Afad (Alıfuad) Məhəmməd oğlu Qurbanovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri (1929-2009)

Görkəmli dilçi-alim, türkoloq və ictimai xadim, beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun şərəfli üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi təşkilatlarının həqiqi və ya fəxri üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor


10.01.1929Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olmuşdur
1935-1945
Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq və İlməzli orta məktəblərində ibtidai və orta təhsil almışdır
1945-1946Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndinin yeddiillik orta məktəbində direktor və Azərbaycan dili müəllimi işləmişdir
1946İkinci Dünya Müharibəsinin veteranı medalı ilə təltif olunmuşdur (arxa cəbhədə görülmüş fədakar əməyə görə)
1946-1947Gürcüstan SSR Tbilisi Müəllimlər İnstitutunu bitirmişdir
1947Gürcüstan SSR Oruzman səkkizillik məktəbinin direktoru işləmişdir
1948-1951V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir
1951-1955Gürcüstan SSR Dmanisi rayonunun Hamamlı orta məktəbinin direktoru olmuşdur
1955-1956
Gürcüstan SSR A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda müəllim işləmişdir
1956-1959Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının aspirantı və müəllimi olmuşdur
1957-1960Azərbaycan Pedaqoji Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında və Bakı Ali Partiya Məktəbində müəllim işləmişdir
1962, 1968«S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi, «Müasir Azərbaycan ədəbi dili» mövzusunda isə dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür
1965, 1970Ali Attestasiya Komissiyası tərəfindən dosent və professor elmi adları verilmişdir
1967-1981Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekan müavini (bir il), sonradan dekanı işləmişdir
1969-2009Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Tədris-Metodiki Şurasının və Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şurasının sədr müavini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının, sonradan isə həmin Nazirliyin Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin üzvü olmuşdur
1979-2009

Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir

1979-2009«Azərbaycan toponimlər lügəti» ensiklopedik nəşri, «Dil və ədəbiyyat» məcmuəsi, «Elm və həyat» jurnalı, «Təhsil» jurnalı, «Türkologiya» jurnalının redaksiya heyətinin üzvü və «Onomastika» elmi jurnalının təsisçisi, baş redaktoru olmuşdur
1980-2009Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komitəsinin, İctimai Elmlər üzrə Əlaqələndirmə Şurasının, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması üzrə Komissiyanın, Dilçilik İnstitutunun Elmi və Müdafiə Şuralarının, EA-nın nizamnamə layihəsinin hazırlanması və strukturunun təkmilləşdirilməsi üzrə və digər komissiyaların üzvü olmuşdur
1981-1989Azərbaycan Pedaqoji İnstitutunun rektoru vəzifəsində işləmişdir
1981-1989

Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olmuşdur

1981, 1987Bakı şəhər Sovetinin deputatı seçilmişdir
1983

Azərbaycan SSR Elmlər Akademiyasının üzvü seçilmişdir

1983

Azərbaycan SSR «Bilik» Cəmiyyətinin Natiqlik və mühazirəçilik məharəti komissiyasının sədri olmuşdur

1983-1989

Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü işləmişdir

1984-1989

SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, həmin Komitənin sədr müavini vəzifələrində çalışmışdır

1987

ABŞ-ın İndiana Universitetində keçirilən Türk Tədqiqatları üzrə İkinci Beynəlxalq Konfransda «Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar» adlı məruzəsi dinlənilmişdir

1989

Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi Beynəlxalq Altayşünas Konfransının 32-ci iclasında «Kutianlar və onların şəxsi adları» adlı məruzəsi dinlənilmişdir

1990
Azərbaycan Əlifba Komissiyasının sədri olmuşdur
1990-1995Azərbaycan Respublikası Parlamentinin deputatı (millət vəkili) seçilmişdir
1992-2009Azərbaycan Dilinin Onomalogiyası Problemləri Laboratoriyasının müdiri olmuşdur
1992-2000Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir


Afad Qurbanov 1970-ci ildən Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə görə həm ölkə başçısı, həm də Ali Sovetin Rəyasət Heyəti, Elmlər Akademiyasının Rəyasət Heyəti (1981, 1994, 1999...) və Təhsil Nazirliyi (1970, 1971, 1973, 1979, 1980...) tərəfindən dəfələrlə müxtəlif təltiflərə (fəxri fərman, medal, orden) layiq görülmüşdür.


A.Qurbanovun əsərləri Asiya və Avropanın bir çox ölkəsində yayılmışdır. Onun kitabları İranın Məşhəd şəhərindəki İmam Rzanın məşhur elmi kitabxanasında özünə yer almışdır. ABŞ, Türkiyə, Almaniya, Macarıstan, Yunanıstan, Finlandiya, Rusiya və başqa yerlərdə onun əsərləri kitabxanalarda mövcuddur. Həmin kitablar müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticəsidir. Belə əsərlər ancaq elmin bu gününü və gələcəyini düşünən alim narahatlığının məhsulu kimi ərsəyə gəlir.