Afad Qurbanovun elmi-təşkilatçılıq bacarığı

Professor Afad Qurbanovun yaradıcılıq işinin bir istiqamətini də onun elm sahəsindəki təşkilatçılıq fəaliyyəti təşkil etmişdir. Görkəmli alim Afad Qurbanov bu fəaliyyəti ilə də həmişə seçilmiş, respublika ictimaiyyətinin diqqətini cəlb etmişdir. O, daim Azərbaycan elminin inkişafı barədə düşünmüş və bu yolda var qüvvəsini əsirgəməmişdir.


Afad Qurbanov ali məktəbdəki fəaliyyəti dövründə dilçilik fənləri tədrisinin keyfiyyətini yüksəltməklə yanaşı, daim rəhbərlik etdiyi Azərbaycan dilçiliyi kafedrasının elmi potensialının artmasına səy göstərmiş, kafedranın elmi-tədqiqat işlərini müasir elmin tələbləri səviyyəsinə qaldırmağa nail olmuşdur. Onun rəhbərliyi altında kafedrada konkret dilçilik mövzularına həsr olunmuş elmi seminarlar keçirilmiş və bu seminarların materialları onun rəhbərliyi ilə məcmuə şəklində nəşr edilmişdir.


Afad müəllim 1986-cı ildə Azərbaycan dilçiliyi kafedrası nəzdində respublikanın elmi həyatında ilk dəfə olaraq Onomastik elmi mərkəz yaratmış, sonradan həmin mərkəz elmi-tədqiqat problem laboratoriyasına çevrilmiş və burada Azərbaycan onomastikasının müxtəlif problemlərinə dair elmi-tədqiqat işləri aparılmışdır.


Akademik Afad Qurbanovun elmi-təşkilatçılıq qabiliyyəti müdafiə şuralarının sədri vəzifələrində çalışdığı dövrlərdə özünü daha aydın şəkildə göstərmişdir. Ötən əsrin 80-ci illərində Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının onun sədrliyi ilə aparılan iclasları həmişə mütəşəkkil şəkildə keçmiş, şuralara təqdim edilmiş dissertasiyalar müvəffəqiyyətlə müdafiə edilmiş və hamısı Ali Attestasiya Komissiyası(AAK) tərəfindən yekdilliklə təsdiq edilmişdir. Şuraların və onların sədri Afad Qurbanovun ünvanına AAK-dan yaxşı işinə görə həmişə təşəkkür məktubu gəlmiş, xoş sözlər deyilmişdir.


Professor Afad Qurbanov respublika elmi ictimaiyyətində Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə həsr olunmuş elmi konfransların təşkilatçısı kimi tanınmışdır. O, 1986-cı ildən başlayaraq Azərbaycan onomastikası problemlərinə, 1987-ci ildə Azərbaycan nitq mədəniyyəti məsələlərinə, 1988-ci ildə isə Azərbaycan terminologiyası problemlərinə həsr olunmuş respublika miqyaslı elmi konfransların keçirilməsini təşkil etmişdir. Fərəhli haldır ki, keçirilmiş bütün konfransların materialları məcmuə şəklində toplanmış, nəfis kitab şəklində çap edilmişdir.


Görkəmli alim beynəlxalq elmi məclislərdə, konfrans və simpoziumlarda yaxından iştirak etmiş, 1988-ci ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən VI Millətlərarası Türkoloji Konqresdə nümayəndə heyəti tərkibində respublikamızı, elmi ictimaiyyətimizi təmsil etmişdir. Alimin Azərbaycanda toponimik tədqiqatlar haqqında oxuduğu məruzə konfrans iştirakçılarının böyük marağına səbəb olmuş, türk alimlərindən professor Nuri Yuce, professor Tunçer Gülensoy, çinli alim Qulam Qafur öz çıxışlarında Afad Qurbanovun məruzəsinin orijinallığı və yüksək elmi-nəzəri səviyyəsi barədə xüsusi bəhs etmişlər.


Afad Qurbanovun həyatının böyük bir hissəsi, qırx ildən çox Azərbaycan Elmlər Akademiyası ilə bağlı idi. O, Azərbaycan Elmlər Akademiyasının üzvü kimi elmi yaradıcılıq fəaliyyətini Elmlər Akademiyası ilə daim sıx əlaqəli aparmaqla dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməmişdir.


A.Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasında Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının, İctimai Elmlər üzrə Əlaqələndirmə Şurasının, Elmlər Akademiyasının yeni nizamnamə layihəsinin hazırlanması və strukturunun təkmilləşdirilməsi üzrə Komissiyanın və digər bir çox komissiyaların fəal üzvü olmuş, gərgin və səmərəli fəaliyyəti, yüksək elmi-təşkilatçılıq qabiliyyəti ilə seçilmişdir.


Afad Qurbanovun Azərbaycan Milli Elmlər Akademiyasının Adlar və soyadlar üzrə xüsusi komissiyasının üzvü kimi azərbaycanlı adlar və soyadların seçilməsində vahid qaydanın müəyyən olunması sahəsində fəaliyyəti xüsusi qeyd edilməlidir. A.Qurbanovun irəli sürdüyü «Azərbaycanlı soyadları haqqında» əsaslandırılmış təklifi əsas konsepsiya kimi qəbul olunmuş və bununla A.Qurbanov öz xalqının milli varlığını qoruyaraq azərbaycanlı soyadlarını düzəldən vahid formantı (-lı, -li, -lu, -lü) müəyyən etmişdir. Eyni zamanda, A.Qurbanov azərbaycanlı adlarını özündə ehtiva edən, şəxsi adlar nəzəriyyəsini əks etdirən və adseçmə (advermə) ənənəsini müəyyən edən «Azərbaycanlı şəxs adları Ensiklopediyası»nı hazırlayaraq nəşr etdirmişdir.


Eyni zamanda, A.Qurbanov 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin üzvü, Türk onomastikası bölməsi bürosunun üzvü, Tədris-metodiki bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmış və elmi təşkilatçılığını bütün sovet məkanında göstərmişdir.


Bundan başqa, Afad Qurbanov 1985-ci ildə Aşqabadda keçirilmiş IV Ümumittifaq Türkoloji Konfransda, 1986-cı ildə Daşkənddə keçirilmiş XXIX Beynəlxalq Altayşünaslıq Konfransında, 1988-ci ildə Moskvada keçirilmiş Xalq Təhsili İşçilərininin Ümumittifaq Qurultayında, 1990-cı ildə İstanbulda keçirilmiş Azərbaycan Cəmiyyətlərinin I Qurultayında, Türkiyənin Qeysəriyyə şəhərində keçirilmiş I Millətlərarası Böyük Azərbaycan Konqresində, 1991-ci ildə Türkiyənin Adana şəhərində təşkil olunmuş II Uluslararası Simpoziumda və başqa beynəlxalq məclislərdə məruzələr oxumuş, elmi ictimaiyyətimizi yüksək səviyyədə təmsil etmişdir.