bu kitab türk və rus dillərinə tərcümə olunaraq Rusiya və Türkiyədə üç cilddə çap edilmiş və xarici dilçi alimlərin, o cümlədən geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur.


Afad Qurbanov ümumi dilçilik sahəsində apardığı elmi araşdırmaları ilə Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyin inkişafına öz töhfəsini vermişdir.